|
AMEA-nın ləğvi təklifi etiraz doğurdu
Sabiq deputat, uzun müddət parlamentdə Elm və təhsil komitəsinə rəhbərlik etmiş professor Şahlar Əsgərov “modern.az”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının ləğv edilməsi haqda fikir irəli sürərək bu qurumun sovet rejiminin məntiqinə uyğun olan bir qurum olduğunu və hazırda bu quruma ehtiyac olmadığını bildirib. 
 
Ancaq sabiq deputatın Elmlər Akademiyasının ləğvi ilə bağlı bu fikirləri etirazla qarşılanıb. 
 
Təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu qurumun Azərbaycana dahi şəxsiyyətlərdən miras qaldığını və buna görə də ləğvinin tərəfdarı olmadığını dedi: “1945-ci ildə yaradılan Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətlər içərisindən Heydər Hüseynov,  Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbarahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov və başqalarının adını çəkmək olar. Bu elmi təsisatın yaranmasında adları çəkilən böyük alimlər var qüvvələrini sərf ediblər. Məqsəd Azərbaycanda elmin bütün sahələrinin inkişafı olub.  Ən azı adlarını çəkdiyim bu dahi şəxsiyyətlərə görə  AMEA saxlanılmalıdır. Bu elm mərkəzi onlardan bizə miras qalıb. AMEA-nın ləğvi indiki elmi durumda məqbul sayıla bilməz. Çox vaxt eşidirik ki, ölkəmizin əsas elmi potensialı ali məktəblərdə cəmlənib, çünki elmi dərəcəli mütəxəssislərin sayı universitetlərdə AMEA-da olduğundan çoxdur. Amma elmi potensial elmi kadrların sayı ilə ölçülmür. Mən bir faktı deyim, ötən ilin nəticələrinə görə, təkcə fizika-riyaziyyat və texniki elmlər bölməsinin impakt-faktorlu jurnallarda çap olunan məqalələrinin sayı bütün Azərbaycan universitetlərinin hamısının birlikdə çap etdirdikləri məqalələrin sayından çoxdur. Hazırkı şəraitdə universitetlər elmin inkişafının məsuliyyətini öz üzərilərinə götürə bilməzlər. Çünki onların həm də maddi - texniki bazası, kadr potensialı və infrastrukturu buna imkan vermir. Universitetlər elmdə rəqabət mühiti formalaşdıra bilmədilər”.
 
E.Əliyev akademiyada islahatların vacib olduğunu və bu istiqamətdə də müəyyən işlər aparıldığını bildirdi: “Akademiyada islahatlar zəruridir. Ancaq insafən onu da demək lazımdır ki, AMEA-nın indiki prezidenti Akif Əlizadə bu istiqamətdə əlindən gələni əsirgəmir. Məncə, pozitiv nəticələr də var”.
 
Məsələ ilə bağlı AMEA-dan da fikir almaq istəsək də cəhdimiz boşa çıxdı. Belə ki, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bu haqda heç bir fikir bildirmək istəmədiyini dedi: “Ümumiyyətlə, bu haqda danışmağı düşünmürəm”.
 
AMEA-nın Folklor İnstitutunun keçmiş elmi işçisi Fəxrəddin Baxşəliyev isə bu qurumun güclü islahatlara ehtiyacı olduğunu bildirdi: “Azərbaycan Elmlər Akademiyasının tamamilə bağlanmasına, ləğv edilməsinə ehtiyac yoxdur. Ancaq o qurumun çox güclü islahatlara ehtiyacı var. Dünyanın bəzi ölkələrində, xüsusən də Avropa ölkələrində Elmlər Akademiyası deyilən bir qurum simvolik bir qurumdur. Azərbaycanda isə bu artıq elmi-tədqiqat institutlarının toplaşdığı bir mərkəz olaraq güclü ənənəyə sahibdir. Ancaq bu qurum həqiqətən də islahatlara ehtiyacı olan bir qurumdur və bunu qurum rəhbərliyinin özü də etiraf edir və deyirlər”.  
Cia.az