|
Münaqişələrin həlli açarları nədən Rusiyanın əlinə keçir?
Postsovet məkanının ardınca, yaxın Şərqdəki münaqişələrdə də açar rolunu Rusiya öz üzərinə götürməyə başlayıb. Rusiyanın Suriya böhranında güclü tərəfə çevrilir və artıq bütün dünya bu məsələdə Moskva ilə razılaşma yollarını axtarır. Artıq dünya mediası və siyasətçiləri Suriya böhranının da həlli açarının məhz Rusiyada olduğunu qeyd edir.  

Politoloq Qabil Hüseynli hesab edir ki, Suriya problemi də daxil bir çox münaqişələrin həlli açarının Rusiyada olması, Rusiyanın siyasətinin, taktikasının düzgün olması ilə bağlı iddialar yanlışdır: “Mən güman etmirəm ki, Rusiyanın uğurlu siyasəti nəticəsində problemlərin açarı bu ölkənin əlinə keçir. Rusiyanın yaxın Şərqdə, Suriyada fəallaşması daha çox Amerikanın yeritdiyi astagəl siyasətin, hətta mən deyərdim bəzi hallarda ABŞ-ın maraqları ilə daban-dabana zidd siyasətinin nəticəsində baş verir. ABŞ İraqdan öz qoşunlarını çıxarmasaydı, regionda nə Rusiya, nə də İŞİD meydan sulaya biləcəkdi. Üstəlik, ABŞ Suriya azadlıq ordusunun yaradılması və formalaşdırılmasında çox zəif formada iştirak etdi və həmişə Türkiyə ilə didişmə şəraitində Suriya azadlıq ordusunun yaradılmasına, təlim keçməsinə zəif dəstək verdi. Özü də bu dəstək qısamüddətli oldu. 
 
Suriya azadlıq ordusunun mübarizə taktikasına Türkiyənin özü də axıra qədər düzgün rəhbərlik edə bilmədi. Amerika və onun müttəfiqləri Suriya cəbhəsindən qoşunlarını geri çəkmələri barədə bəyanat verdilər. Bu azmış kimi Türkiyə sərhədində qurulmuş Petriot tipli raketlərin hamısını söküb apardılar. 
 
Beləliklə, Rusiyanın bölgəyə daxil olması və əl-qol açması üçün şərait yetişdi. Bu və digər amillər Suriya problemində də Rusiyanın söz sahibinə çevrilməsinə gətirib çıxardı. Yəni belə demək mümkündürsə, bir sıra münaqişələrin həlli açarını Rusiyaya ABŞ-ın və müttəfiqlərinin astagəl, yanlış siyasəti vermiş olur. Bu, düzgün taktika deyil. ABŞ və müttəfiqlərinin bax, bu yanlış taktikası Rusiyanın dünyadakı nüfuzunu artırır, Rusiyanı söz sahibinə çevirir. Boş qoyulan meydanı bölgədə Rusiya tutur”.
 
Bununla belə, Q.Hüseynli hesab edir ki, Rusiyanın Yaxın Şərq bataqlığında təkbaşına uğur qazanması asan məsələ deyil: “Bölgədə vəziyyət getdikcə daha da pisləşəcək və Rusiya üçün elə də asan olmayacaq. Artıq ABŞ müdafiə naziri dünəndən bildirir ki, İraqa, Suriyaya quru qoşunları yeridəcəklər. Belə görünür ki, ABŞ nəhayət, bölgəni tərk etmək və Rusiyaya buraxmaq kimi yanlışlığını düzəltmək istəyir. Ona görə də belə söyləmək mümkündür ki, Yaxın Şərqdə məsələlər hələ başa çatmayıb”.
Cia.az