|
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.   Sərəncamda qeyd edilir: "Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin azərbaycançılıq məfkurəsinə sədaqət və tarixi-mədəni dəyərlərə ehtiram aşılayan, istiqlal ideyaları ilə zəngin yaradıcılığı milli ədəbi fikir xəzinəsinə qiymətli töhfə təşkil edir.    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərara alıram:   Azərbaycan Respublikasının Nazirlər Kabineti:   1. Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;   2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Cia.az