|
Abbas Abbasovun “əfv” məktubu...
Ötən həftə Rusiya Federasiyası Dağıstan  Respublikasının rəhbəri Ramazan Abdulatipovun Azərbaycana gəlişi və onun prezident İlham Əliyev tərəfindən qəbulu müəyyən müzakirələrə yol açıb.
Görüşlə bağlı rəsmi xəbərdə bildirilirdi ki, prezidentlər arasındakı görüşdə ölkəmizlə Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən prezident bildirib ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir. Ramazan Abdulatipovu və bütün dağıstanlıları Dərbənd şəhərinin iki min illik yubileyinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən dövlət başçısı bunun region üçün çox böyük hadisə olduğunu deyib. 
 
İlham Əliyev Əziz Əliyevə Dağıstanda abidə ucaldılmasına dair qəbul edilən qərara görə Ramazan Abdulatipova minnətdarlığını bildirib. Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iyunda ölkəmizə səfəri zamanı da bunu bir daha təsdiqlədiyini diqqətə çatdırıb...
 
Dağıstan rəhbəri Azərbaycana qeyri-rəsmi səfər etdiyini deyib: “Səfərimin məqsədi müalicə almaqdır. Naftalan şəhərində müalicə olunacağam. Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Park kompleksində oldum. Çox möhtəşəm mərkəzdir. Mən Heydər Əliyevi həmişə özümə müəllim hesab etmişəm”.
 
Elə R.Abdulatipovun Azərbaycana işgüzar səfərə deyil, qeyri-rəsmi şəkildə, konkretləşdirsək, müalicə məqsədilə gəldiyini deməsi bir sıra fərqli proqnozlara və yoğumlara stimul verib. Xatırladaq ki, R.Abdulatipov da 2013-cü il prezident seçkilərindən öncə yaradılan “Milyarderlər klubu”nun üzvlərindən idi. Sonradan o, Dağıstan rəhbərliyinə göndərildi və klubun aktiv üzvləri siyahısından çıxdı. Lakin Abdulatipovun Azərbaycan baş nazirinin sabiq birinci müavini, “Milyarderlər ittifaqı”nın aparıcı üzvü Abbas Abbasovla çox yaxın münasibətdə olduğu bəllidir. Bu mənada A.Abbasovun aylardır həbsdə saxlanılan qardaşı Nadir Abbasovun məhz bu ərəfədə, Abdualtipovun Azərbaycan prezidenti ilə görüşünün səhəri günü azadlığa buraxılması diqqət çəkir. 10 milyon manat borca görə həbsdə saxlanılan N.Abbasovun məhv həmin günü borcu ödədiyi elə də inandırıcı görünmür. Hesab olunur ki, onun azadlığında Dağıstan rəhbərinin prezidentdən xahişi həlledici rol oynayıb. Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
 
Bu arada başqa bir məlumat da yayılıb. Məlumata görə, A.Abbasov bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə tövbə məktubu yazaraq bağışlanmasını xahiş edib. “Məlumata görə, A.Abbasov dövlət başçısını əmin edib ki, bundan sonra o heç vaxt və heç bir halda ictimai və siyasi fəaliyyətlə məşğul olmayacaq, ələlxüsus da Azərbaycan əleyhinə yönəlik siyasi oyunlara qoşulmayacaq”-xəbərdə bildirilir. Hətta R.Abdulatipovun səfəri zamanı əfv məktubunun da müzakirə mövzusu olması istisna olunmur. Lakin məlumata görə, Azərbaycan prezidenti hələlik əfv məktubunun üstünü yazmağa tələsmir. 

Məsələ ilə bağlı A.Abbasovun deputat oğlu Aydın Abbasovun rəyini öyrənə bilməsək də, ekspertlər situasiyanı kifayət qədər maraqlı formada şərh etdilər. 
 
