Bandanın Azərbaycanda ələ keçməyən üzvlərinin olması ehtimalı böyükdür
Gürcüstanda Rusiyanın iki vətəndaşını girov götürən cinayətkar qrupun üzvləri tutulub. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Tutulanlar Rusiya vətəndaşlarını qanunsuz olaraq azadlıqdan məhrum etmək, tamah məqsədi ilə əvvəlcədən planlaşdırılmış cinayət törətməkdə ittiham olunurlar.
Gürcüstan DİN-in Kvemo Kartli (Borçalı) regional idarəsinin apardığı istintaq-axtarış tədbirləri nəticəsində cinayətkar qrup ölkənin Rustavi şəhərində saxlanılıb: “Qrupa Azərbaycanın iki vətəndaşı - 1976-cı ildə anadan olan Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz X., Gürcüstanın 3 vətəndaşı - 1988-ci ildə anadan olan Vladimir C., 1983-cü ildə anadan olan Vukar K. və 1988-ci il təvəllüdlü Roman Z. daxildir”.
Qrup üzvləri Gürcüstana qohum toyuna gələn Rusiya vətəndaşları, iş adamları Üzeyir S. və Mahir A.-nı oğurlayaraq, bir neçə gün qapalı yerdə saxlayıb, onların azadlığa buraxılmaları qarşılığında pul tələb ediblər.
Yada salaq ki, bu il sentyabrın 28-də “Yeni Müsavat” qəzetində “Azərbaycanda adam oğurlayan banda peyda olub” (http://musavat.com/news/kriminal/azerbaycanda-adam-ogurlayan-banda-peyda-olub_294762.html) sərlövhəli yazı dərc olunub. Həmin yazıda Gürcüstanda adam oğurlayan bandanın Azərbaycana keçməsi, burada bir generalın nəvəsini oğurladığından söhbət açılırdı. Redakisiyamıza daxıl olan məlumatda deyilirdi ki,
Azərbaycan hüquq-mühafizə orqanlarının adam oğurluğu ilə məşğul olan Heydər adlı şəxsi axtarır. Heydərin adam oğurlayan bandanın əsas başçılarından biri olduğu qeyd edilirdi.
Həmin yazıdan sitat: “Heydər və bandanın üzvlərinin bir çoxu Gürcüstan vətəndaşlarıdır. Onlar Bakıda kirayə evlərdə yaşayıblar.Banda Gürcüstanda bir zəngin biznesmenin xanımını oğurlayıb. Belə məlumat var ki, qadının geri qaytarılması üçün yaxınlarından 4 milyon dollar tələb olunur. Məlumatda bildirilir ki, banda üzvlərinin bir çoxu Gürcüstandakı cinayətdən sonra Azərbaycan ərazisinə keçiblər. Oğurladıqları qadının harada saxlanıldığı isə bilinmir. Onu Gürcüstan ərazisindəki gizli ünvanda saxladıqları ehtimal olunur”.
Yazıda bandanın Azərbaycan ərazisində də fəaliyyətdə olduğunu söyləməyə əsas verən xəbər də vardı:“Belə ki Bakıda baş tutan nişan mərasimlərindən birindən bir uşaq oğurlanıb. Həmin uşağın istefada olan bir generalın nəvəsi olduğu bildirilir. Generalın yaxınlarının hüquq-mühafizə orqanlarına şikayət edib-etmədikləri haqda məlumat yoxdur”.
Həmçinin qeyd olunurdu ki, Azərbaycan hüquq-mühafizə orqanları bandanın izinə düşə bilib: “Heydərin Sumqayıtda yaşayan qohumları və əmiləri tutulub. Corat və Pirşağı bağlarında da keçirilən xüsusi əməliyyatlar zamanı bandanın bir neçə üzvü yaxalanıb. Heydər də daxil olmaqla bandanın rəhbərliyində olan bir neçə şəxs qaça bilib. Onların qeyri-leqal yollarla Gürcüstan ərazisinə keçdiyi deyilir. Belə ki Sumqayıtda və bağ massivlərində baş tutan əməliyyatlardan sonra Gürcüstanla həmsərhəd olan Balakən rayonunun ərazisindən banda üzvlərindən biri Gürcüstanda oğurladıqları qadının yaxınları ilə telefonla əlaqə saxlayıb. Telefon danışığının baş tutduğu ərazini müəyyən edən hüquq-mühafizə orqanları dərhal ora yollanıblar. Belə aydın olub ki, banda üzvü Gürcüstana Balakən meşəsindən zəng edib. Tutulan banda üzvlərindən alınan ifadələrdən belə məlum olub ki, onlar oğurladıqları şəxsləri Heydərə təhvil veriblər. Bundan sonrası haqda isə Heydər onlara hər hansı bir məlumat verməyib. Oğurlanmış şəxslərin saxlanıldığı ünvanlar haqda banda üzvlərində məlumat olmayıb. Ən maraqlı məqamlardan biri isə dəstənin rəhbərliyində ”Hacı" adlı şəxsin olmasıdır. Gələn məlumatlara əsasən söyləmək olar ki, oğurlanan şəxslərin yaxınları ilə danışıqlar “Hacı” vasitəsi ilə aparılıb, Heydər isə oğurlanmış şəxslərin saxlanılması ilə məşğul olub".
Gürcüstan DİN-in yaydığı məlumatda adam oğurlayan bandanın digər bir cinayəti haqda məlumat yayması haqda ehtimal var. Gürcüstanda ifşa olunan bandanın Azərbaycanla əlaqələrini təsdiqləyən məlumatlar onu deməyə əsas verir ki, söhbət eyni bandadan gedir. Bu baxımdan bandanın nişan və toy mərasimlərindən gələcək qurbanlarını girov götürməsi də üst-üstə düşən məqamlardandır. Bandanın Azərbaycanda ələ keçməyən üzvlərinin olması ehtimalı böyükdür. Çünki Heydər adlı şəxsin ifşa olunması haqda məlumat yoxdur. Gürcüstan DİN-in yaydığı məlumatda onun adına rast gəlinmir.
Azərbaycan DİN də belə bir şəxsi ifşa etməsi haqda rəsmi məlumat yaymayıb.
Cia.az
