|
Rusiyadan barışıq çağırışı

Rusiya Avropa İttifaqını (Aİ) ona qarşı yürütdüyü sanksiya siyasətini dayandırmağa çalışır və qarşılığında Aİ-nin qida məhsullarına qoyduğu embarqonu aradan qaldıracağına söz verib. Lakin Aİ Ukraynadakı separatçılara qarşı tədbirlər görülməsini istəyir.

ANS PRESS-in məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib ki, biz qərbli həmkarlarımızdan fövqəladə heç bir şey istəmirik. İstədiyimiz ancaq mənasız və anlaşılmaz sanksiyaların aradan qaldırılmasıdır.

Avropa Komissiyası prezidenti Jan-Klod Yunker Lüksemburqda RTL radio stansiyasına müsahibəsində bildirib ki, Rusiyanın hərəkətlərini ya ona qarşı müharibə, ya da iqtisadi sanksiyalarla dayandırmaq olar: “Biz müharibə istəmirik. O səbəbdən iqtisadi sanksiyalar metodunu tətbiq edəcəyik. Rusiya Ukraynanin ərazi bütövlüyünə təcavüzünü dayandırmadan sanksiyalar da aradan qaldırılmayacaq.”

Rusiyanın maliyyə naziri Anton Siluanov deyib ki, neftin qiymətinin aşağı düşməsi və sanksiyalar Rusiya iqtisadiyyatına 130-140 milyard dollar zərər vurub.

Xatırladaq ki, topdansatış sahəsində rəsmi Moskva Qərbin 9 milyard dollarlıq qida ixracını dayandırıb.