|
Vağzaldakı müəmmalı ölüm yenidən araşdırılacaq
Bakı Şəhər Prokurorluğu Nəsimi rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevin Mövsüm Kazımovun ölüm işi   üzrə qəbul etdiyi qərarı ləğv edib. İş yenidən araşdırılması üçün istintaqa qaytarılıb. Yaxın günlərdə M.Kazımovun meyitinin ekshumasiya olunaraq təkrar məhkəmə tibbi ekspertizanın keçiriləcəyi də gözlənilir. 
Bu haqda redaksiyamıza mərhumun həyat yoldaşı Lumu Kazımova məlumat verib. Deyib ki, yoldaşının ölüm işi Baş Prokurorluqda nəzarətə götürülüb və işin araşdırlması  müstəntiq Ramin Qocayevə həvalə olunub. 
“28 fevral 2015-ci ildə həyat yoldaşım Mövsüm Kazımov Bakı Dəmir Yolu vağzalında yerləşən ”Ləman" kafesində öldürülüb. Bundan sonra onun ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda çox səthi araşdırma aparıldı və 1 aprel 2015-ci il tarixdə cinayət işinə başlanılması rədd olundu. Bu qərar qeyri-obyektiv olduğuna görə müstəntiq Abıyev bizdən gizlədirdi. Baş Prokurorluğun müraciətlərimdən sonra qərarı mənə verdilər. Həyat yoldaşımın ölümünün səbəbkarı Eldar Əli Əşrəf oğlu Rəhimovdur. O, həyat yoldaşıma ticarət quracağını demişdi. Bu məqsədlə bizə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Musatafayev küçəsi 17 “a” ünvanında yerləşən 46 saylı, 3 otaqdan ibarət olan mənzili girov qoydu, mənzili Elçin Zamanovun adına keçirdi. 
 
Elçin Zamanovdan 30 min manat faizlə pul götürüb. Eldar Rəhimov yoldaşıma söz vermişdi ki, pulu 3 ay müddətinə qaytaracaq.
 
Sonradan E.Zamanov həmin mənzili banka girov qoyaraq pul götürüb və mənzili bankın iştirakı ilə satıb. Nəticədə mən və həyat yoldaşım yeganə yaşayış sahəmizdən məhrum olduq. Həyat yoldaşım haqqa nail olmaqdan ötrü dəfələrlə qeyd olunan şəxslərlə əlaqə saxlamışdı. Eldar Rəhimovdan mənzilini qaytarmağı tələb etmişdi. Eldar Rəhimov hər dəfə bizi aldadırdı. Deyirdi ki, Mərdəkan qəsəbəsində Dərya Dadaşov küçəsi 88 ünvanında mülki var. Həmin mülki 450 min manata satıb mənzili geri qaytaracaq. 
 
Lakin bu söhbət də günü-gündən uzanırdı. Artıq onun bu hərəkətlərinə həyat yoldaşım dözə bilmirdi. Sonuncu dəfə də Eldar Rəhimovla yoldaşım “Ləman” kafesində görüşüb ki, bu məsələyə son qoyulsun. Görüşən zaman həyat yoldaşımla Eldar Rəhimovun arasında mübahisə olub. Həmin vaxt baş verənlər mühafizə kamerası tərəfindən çəkilib. Lakin kamera görüntüləri saxtalaşdırılaraq tam variantda işə əlavə olunmayıb. Hər hansı bir araşdırma aparılmadan rədd qərarı qəbul olunmuşdu. 
 
O bizim mənzili saxta alqı-satqı müqaviləsi ilə 82 min 500 manata satıb. Həmin puldan 40 min manatı özünün banka olan borcunun bağlanmasına sərf edib. Qalan pulu Eldar Rəhimova verib".
 
L.Kazımova deyir ki, şikayət etdiyinə görə hər 2 şəxs ona hədə-qorxu gəlməkdən də çəkinmirlər: “Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsində Eldar Rəhimovun dələduzluğu ilə bağlı araşdırma gedir. İşi təhqiqatçı Ruslan Sadıqov araşdırır. Eldarla Elçin mənə zəng edib  hədə-qorxu gəlirlər”. 
Cia.az