|
Qərb Qarabağ problemini unudub -
Sabah - oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri arasında son birbaşa görüşdən 1 il ötəcək. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə - Yelisey sarayında, Minsk Qrupu həmsədrlərinin iştirakı ilə reallaşan sonuncu görüş də, əfsuslar olsun ki, Qarabağ məsələsində dönüşə gətirmədi. Ümidlər növbəti dəfə dəfn olundu və üstəlik, sülh prosesində ən uzun fasilə başladı.
Belə olacağı əslində təəccüblü deyildi. Ən azı ona görə ki, Paris təmasları ilə eyni gündə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda - Xankəndidə azərbaycanlı (kəlbəcərli) girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesinə start verilmişdi.
Bu - əslində bir mesaj idi ki, işğalçı Ermənistan danışıqlar prosesində irəliləyiş olmasını istəmir - əlbəttə ki, Kremlin dirijor çubuğu və göstərişi ilə.
Beləcə, Güney Qafqazın ən “yaşlı” münaqişəsini dinc vasitələrlə tarixin arxivinə vermək üçün qiymətli daha bir il itirilmiş oldu. Adekvat olaraq bölgədə yeni müharibə riskləri artdı və artmaqda davam edir.
 
*****
Hazırda konflikt ətrafında kifayət qədər mürəkkəb situasiya formalaşıb. Bu situasiyaya ağırlıq verən həm də Ukraynaya, Suriyaya görə gərginləşən Rusiya-ABŞ (Qərb) münasibətləridir. Bir sıra təhlilçilərin qənaətincə, bu münasibətlərdə yaxın perspektiv üçün yəqinlik hasil edilməyincə Qarabağ məsələsini də real həll müstəvisinə keçirmək mümkün olmayacaq.
Bu mənada problem ətrafında durğunluğun hələ bir müddət davam edəcəyi ehtimalı böyükdür. Təbii ki, bunun başqa səbəbləri də yox deyil. Misal üçün, Qərbin - ABŞ və Avropa Birliyinin başının daha çox Suriyaya, İŞİD-ə qarışması. Görünür, bu və digər səbəblərdən Qərbin ekspert dairələrində Qarabağ probleminin Qərb üçün unudulduğu fikri dominant olmağa başlayıb. Belə hesab edilir ki, Qərbin müxtəlif səbəblərdən həm Azərbaycan, həm də Ermənistanla aktiv əməkdaşlığa marağı itməkdə, konfliktin həllində yeganə vasitəçı kimi Rusiya saxlanmaqdadır.
 
*****
Kanadadakı Manitoba Universitetinin Politologiya və geosiyasi tədqiqatlar fakültəsinin professoru Radika Desai hesab edir ki, əvvəllər hər iki respublikaya münasibətdə Qərb standart “güclü rəqiblə qarşılaşanda qonşu ölkələri öz tərəfinə çəkmək” siyasəti yürüdürdüsə, bu gün Qərbin nəinki Ukrayna, həm də Güney Qafqaza yanaşmasında özünəməxsus durğunluq var. “Qərbin, sadəcə, bu iki ölkəyə təklif edəcəyi heç nə yoxdur. Və əgər Rusiya real iqtisadi sektoru daha aktiv şəkildə inkişaf etdirsə, bu ölkələr anlayacaq ki, Rusiya ilə sıx dostluq əlaqələri onlara daha perspektivli gələcək vəd edir” - deyir analitik. 
 
Ekspert Qərbin xarici siyasətindəki durğunluğu iqtisadiyyatdakı durğunluqla izah edir. “Qərbi Avropada iqtisadiyyatın inkişaf etməkdə olan yeganə sektoru - maliyyə sahəsidir ki, bu da çox dar dairənin adamlarına gəlir gətirir. Qərbdə adi insanların maaşı on illərdir artırılmır, istehlak səviyyəsi qalxmır, bazar həddən ziyadə məhduddur. Ona görə də Azərbaycan və Ermənistan kimi ölkələr öz mallarını Qərb bazarlarına ixrac edə, Qərblə iqtisadi təmasları inkişaf etdirə bilmir. Bu zaman da Rusiya Cənubi Qafqaz ölkələri üçün cəzbedici qütb olmaq şansları əldə edir - üstəlik, onların tarixi əlaqələri var” - deyib ekspert.
*****
Britaniyalı tanınmış tarixçi Dominik Liven bu fikirlərlə razı olsa da, onun məsələyə özəl yanaşması var. Onun fikrincə, Böyük Britaniyanın Qafqaza hazırkı münasibəti bu iki respublika üçün önəm kəsb etməməlidir: “Məsələ ondadır ki, Britaniya əvvəlki əsrlərdəki kimi qüdrətli dövlət deyil, onun regiona hər hansı təsir imkanı qalmayıb. Əlbəttə ki, Britaniyanın Qafqaz tarixindəki yeri çox mühümdür, ancaq bu rol artıq Balkanlardakı kimi çoxdan mövcud deyil. Qafqazda olanda məndən Böyük Britaniyanın baxışları haqda soruşdular. Və mən eyni şeyi dedim: 2-ci Dünya müharibəsi zamanlarını daima yada salmaq və İngiltərənin dünyada eyni rolu oynadığını düşünmək olmaz”.
 
