O, bu gündən etibarən Müşahidə Şurasının rəhbəri kimi işə başlayıb; ekspertlər E.Əliyevin rəhbər gətirilməsini ciddi uğur adlandırırlar
Azərbaycanın tanınmış və peşəkar bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən, oktyabrın 27-dən etibarən “Bank Technique”nin Müşahidə Şurasının sədri seçilib. Artıq E.Əliyev bankın mərkəzi ofisində iş başındadır.
Əldə etdiyimiz məlumata görə, E.Əliyev oktyabrın 27-də Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedib.
Xatırladaq ki, E.Əliyev uzun illər “Texnikabank”ın (əvvəlki adı beli olub-red.) Müşahidə Şurasının sədri olub. Bankın qurulmasında və inkişafında böyük xidmətləri olub.
Ekspertlər E.Əliyevi peşəkar bankçı kimi qiymətləndirir və onun yenidən işinin başına dönməsini iqtisadiyyatda, bank sektorunda ciddi hadisə adlandırırlar. Adının çəkilməsini istəməyən ekspert bu hadisəni saytımıza şərh edərək bildirib ki, bu həm haqq-ədalətin bərpası kimi, həm də iş sektorunun, biznes mühitinin uğuru kimi qiymətləndirilə bilər. Ekspert həmçinin, belə bir mesaj da verib: "İş adamlarının gözləri aydın!".
Qeyd edək ki, E.Əliyev 2012-ci ilin mart ayında vəzifəsindən çıxarılmışdı. Ondan sonra “Texnikabank”ın adı dəyişdirilərək, “Bank Technique” olmuşdu. Bu Bank Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Qısa müddətdən sonra “Bank Technique” çökdürüldü. Hazırda bank müflis vəziyyətdədir. Ekspertlər onu da bildirirlər ki, E.Əliyev yaxın müddətdə “Bank Technique”nin həm köhnə nüfuzunu geri qaytara biləcək, həm gücləndirəcək, həm də batmaqda olan bankı yenidən dirçəldəcək.
Cia.az
