|
Dalana dirənən Qarabağ müzakirələri-bundan sonra nə olacaq?
Oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu, Fransa paytaxtında keçirilmiş görüşünün ildönümü tamam olacaq. Həmin görüşdə erməni prezident növbəti görüşün 2015-ci ilin sentyabrında, BMT-nin Baş Assambleyasının Nyu-Yorkdakı toplantısında keçiriləcəyi anonsunu versə də, sonrakı aylarda erməni tərəfinin aqressiv siyasəti cəbhə xəttində təxribat-diversiya hərəkətlərinin intensiv hal alması səbəbindən yüksək səviyyəli görüşlər seriyasında uzun pauza yarandı.
Ötən həftə Qazaxıstanda MDB dövlətinin prezidentlərinin iştirakı ilə keçirilən toplantı çərçivəsində belə, Rusiya prezidentinin Əliyevlə Sərkisyanı bir araya gətirmək təşəbbüsünü göstərməməsi suallar doğurdu. Adətən Rusiya tərəfləri bir araya gətirmək təşəbbüsü göstərməkdə maraqlı olduğu halda, bu dəfə Kreml həvəsli görünmədi ki, bunun səbəbi maraqlıdır. Bu arada isə ATƏT həmsədrlərinin bölgəyə növbəti səfəri planlaşdırılır. Dünyada ciddi proseslərin getdiyi şəraitdə, xüsusilə də Suriya ətrafında yaşanan gərginliklər, müharibə riskləri Qarabağ münaqişəsini nisbətən arxa plana keçirib. Odur ki, diplomatların regiona növbəti dəfə hansı təkliflərlə gələcəyi də düşündürücüdür. 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, keçən ilin oktyabr ayında baş tutan Paris görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşməməsinin səbəbləri çoxdur. Ekspert ilk olaraq həmin görüşdən sonra ermənilərin təmas xəttində dəfələrlə atəşkəsi pozmasını və məlum helikopter hadisəsinin baş verməsini xatırlatdı: “Bundan sonra Bakıda Avropa Oyunları baş tutdu, bu ərəfədə də ermənilər atəşkəsi pozmaqda davam etdilər. Sonra ABŞ münaqişənin həllində təşəbbüsü əlinə almağa çalışdı və Rusiya məhz buna görə görüşün baş tutmaması üçün müəyyən addımlar atdı. Bu da intensiv atəşkəs pozulmaları, hər iki tərəfdən itkilərlə müşayiət olundu. BMT-nin 70-ci sessiyasında iki dövlətin xarici işlər nazirləri görüşdülər. ATƏT-in ABŞ təmsilçisi Ceyms Uorlik dəfələrlə prezidentlərin görüşlərinin vacibliyinə diqqət yetirsə də bu görüş baş tutmadı. Digər tərəfdən, dəfələrlə atəşkəsi pozan, Dağlıq Qarabağı Ermənistan torpağı adlandıran İrəvan hakimiyyəti ilə görüşün baş tutmaması məntiqi bir qərardır. Qazaxıstan səfəri vaxtı da prezidentlərin görüşməməsinin əsas səbəbi bu oldu”. 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfərindən gözləntilərə gəldikdə, A.Nağıyev qeyd etdi ki, yuxarıda sadalanan bir şəraitdə həmsədrlərdən fövqəl bir qərar gözləmək yanılış olardı:“Azərbaycan tərəfi Madrid prinsipləri çərçivəsində istənilən danışığa getməyə hazırdır, çünki burada əsas maddə ərazi bütövlüyüdür. Ermənistan hakimiyyəti isə iqtidarda qalmaq üçün sülh adı altında öz havadarları vasitəsilə status-kvonu saxlamağa çalışır. Təəssüf ki, ATƏT də sülh danışıqlarını təkrarlamaqla əməli bir qərar qəbul edə bilmir, bu isə ermənilərin xeyrinə olur. Məhz buna görə səfərdən Azərbaycan üçün elə bir müsbət gözləntim yoxdur”. Payız-qış mövsümündə atəş xəttindəki vəziyyətlə bağlı proqnozlarını bölüşən ekspert hesab edir ki, bu mövsümdə intensiv atışmalara bir az ara veriləcək, proseslər yaz, yay aylarındakı kimi cərəyan etməyəcək: “Bu, həm hava şəraiti, həm də maskalanmaq üçün təbii şəraitin uyğunsuzluğu ilə bağlıdır. Bundan başqa, ilin sonuna yaxın Avropa və dünyada siyasi proseslərlə bağlı müəyyən passivlik yaranır və əsasən hesabat dövrü başlayır. Eyni zamanda artıq Azərbaycanın hərbi üstünlyünü hiss edən düşmən tərəf atəşkəsi intensiv şəkildə pozmaqdan çəkinir. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatları da bu şəraitə təsir edən amillərdən ən başlıcasıdır”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dövlət başçısının bir fikrini xatırlatdı: “Azərbaycan prezidenti İlham Əliyev bir neçə il əvvəl söyləmişdi ki, imitasiya naminə erməni həmkarı ilə görüşməyəcək. Buna baxmayaraq, Azərbaycanın dövlət başçısı bu açıqlamadan sonra bir neçə dəfə Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb, fikir mübadiləsi aparıb. Əslində İlham Əliyev bu görüşlərdə maraqlı olmayıb. Çünki Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Sadəcə, görüşlərlə bağlı xahiş Moskva və Parisdən gəldiyinə görə İlham Əliyev əvvəlcə Rusiya prezidenti Vladimir Putinə, sonra isə Fransa prezidenti Fransua Ollanda ”yox" deməyib". Ancaq E.