Politoloq Qabil Hüseynlli  güman etmir ki, görüş təkcə Abbas Abbasobvun qardaşının azad olunması ilə bağlı olub: “Bildiyimə görə, Abbas Abbasovun qardaşının həbsi kredit borcları ilə əlaqədar idi. Yəqin o borcları da qaytarılıb və həbsdən azad olunub. Əlbəttə, burada xahiş məqamı da ola bilər. Ola bilsin ki, Abdulatipov ”həm ziyarət, həm ticarət" məqsədilə gəlib. Yəni həm Abbas Abbasovun qardaşının azadlığını xahiş edib, həm də müalicə almaq üçün gəlib. Deyilənə görə, onda güclü revatizm xəstəliyi var, artıq ayaqlarında ciddi problemlər yaranıb. Bu səbəbdən də Naftalanda vanna qəbul etməyi həkimlər ona məsləhət görüb". Q.Hüseynli Dağıstan rəhbərinin A.Abbasovun əfv olunması xahişini etməsini də mümkün saydı: “Bu, mümkün məsələdir. Abbas Abbasov tövbə edib prezidentin bayrağının altına keçəcəksə, o halda prezidentin onun əfvini qəbul edəcəyi ehtimalı, məncə, zəif deyil. Çünki Abbas Abbasov da bölgənin ağsaqqalıdır və onun hakimiyyətlə münasibətləri qaydaya düşərsə, ölkə bundan xeyir görər, nəinki ziyan. Əgər onun qardaşı həbsdən buraxılıbsa, münasibətlərin bərpası istiqamətində addımlar atıla bilər. Onun prezidentlə münasibətləri qaydaya düşərsə, onda  Abbas Abbasov hətta gəlib ölkəyə yatırım qoya bilər. Ən azından onun ölkəyə gəlib-getməsinə ”yaşıl işıq" yandırılması ümumi işin faydasına olar". Q.Hüseynli Abdullatibovu Putinin yanındakı mühüm fiqurlardan biri saymaqla yanaşı, onu “ciddi körpü” adlandırdı: “Abdulatipovla Abbas Abbasov arasında sıx əlaqələr var. Onların hətta Dərbənddə birgə sərmayə yatırmaq istiqamətində çalışmaları davam etdirdiyi barədə məlumatlar var. Bu səbəbdən onları aralarında formalaşmış işgüzar əlaqələr birləşdirir. Bu mənada Abdulatipov Abbasovla bağlı məsələnin nizama salınmasında əhəmiyyətli rol oynaya bilər. Ümumilikdə, Abbas  Abbasovun Azərbaycanda olması hakimiyyətə də, millətə də, dövlətə də xeyirlidir”. 

Politoloq Elxan Şahinoğlu isə xatırlatdı ki, prezident Əliyevlə Dağıstan prezidentinin görüşündə Azərbaycanla Dağıstan arasında iqtisadi əlaqələrdən danışılıb: “Məsələ burasındadır ki, Ramazan Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir. Rəsmi Bakı isə verdiyi vədlərə baxmayaraq, Dağıstana böyük investisiya layihələri həyata keçirməyə tələsmir. Bunun obyektiv səbəbləri var. Birincisi, Dağıstan Rusiyanın ən korrupsiyalaşmış regionudur, burada iqtisadi layihə həyata keçirmək çətindir. İkincisi, Dağıstan həm də Rusiyanın ən təhlükəli regionudur, terrorçuların fəallığı hiss olunur. Ona görə də rəsmi Bakı Dağıstanla iqtisadi əlaqələri, birgə layihələri reallaşdırmağa tələsmir. Bunun əvəzinə rəsmi Bakı Dərbənd şəhərinin inkişafına və təmirinə müəyyən qədər maliyyə xərcləyir. Dərbənd qədim Azərbaycan şəhəridir və əhalinin əksər hissəsi azərbaycanlılardır. Ona görə də Heydər Əliyev Fondu vasitəsilə Dərbəddə humanitar layihələr reallaşdırılır”.

E.Şahinoğlunun fikrincə, rəsmi Bakı Abdulatipovdan həm də onun Abbas Abbasovla əlaqəsinə görə ehtiyat edir: “Moskvada yaradılan azərbaycanlı ”Milyarderlər klubu"na Ramazan Abdualtipovun necə və niyə daxil olması bu günə qədər qaranlıq qalır. Aydın idi ki, Rusiyanın hakim dairələrindəki “gözəgörünməz qüvvələr” Azərbaycan hakimiyyətinə qarşı ssenarilərdə Abbas Abbasova Ramazan Abdulatipovu da qoşublar. Ancaq Azərbaycanda prezident seçkisi öncəsi Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və İlham Əliyevlə görüşdü. Bundan sonra Moskvada hakimiyyətə qarşı hazırlanan bu plana “stop” deyildi. Bu baxımdan Abbas Abbasov Azərbaycan hakimiyyəti üçün əvvəlki kimi təhlükəli fiqur statusunu itirib. Ona görə də onun qardaşını uzun müddət həbsdə saxlaması lazım bilinmədi. Ancaq bu o demək deyil ki, rəsmi Bakı Abbas Abbasovu bağışlayıb. Bağışlasaydı, oğlu millət vəkilliyinə namizədliyini irəli sürərdi".
Cia.az