Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Cavid Əkbərov bildirib ki, hadisə baş verən ərazidəki "Kiosk"da satıcı işləyib. O bildirib ki, qətl hadisəsini görməyib: "Mən bircə onu gördüm ki, Həsən əlini sinəsinə tutub ufuldadı, sonra yıxıldı. Bir nəfər də ona tərəf qaçdı".
Şahid bildirib ki, Həsənin gəzdirdiyi itlərdən böyüyünün ağızlığı olub, kiçik itin isə yox.
Təqsirləndirilənin vəkili vəsatət verərək ekspertiza zamanı rəy verən şəxslərin məhkəməyə çağırılaraq dindirilməsini istəyib. Vəsatətin baxılması təxirə salınıb.
Digər şahid Mənsurə Rəsulzadə bildirib ki, ixtisasca həkimdir: Mən ordan keçəndə gördüm, yaxınlaşdım. Gördüm hamı tamaşa edir, heç kim kömək etmirdi. Təcili tibbi yardımın vəkilləri də kənarda oturub yaxınlaşmırdılar. Onları məcbur etdim ki, eletroşok versinlər. Ona vaxtında tibbi müdaxilə edilsəydi, xilas etmək olardı. Çünki mən baxanda bədəni isti idi. O bıçaq yarasından ölə bilməzdi, vurulanda yıxılıb ənsəsi yerə bərk dəyib. Onda epilepsiya keçirib, dili qatlanıb. Həsən mənimlə eyni məhlədə qalır, hadisə vaxtı yarasına baxdığım üçün üzünü görməmişəm. Ona görə tanımadım. Həsən həkimlərin günahı ucbatından ölüb".
Hakim bildirib ki, ekspertiza rəyinə görə bıçaq zərbəsi sağ tərəfdən dəyib və ürək istiqamətində bədənə girib. Ürəyə daxil olan və çıxan damarları kəsib. Daxili qanaxma və qan itirilməsindən dünyasını dəyişib.
Məhkəmədə qeyd edilib ki, təcili tibbi yardım həkimlərinin məsuliyyətsizliyi və laqeydliyinə görə baş həkim vəzifəsindən azad olunub.
Hadisə zamanı Elçin Çobanovun həyat yoldaşı ilə birlikdə olan tələbə yoldaşları qızlar məhkəməyə dəvət olunsalar da, prosesə qatılmayıblar. Çobanovun həyat yoldaşı bildirib ki, onlara ataları məhkəməyə gəlməyə icazə vermir. Hakim bildirib ki, həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.
Məhkəmə iclası oktyabrın 28-na kimi təxirə salınıb.
Qeyd edək ki, bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində
ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra, o, həyat yoldaşı ilə birlikdə hadisə
yerini tərk edib.
Cia.az
