“Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və qeyri- neft sektorunun inkişafı əsas hədəflərdəndir. Bu baxımdan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması imkan verəcək ki, nəqliyyat sektorunda qeyri-neft iqtisadiyyatının payını artırmaq mümkün olsun”.
Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov ötən gün prezidentin fərmanı ilə yaradılan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının əhəmiyyətini qiymətləndirərkən deyib. Ekspert bildirib ki, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün nəqliyyat sahəsi əsas prioritet sektorlardandır: “Bu sektor həssas olmadığı üçün digər ölkələrlə əməkdaşlıq imkanları daha yaxşıdır. Burada hər hansı maneələr və bariyerlər olmur. Bu sektor imkan verir ki, dövlət büdcəsindən ayırmaların həcmini artırmaq mümkün olsun və bu yolla büdcəyə daha çox vəsaitin daxil olması təmin edilsin. Eyni zamanda sənəd xarici yükdaşımalarla bağlı sahibkarların Azərbaycanda olduğu müddətin və prosedurların sayının azaldılmasına, o cümlədən şəffaf şəkildə öz işlərini aparmalarına yardım verəcək. Monitorinqlər də göstərir ki, yükdaşımalarla məşğul olan sahibkarların fəaliyyətinə ciddi müdaxilələr var idi. Onlardan qanunsuz ödənişlər tələb edilirdi, sərhəddə saxlanılırdı. Belə olan təqdirdə, Azərbaycandan öz yükünü daşıyan sahibkar həm çox zaman itirirdi, həm də əlavə xərcə düşürdü. Ona görə də bəzi sahibkarlar alternativ mənbələrdən istifadə edirdilər. Nəticədə, bu yolla öz məhsullarını xarici bazara digər ölkələr vasitəsilə çıxarırdılar”.
Yeni yaradılmış qurumla bu problemlər aradan qaldırılacağını vurğulayan V. Bayramovun sözlərinə görə, mövcud kəmərlər və bir pəncərə sisteminin tətbiqi bu sektorun inkişafına böyük imkanlar açacaq: “Belə ki, sahibkar əvvəlcə elektron müqavilə bağlayacaq. Belə olan halda da, sahibkarın hansısa dövlət qurumuna getməsinə və məmurlarla görüşməsinə imkan qalmayacaq. Sahibkar ödənişini elektron həyata keçirdiyi üçün kiməsə nəğd vəsait ödəməyəcək. Eyni zamanda sahibkar müvafiq müqavilələri təqdim etməklə ölkəyə giriş-çıxış imkanlarına malik olacaq”.
Sənədin bu sahədə vahid tarif siyasətinin müəyyənləşdirilməsinə də imkan verəcəyini qeyd edən ekspert xatırladıb ki, əvvəllər müxtəlif dövlət qurumlarının fərqli tarif siyasəti ilə sahibkarlar qarşılaşıb: “İndi isə, yükdaşımalarla bağlı tarif həcmi azalacaq. Bu heç də dövlət büdcəsinə daxilolmaların həcmini azaltmayacaq. Tarif azaldığı üçün yükdaşımaların həcmi artacaq, bu da dövlət büdcəsinə daha çox ödənişin daxil edilməsinə gətirib çıxaracaq. Bununla xarici yük daşımalarda çətinlik, hər hansı sui- istifadələr üçün şərait yaranmayacaq, daha çox yük Azərbaycan ərazisindən tranzit olaraq xarici bazarlara daşınacaq. Bütövlükdə bu sənəd bir mənalı şəkildə Azərbaycanın tranzit mərkəzi olan ölkəyə çevrilməsinə gətirib çıxaracaq. Beləliklə də, bu şuranın yaradılması neftin qiymətinin aşağı olduğu bir dövrdə dövlət büdcəsinin gəlirlər hissəsində şaxələnmə və dayanıqlığın təmin edilməsi baxımından olduqca vacib idi”.
Cia.az
