|
Aşura günündə 5136 nəfər qan verib

Mərkəzi Qan Bankının direktoru: “Bankdan alınan qanlar pulsuzdur”; Adil Qeybulla: “Könüllü verilən qan satıla bilməz...”

Aşura günü ilə əlaqədar olaraq keçirilən qan vermə aksiyasında bu il də xeyli insan könüllü şəkildə qan verib. Hər kəsə məlumdur ki, toplanan qanlar yoxlanıldıqdan sonra xəstəxanalara göndərilir. Bəzən vətəndaşlarımız ehtiyacı olan yaxınlarına qanı pulla aldıqlarını bildirir və bu vəziyyətdən narazı olduqlarını vurğulayırlar. Axı könüllü surətdə təmənnasız qan verən insanın qanı xəstəyə necə pulla satıla bilər? 

Ümumiyyətlə, Aşura günündə nə qədər qan toplandığını, hansı kategoriyadan olan xəstələrə qanın pulsuz verildiyini öyrənmək üçün Səhiyyə Nazirliyinin Hematologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı ilə əlaqə saxladıq. 
 
Bankın müdiri Pərvanə Hacıyeva Aşura günündə 5136 nəfərin qan verdiyini dedi: “Bu qanların Bakı şəhərində 8 məsciddə, bir də Mərkəzi Qan Bankının binasında, rayonlarda isə 6 məsciddə və 2 mərkəzi qan bankının regional bölmələrində toplanıb. 3549 ədəd qan paketi Bakıda, bizim Mərkəzi Qan Bankındadır. 1587-si isə Qan Bankının regional bölmələrindədir. Hər regional bölməyə bir az qan düşür. Məsələn, hazırda Sumqayıt şəhərində 249 vahid, Mingəçevir şəhərində 238 vahid, Şəki şəhərində 62 vahid, Gəncə şəhərində 320 vahid, Bərdə 222 vahid, Lənkəranda 357 vahid, Şirvan və Quba regional qan banklarımızda isə 107 və 32 vahid qan var. Hazırda qanlar yoxlanılır. Bu günədək 60 insanın qanında infeksiya aşkarlanıb. Amma yoxlama davam edir. Hələ ki qanların demək olar, 40 faizi yoxlanılıb. Artıq yoxlanılmış qanlar xəstəxanalara buraxılır. Bu gün Talessemiya Mərkəzinə 250-300 vahid qan buraxılacaq”.
 
 
Qanın litrinin qiymətinə gəlincə, P.Hacıyeva Mərkəzi Qan Bankında qanın pulsuz olduğunu bildirdi:“Mərkəzi Qan Bankının sertifikatları ilə olan qanların hamısı pulsuzdur. Ancaq Bakı şəhərində pullu xidmətləri olan xəstəxanalar da var. Məsələn, Mərkəzi Klinik Xəstəxanada, Dövlət Gömrük Hospitalı, Tibb Universitetinin Tədris Terapevtik klinikasında, Neftçilər xəstəxanasında qan pulludur. Bəzən insanlar yanlış anlayırlar və deyirlər ki, qanı pulla aldım. Ona görə də insanlar bilməlidir ki, Mərkəzi Qan Bankından alınan qanların hamısı pulsuzdur. Vətəndaşlar qan üçün çalışsınlar ki, başqa yerlərə, yəni pullu xidməti olan xəstəxanalara  müraciət etməsinlər. Əgər xəstə dövlət xəstəxanasında yatırsa, Mərkəzi Qan Bankı ona təmənnasız, pulsuz qan verir. Nəyə görə gedib Mərkəzi Klinik Xəstəxanadan pulla almalıdır. Ona görə də belə insanları maarifləndirmək lazımdır. Mənfi rezuslu qan qrupları az olur. Ancaq ona tələbat da az olur. Ona görə də qruplar bir-birini ödəyə bilir. İnsanlarda tez-tez rast gəlinən qan qrupları müsbət rezuslu 1-ci, 2-ci qan qruplarıdır. Bunun tələbatı da çoxdur və bu tələbat ödənilir”.
 
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, qanuna görə, qan pulsuz verilməlidir:“Azərbaycanda qan bankı var və orada da kifayət qədər qan olur. Dövlət xəstəxanalarına qan birbaşa pulsuz verilir. Ümumiyyətlə, qanla bağlı məsələlər tamamilə qanunla təsbit olunub və onun istifadəsi pulsuz olmalıdır. Çünki qanı verənlər bunu pulsuz, könüllü verirlər. Qan satıla bilməz”.
Cia.az