Oktyabrın 26-dan 30-dək Tbilisidə "Rus klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının yubiley şənlikləri və Rus Teatrlarının Ümumdünya Konqresi keçiriləcək.
Tədbirə müxtəlif ölkələrdə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri iştirak edəcək.
Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına dəyirmi masalar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.
Azərbaycandan bu konqresdə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissor Aleksandr Şarovski iştirak edəcək.
Teatrdan bildirilib ki, bu səfər son 5 il ərzində Səməd Vurğun adına Rus Dram Teatrının Qriboyedov adına Tbilisi Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradəlan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır.
Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubu oxuyacaq.
Cia.az