Şahinoğlu qeyd etdi ki, elə bu görüşlər də İlham Əliyevin söylədiyi kimi, imitasiya xarakteri daşıyıb: “Moskva və Paris görüşlərinin əsas məqsədi o olub ki, cəbhə bölgəsində atəşkəsə riayət olunsun, Cənubi Qafqazda müharibə ehtimalı azalsın. Çünki nə Moskva, nə də Paris görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayıb. Prezidentlərin növbəti görüş ehtimalı BMT-nin bu ilin sentyabrında Nyu-York sessiyasında yüksək idi. Ancaq İlham Əliyev BMT sessiyasına getmədi, öz yerinə xarici işlər naziri Elmar Məmmədyarovu göndərdi. Bunun iki məqsədi var idi: İlham Əliyevin BMT sessiyasına getməməkdə birinci məqsədi o idi ki, beynəlxalq birlikdən narazı qaldığını ortaya qoysun. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var və bu qətnamələr kağız üzərində qalıb. Bir ara rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-dən alınıb BMT-yə verilməsini istəyirdi. Ancaq BMT rəhbərliyi rəsmi Bakının bu istəyinə müsbət yanaşmadı. İlham Əliyevin BMT sessiyasına getməməkdə ikinci məqsədi o idi ki, Nyu-Yorkda Serj Sərkisyanla görüşməsin. Çünki İlham Əliyev həmin vaxt Nyu-Yorkda olsaydı, həmsədr dövlətlərin prezidentləri Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyəcəkdi. İlham Əliyev onların görüş təklifinə ”yox" deməmək üçün BMT sessiyasında iştirak etmədi. Əslində Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda görüşsəydilər belə, bu, yenə nəticə verməyəcəkdi. Məsələn, prezidentlərin yerinə Nyu-Yorkda xarici işlər nazirləri görüşdülər. Görüş nəticəsiz qaldı. Hətta görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov sərt açıqlama verdi. Sadəcə, BMT sessiyasından sonra cəbhə bölgəsində ağır artilleriyadan istifadə edilmədi, atəşkəsin pozulması yenidən snayperlərin atışması səviyyəsinə endi. Ancaq cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi ehtimalı qalır".  
Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin Qazaxıstanda da görüşməməsini səbəbsiz saymır:“Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları oktyabrın 16-da Qazaxıstanda toplandılar. Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə üçlü görüş həyata keçirə bilərdi. Ancaq bu dəfə də prezidentlərin görüşünə ehtiyac duyulmadı. Çünki danışıqlarda irəliləyiş yoxdur və prezidentlərin görüşü növbəti dəfə nəticəsiz qalacaqdı. Bu arada, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərə hazırlaşırlar. Həmsədrlər ilin sonuna qədər prezidentlərin görüşünü təşkil etmək istəyirlər. Ancaq danışıqlarda həll prosesini irəli apara biləcək element olmayana qədər prezidentlərin ilin sonuna qədər də görüşü baş tutmaya bilər. Azərbaycan və Ermənistan prezidentlərinin görüş təşəbbüsü Vaşinqtondan gələrsə, prezidentlərin görüşməsi ehtimalı arta bilər. Çünki son zamanlar prezidentlərin görüşü yalnız iki həmsədr dövlət olan Rusiya və Fransada keçirilir. Üçüncü həmsədr dövlət - ABŞ passivdir. Rəsmi Bakı Vaşinqtonun danışıqlarda intensivləşməsini istəyir. Çünki bu halda Rusiyanın Azərbaycana qarşı təsirləri azala bilər. Rusiya Dağlıq Qarabağ münaqişəsini yalnız o halda həll etmək istəyir ki, bütün proses onun nəzarəti altında olsun. Bu təklifə Azərbaycan razılaşa bilməz və bu məsələdə rəsmi Bakının Vaşinqtonun dəstəyinə ehtiyacı var”. 
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə “Yeni Müsavat”a bildirdi ki, Fransa prezidenti Olland ötən il prezidentlərin Paris görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əlaqələndirilmiş formada “Böyük sülh sazişi” üzərində işə başlamaq təklifi ilə çıxış etmişdi: “Bu, bir mexanizm, danışıqlar prosesinin konkret sənəd üzərində aparılması üçün ciddi çağırış idi. Danışıqlar prosesində yenə də fərqli fikirlər ola bilərdi. Amma predmetli müzakirə üçün bu, ciddi çağırış və təklif idi. Azərbaycan tərəfindən də dərhal məsələyə münasibət bildirildi və Azərbaycanın qəti hazırlığı ifadə olundu ki, rəsmi Bakı böyük sülh sazişi üzərində konkret müstəvidə işə başlamağa hazırdır. Amma biz danışıqlar prosesinin belə bir konkret müstəvidə cərəyan etdiyini görən Ermənistanın prosesə xələl gətirmək üçün müxtəlif təxribatçı addımlarını gördük. Hətta məlum helikopter insidenti də böyük sülh sazişi üzərində işə başlamağa maneçilik törədilməsinin tərkib hissəsiydi. Ona görə də danışıqlar prosesində belə bir konkret məsələnin gündəmdə olduğu halda, Ermənistanın danışıqlar prosesindən qaçması və danışıqlar prosesinə xələl gətirməsi bir daha onu göstərir ki, İrəvan hər bir vəchlə münaqişənin həllinə mane olmağa çalışır”.  Prezidentlər səviyyəsində növbəti görüşə gəldikdə, H.Hacıyev bunları bildirdi: “Azərbaycanın qəti mövqeyi bundan ibarət olub ki, danışıqlar formal, imitasiya xarakteri daşımamalı və konkret müstəvidə məsələlər varsa, Azərbaycan həmişə danışıqlara hazırdır. Hələ ki növbəti görüşlə əlaqədar konkret bir məlumat və ya fikir yoxdur”.
Cia.az