Öz növbəsində Almaniya-Rusiya Forumunun elmi direktoru Aleksandr Rar Azərbaycan və Ermənistana diqqətin azalmasının təkcə Qərbdə siyasi resursların çatışmazlığı ilə əlaqəli olmadığını düşünür, həmçinin iki ölkənin apardığı xarici siyasətə bağlayır: “Nə Ermənistan, nə də Azərbaycan ”Şərq tərəfdaşlığı" proqramına Avropa Birliyinin istədiyi kimi lazımi diqqət və maraq göstərmədi. Ona görə də avropalıların maraqlar fokusu yerini AB ilə inteqrasiyanı dərinləşdirməkdə maraqlı olan və Assosiasiya sazişlərini imzalayan Ukrayna və Moldovaya doğru dəyişdi".
 
Politoloqa görə, buna görə Qarabağ münaqişəsinin nizamlanması Avropa maraqlarının ucqarlarına atılıb:“Əlbəttə ki, konfliktin qızışmasının Avropaya dəxli olacaq. Ancaq bu gün Avropanın özündə kəskin və böyük problemlər var: Yunanıstan, qaçqınlar, maliyyə və Ukrayna böhranları hələ ki, aradan qaldırılmayıb. Yekunda belə mənzərə alınır ki, Avropa hər yerdə yanğınsöndürən ola bilməz. Odur ki, ona yalnız Azərbaycanla Ermənistanın öz aralarında razılığa gəlməsinə ümid eləmək qalır”.
 
Bununla belə ekspert hesab edir ki, Cənubi Qafqazla əlaqələrin kəsilməsindən söhbət gedə bilməz. “Avropa Birliyinin nümayəndələri onsuz da daim Bakıya səfər edirlər. Axı Azərbaycan Avropaya Avropa energetik siyasətini reallaşdırmaq üçün lazımdır. Yəni Avropa Qərb siyasi dəyərlərini qəbul eləmək istəməyən ölkələrdə baş verənlərə həmişə tənqidi yanaşacaq. Ola bilsin bu ölkələr öz evlərində hətta heç vaxt Avropanın arzuladığı Qərb demokratik sistemini qurmasın, bununla belə, vəziyyəti dramatikləşdirməyə, əlaqələrin kəsilməsindən danışmağa da dəymir” - qeyd edir politoloq.
 
***** 
 
“Dağlıq Qarabağ konfliktinin həlli üçün getdikcə daha az vaxt qalır”. Bunu isə türkiyəli ekspert Hakan Altınay deyir. Onun sözlərinə görə, məsələdə hansısa qapalı dairə yaranıb və ondan çıxmaq, irəli addım atmaq zamanıdır: “Təəssüf ki, münaqişə iştirakçıları hesab edir ki, zaman onların tərəfindədir. Azərbaycan daha varlı və nüfuzlu ölkəyə çevrilir, odur ki, üstünlüyün onun tərəfində olduğuna əmindir. Ermənistan düşünür ki, işğal altındakı ərazilərə görə zaman ona işləyir. Ancaq tərəflərdən biri hesab edəndə ki, onun vaxtı kifayət qədərdir, o zaman problem çözülə bilməz”.

“Əfsuslar olsun ki, bu qəbildən olan ”dondurulmuş" münaqişələr - gec partlayan bombalardır. Heç kim bilmir ki, Qarabağ bombası nə vaxt partlayacaq. Bu, ən yaxın zamanlarda  da baş verə bilər. Əgər biz bacarıqlıyıqsa, o zaman bu problemləri həll eləməliyik", - deyə ekspert münaqişə tərəflərinə və vasitəçi dövlətlərə səslənib.
Cia.az