Azərbaycanda sahibkarların ciddi şəkildə sıxışdırılması, müxtəlif dövlət qurumları tərəfindən onlardan qeyri-qanuni, şişirdilmiş haqların toplanması barədə dəfələrlə məlumatlar vermişik. Bir çox sahibkarların qarşılaşdıqları problemlər tez-tez mətbuat vasitəsi ilə gündəmə gətirilib. Rayonlarda, paytaxt Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yerli məmurlar tərəfindən incidilməsi, Vergilər Nazirliyi tərəfindən tez-tez vergi yoxlamalarına məruz qalmaları, İqtisadi İnkişaf Nazirliyi tərəfindən süni problemlərin yaradılması daim sahibkarların fəaliyyətinə mane olub.
Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılması ilə sahibkarların qarşılaşdıqları problemlər, şərlənən, həbs edilən, şantaj edilən sahibkarlarla bağlı məlumatlar gündəmə gəlməyə başladı. Milli təhlükəsizlik nazirinin vəzifədən uzaqlaşdırılması ilə bir neçə yüksək rütbəli şəxs məhz sahibkarların sıxışdırılması, onlardan rüşvət tələb edilməsi faktlarına görə həbs edildi və ya vəzifədən uzaqlaşdırıldı. Prezidentin bu qərarı sahibkarların müdafiə edilməsi kimi qiymətləndirildi.
Sahibkarlığın inkişafına növbəti dəstək Prezident İlham Əliyevin imzaladığı fərmanla gəldi. İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzaladı.
Preizdentin fərmanından sonra Vergilər Nazirliyi bəzi sahibkar subyektlərində yoxlamalar aparmayacağını elan etdi.
Prezident İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxışı zamanı bir daha sahibkarların qarşılaşdıqları problemlərə diqqət çəkdi. Prezident bildirdi ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir, onların işinə müdaxilələr olunur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb edilir. Prezident bunlara artıq son qoyulduğunu və bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirlərinin davam etdiriləcəyini qeyd etdi.
Son günlər paytaxt Bakıda şəhərin əksər mərkəzi küçələrində olan mağazaların bağlanması haqda da məlumat vermişdik. Bəzi sahibkarlar manatın devalvasiyası ilə bazardan çəkildilərsə, əksər sahibkarlar da onlara qarşı təzyiqlərdən cana bezərək, mağazalarını bağlamaq məcburiyyətində qaldılar.
Bəs bundan sonra sahibkarların taleyi necə olacaq?
Ekspertlərin fikrincə, ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. İqtisadçı eksper Vüqar Bayramov sahibkarlığın inkişafına dəstək məqsədi ilə atılan addımlara münasibət bildirərkən qeyd edir: "Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və birbaşa məmur-sahibkar ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu, artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makroiqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər".
Ekspert deyir ki, bu addımların real nəticəsini qərarlar icra edildiyi gündən müşahidə etməyə başlayacağıq.
Musavat.com olaraq prezidentin sahibkarlara dəstək məqsədi ilə atdığı addımlara həm sahibkarların münasibətini, həm də bir neçə gündür ki, verilən qərarların hansı nəticələri ortaya çıxardığını öyrənməyə çalışdıq.
Əvvəlcə yolumuzu yüzdən çox sahibkarın çalışdığı “Diqlas” Ticarət Mərkəzindən saldıq. Bir neçə sahibkarla söhbət etdik.
Artıq 10 ilə yaxındır ki, kişi geyimlərinin satışı ilə məşğul olan Rasim Qarayev sahibkarlarla bağlı verilən qərarlardan xəbərdar olduğunu və yaxın günlərdə onları sevindirəcək addımların atılacağını gözlədiklərini dedi: “Hər kəs bilir ki, Azərbaycanda sahibkarlıqla məşğul olmaq asan deyil. Gərək haradasa adamın olsun. Yoxsa, rahat işləməyə imkan vermirlər. Heç gözləmədiyin, ağlına belə gətirmədiyin yollarla səni incidə bilərlər. İşləmək üçün ya adamın olmalıdır, ya da ki, istənilən pulu verməlisən”.
R.Qarayev deyir ki, xarici ölkələrdən, əsasən də Türkiyədən mal gətirir. Həm gömrükdə rüsumun çox olması, həm də vergi xərcləri onları məcbur edir ki, malları baha qiymətə satsınlar: “Gətirdiyimiz malı indi satdığımız qiymətdən ucuz sata bilərik. Ancaq baha satmağa məcburuq. Xərcləri və öz dolanışığımızı ancaq qarşılayırıq. Ümid edirik ki, sahibkarlara dəstək məqsədi ilə atılan addımların həm bizə, həm də vətəndaşlara böyük faydası olacaq”.
Elektrik mallarının, istilik sistemlərinin satışı ilə məşğul olan Eldar Ələsgərov da söhbətimizin əvvəlində qarşılaşdıqları çətinliklərdən danışdı: “Bizim illərdir ki, demək istədiklərimiz son günlər üzə çıxdı. İncidilən sahibkarların başına gələnləri mətbuatdan oxuduq. Böyük biznesi olanların başına nə oyunlar açıblar, gördük. Elə kiçik sahibkarlar da incidilir. Bəlkə bundan sonra işləmək bizim üçün daha asan olar. Prezidentin tapşırıqları yəqin ki, bizi incidən məmurların qəlbinə insaf gətirəcək. Hələ ki, dəyişiklik görməmişik. Ümid edirik ki, icarə haqlarında azalma olar, xaricdən gətirdiyimiz mallara görə az rüsum tələb edərlər. Əlavə xərclərdən xilas olarıq”.
“Xalqlar dostluğu” Ticarət Mərkəzində olarkən də bir neçə sahibkarla söhbət edə bildik. Burada da sahibkarların qarşılaşdıqları çətinliklər bir-birinin oxşarıdır.
Kişi geyimlərinin satışı ilə məşğul olan İman Əliyev deyir ki, manatın devalvasiyasından sonra bazarda əksər sahibkarın vəziyyəti çətinləşib. Bu müddət ərzində gəlirlərində müsbətə doğru dəyişiklik olan heç kim yoxdur: “Mənim qarşılaşdığımız çətinlikləri saymağıma gərək yoxdur. Məncə bunu hamı bilir. Bizdən alınan qanunsuz haqlar, əlavə rüsumlar və başqa məsələlər… Biz bilirik, başqaları bilmir? Çox böyük ümidlə prezidentin bu addımlarının müsbət nəticə verəcəyini gözləyirik. Minə dözən, min birə də dözər. Qərar verilib, gözləyək, görək nəticəsi necə olacaq...”
Ticarət mərkəzində olarkən öyrəndik ki, son günlər bazarda icarə haqqının artırılacağı ilə bağlı söz-söhbət gəzirmiş. İcarə haqqının ayın sonunda qaldırılacağı deyilirdi. Lakin son hadisələrdən sonra icarə haqqının qaldırılması məsələsi gündəmdən çıxıb.
Göründüyü kimi, hər kəs ölkə başçısı tərəfindən verilən qərarların necə icra olunacağını gözləyir. Sahibkarlar onlar üçün yeni imkanların yaranacağına ümid edirlər...
Cia.az
