|
Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi yad edilib

Bir neçə gün əvvəl dünyasını dəyişən əməkdar artist Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib. 
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Abildirib ki, dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.
F.Mahmudova tamaşa ilə bağlı təəssüratlarını bölüşüb:
“Tamaşamızın budəfəki nümayişini sənət dostumuz Gülnar Salmanovanın xatirəsinə həsr etdik. Bu barədə tamaşadan əvvəl elan olundu. Bu bizi daha da yaxşı, daha da ilhamla oynamağa sövq etdi. Tamaşa boyu elə bilirdik ki, uzun illər səhnəni bölüşdüyümüz aktrisamızın ruhu da bizimlə burda – bu səhnədə, bu zaldadır”.
“Ölüm haqdır, hamımız bu dünyadan bir gün köçüb gedəcəyik. Amma gələcək nəsillərə bizdən yadigar yaradıcılığımız qalacaq. Allah dünyasını dəyişmiş bütün sənətkarlarımıza rəhmət eləsin. Gülnar xanımın əziz xatirəsi daima qəlbimizdə yaşayacaq” deyə, Möylə Mirzəliyev söyləyib.

Cia.az