Rusiyanın postsovet məkanındakı müstəqil respublikalardan asanlıqla əl çəkməyəcəyi “Yeni SSRİ” planlarından bəlli olsa da, bu günlərdə Vladimir Putinin SSRİ-nin dağılmasına görə təəssüfünü ifadə etməsi şimal qonşumuzun imperiyanı bərpa etməkdə israrlı olduğunu bir daha təsdiqləmiş oldu.
Görünür, elə bu səbəbdəndir ki, artıq Moskva separatçı rejimlərin “müstəqilliyi”ndənsə, onları özünə birləşdirmək xəttinə üstünlük verir. Konkretləşdirsək, Putin SSRİ-nin bərpası istiqamətində iki variant üzərində işləyir: Gömrük İttifaqının çevrəsini genişləndirməklə və separatçı rejimləri Rusiyaya birləşdirməklə. Artıq Krım variantı uğurla yekunlaşıb və növbədə Cənubi Osetiyadakı separatçı rejimdir.
Belə ki, bir neçə gün öncə Rusiyanın xəbər lentlərində Azərbaycana da dəxli olan maraqlı bir məlumat keçdi. Orada deyilirdi ki, Gürcüstanın ayrılmaz hissəsi olan Cənubi Osetiyanın “prezidenti” Leonid Tibilov bölgənin Rusiya tərkibinə daxil edilməsi üçün referendum təşəbbüsü ilə çıxış edəcək. Bu haqda o, Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, “Rusiyaya qovuşmaq Cənubi Osetiya xalqının əsrlik arzusudur, hansı ideya ki, gürcü şovinizmi və faşizmi ilə qarşıdurmaya tab gətirib”.
Sitat: “Bugünkü siyasi reallıq belədir ki, biz öz tarixi seçimimizi edə bilərik. Biz qardaş Rusiya ilə birləşib uzun əsrlər üçün Cənubi Osetiya və onun xalqının təhlükəsizliyi və çiçəklənməsini təmin eləməliyik”.
Separatçı bölgənin “müstəqilliyi” 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında “5 günlük müharibə”dən sonra Abxaziya ilə birgə Moskva tərəfindən tanınıb və hər iki bölgə faktiki, şimal qonşumuz tərəfindən ilhaq edilib. Ardınca isə güclü şəkildə hərbiləşdirilib - Rusiya orada hərbi bazalar qurub, əraziyə ən müasir silahlar və döyüş sistemləri gətirib. Belə olan təqdirdə separatçıların “müstəqillik”dən imtina etməsi suallar doğurur.
Ancaq bizi daha çox maraqlandıran Azərbaycanın torpaqlarının taleyidir. Belə ki, Gürcüstandakı separatçılar Rusiyaya birləşmək arzusuna çatsalar, bu, Qarabağ separatçıları üçün də presedentə çevrilə bilər. Onsuz da vaxtaşırı Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi zərurəti barədə Rusiya, Ermənistan ekspertləri və Qarabağdakı erməni separatçıları tərəfindən təkliflər eşidilirdi. Dağlıq Qarabağı “müstəqil dövlət” kimi dünyaya həzm etdirə bilməyən ermənilər birləşmə yolu ilə dalandan çıxa biləcəklərini zənn edirlər.
Doğrudur, prezident Putinin mətbuat katibi Dmitri Peskov Cənubi Osetiya ilə bağlı belə bir planın olmadığını söyləyib və vurğulayıb ki, Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyır. Ancaq ox yaydan çıxıb. Son vaxtlar Rusiya vətəndaşlarının, konkret olaraq rus milyarder Sterliqovun Şuşada iş yeri açması, burada bir sıra layihələri reallaşdırmağa cəhd göstərməsi Moskvanın hansısa planlarının olduğundan xəbər verir. Üstəlik, Rusiya “sülhməramlı”larını işğal zonasına yerləşdirmək üçün Azərbaycandan razılıq ala bilmədiyi üçün görünür növbəti təzyiq rıçaqlarına əl atıb.
***
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ilə bağlı separatçı qurumun rəhbərinin təşəbbüsü Qarabağın taleyi üçün hansı təhlükə yaradırmı, bu, bir presedent ola bilərmi?
Siyasi şərhçi Natiq Miri “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, əslində Rusiya prezidentinin köməkçisi qondarma Cənubi Osetiya prezidenti ilə görüşü çərçivəsində bu fikirləri səsləndirib: “Təbii ki, belə bir fikrin səslənməsi Kremlin icazəsi olmadan mümkün deyildi. Məhz Rusiya prezidentinin tapşırığı əsasında belə bir mesaj verilib. Ancaq məsələnin burdan o tərəfə keçəcəyini düşünmürəm. Çünki indiki şəraitdə Donbas və Krım məsələsi Rusiya üçün ciddi problemə çevrilib. Üstəlik, Suriya məsələsi ilə bağlı Qərb-Rusiya qarşıdurması sürətlə şiddətlənir. Cənubi Osetiyanın, yaxud Abxaziyanın Rusiyaya birləşdirilməsi Rusiya üçün daşıya bilməyəcək bir yük olardı”.
N.Mirinin fikrincə, bu, növbəti siyasi gedişdir: “Bu, bir növ siyasi manipulyasiya və region dövlətləri üçün təzyiq məqsədi daşıyır. Təbii ki, əgər belə bir hadisə baş verərsə, Azərbaycana da ciddi təhlükə yaradacaq. Yəni Azərbaycana da mesaj xarakteri daşıyacaq ki, Dağlıq Qarabağ əhalisi adından günün birində Rusiyaya birləşmək xahişi hazırlana bilər. Beləliklə, ”hüquqi prosedurlar"ın həyata keçirilməsi vasitəsilə Dağlıq Qarabağ da Rusiyaya birləşdirilə bilər. Bu təhlükə həmişə olub, amma indi ortada siyasi reallıq da var. Ona görə də dediyim kimi, bu, bir manipulyasiya və təzyiq xarakteri daşıyır. Özü də təkcə region dövlətlərinə deyil, həm də Qərb dünyasına təzyiqdir. Bu, Rusiyanın növbəti kələklərindən biridir".
Politoloq Arzu Nağıyevin fikrincə, Cənubi Osetiya rəhbərliyi yəqin ki, bu addımı Krım hadisəsi ilə müqayisə edib qərar vermək istəyir: “Ancaq onlar özlərinin müstəqilliyini elan edərək Rusiya və bir sıra separat rejimlər tərəfindən tanıtdırıblar. Bu gün isə söhbət Rusiya ilə bu ”müstəqil dövlət"in birləşməsindən gedə bilər ki, bu da yolverilməzdir. Cənubi Osetiya BMT tərəfindən ərazi bütövlüyü tanınan Gürcüstanın tərkibinə daxil olan bir qurumdur və məlumdur ki, Rusiyanı hərbi müdaxiləsi nəticəsində ayrılıb. Eyni zamanda Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsidir və bütün beynəlxalq hüquq normalarına uyğun olaraq tanınır və separatçı qurum heç bir dövlət tərəfindən tanınmayıb. Buna görə də Cənubi Osetiya məsələsi Dağlıq Qarabağ üçün hər hansı təhlükə yarada bilməz və təbii ki, presedent də ola bilməz".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya bir əldə bir neçə qarpız tutmağa çalışır: “Ukraynanı parçaladı, Krımı işğal etdi. Nəticədə Ukrayna ilə münasibətləri korlandı və Qərbin sanksiyaları ilə üzləşdi. Daha sonra keçdi Suriyanı bombalamağa və yenə bir sıra ölkələrlə münasibətlərdə problem yaşadı. Çünki Rusiyanın terrorçuları bombalaması sual doğurmasa da, bunun nəticəsində Əsəd ordusunun güclənməsi bir qrup dövlətin maraqlarına cavab vermir”.
E.Şahinoğlu deyir ki, belə bir ərəfədə Kremlin üçüncü istiqamətdə hərəkətə keçməsi, yəni Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi mövzusunun gündəmə gətirilməsi sualların sayını artırır: “Birincisi, Rusiya onsuz da Gürcüstanı parçalayaraq Cənubi Osetiyanın və Abxaziyanın ”müstəqilliklərini" tanıyıb. Bundan sonra bu separatçı bölgələri Rusiyaya birləşdirmək nəyə lazımdır? Ancaq görünür kimlərəsə lazımdır ki, Cənubi Osetiyanın “rəhbərliyi” bununla bağlı “referendum” hazırlaşır. Yoxsa separatçılar Moskvadan icazə almadan bu işə girişməzdilər. İkincisi, Rusiya Xəzərdən Suriyanı raket atəşinə tutmaqla Qərblə yanaşı, bölgə ölkələrinə də əzələ nümayişi həyata keçirdi. İndi də Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi mövzusunu gündəmə gətirməklə Qərbin Cənubi Qafqazdakı mövqelərini bir az daha sıxışdırmaq istəyir. Krımı “referendum” yolu ilə işğal edən dövlətin Cənubi Osetiyanı da “referendum” yolu ilə özünə birləşdirməsi təəccüblü olmaz".
Politoloqun qənaətincə, Rusiya Avrasiya bölgəsində güclü oyunçuya çevrilmək istəyir: “Məqsəd budur. Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi mövzusundan Qarabağ separatçıları da istifadə edə bilərlər. Əgər Ermənistan daha çox taqətdən düşsə və Qarabağı qorumaq imkanında olmasa, mən şübhə etmirəm ki, erməni separatçılarının müraciət edəcəyi əsas ünvan Moskva olacaq. Əgər Rusiya Cənubi Osetiyanı özünə biləşdirsə, erməni separatçıları da eyni yola üstünlük verəcəklər. Bax onda Moskva nəyi və kimi seçəcək? Kreml strateji tərəfdaş adlandırdığı Azərbaycanla bütün körpüləri yandırmağa hazır olacaqmı? Bu sual açıq qalır. Rusiyanın ”sülhməramlılar" adı altında hərbi qüvvələrini Dağlıq Qarabağda yerləşdirilməsi mövzusuna da bu kontekstdən yanaşmaq lazımdır".
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov isə separatçıların hər hansı cəhdindən narahat deyil: “Bu gün Ermənistan darmadağın vəziyyətdədir. Azərbaycan bölgənin lider dövlətidir, bunu bütün dünya görür. Separatçıların deməyi ilə deyil ki. Bütün dünya Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu birdəfəlik qəbul edir. O torpaqlar bizimdir, bizim də olacaq. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda Dağlıq Qarabağ Rusiyaya necə birləşə bilər?”
Cia.az
