İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovun milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi haqqında yaydığı açıqlama hələ də müzakirə mövzusudur. Sabiq səfir özünün facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda ondakı məlumatları bölüşüb.
O iddialardan biri isə ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşlarının işləməsi ilə bağlıdır. Sabiq səfirin sözlərinə görə, onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər.
Maraqlıdır ki, artıq bu iddia rəsmi səviyyədə də öz təsdiqini tapıb: “Beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq Azərbaycanın müvafiq diplomatik nümayəndəliklərində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar: “Qarşılıqlılıq prinsipi əsasında digər dövlətlərin də Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”.
Amma araşdırmalarımız zamanı məlum oldu ki, A.Məmmədovun dediyi, ardınca XİN rəsmisi tərəfindən təsdiqlənən bu informasiya xüsusi xidmət orqanlarının iş prinsipidir. Və bu, illərdir ki, bu formada davam edir. SSRİ DTK-sının Böyük Britaniyadakı baş rezidenturasının keçmiş rəhbəri, 74 yaşlı A.Qordievskiy müsahibələrində bildirir ki, Rusiyanın həmin ölkədəki səfirliyinin binasında hazırda çoxlu sayda xəfiyyə çalışır.
Onun sözlərinə görə, bu agentlər arasında səfirliyin rəsmi işçisi olanlar da var, qeyri-rəsmi işçilər də. Sonuncular xüsusi xidmət orqanlarında çalışmasalar da, səfirlikdə baş verənlərlə bağlı mütəmadi olaraq Rusiya prezidentinə məlumatlar ötürürlər. Hətta onların arasında rusiyalı oliqarxlar da üstünlük təşkil edirlər: “Hazırda Londonda 37 KQB agenti var. Onlardan 14-ü Rusiya Hərbi Kəşfiyyatında çalışır. Mən bunları öz mənbələrimdən öyrənmişəm”.
Məlumatlar arasında həmçinin qeyd olunub ki, rusiyalı agentlər ABŞ-da vaxtlarını daha çox üç məkanda keçirirlər - Rusiyanın Vaşinqtondakı səfirliyində, Nyu- Yorkda (Rusiyanın BMT-dəki təmsilçiliyi binasında) və San Fransiskodakı baş konsulluqda. Amma bu mövzu ilə bağlı dəqiq rəqəm söyləmək mümkün deyil. Belə ki, səfirlik xəfiyyələrinin sayı heç vaxt dəqiq olmur. Rusiya mətbuatına inansaq, bu ölkənin xaricdəki səfirliklərində çalışanların yarısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bununla paralel, Rusiya xüsusi xidmət orqanları xaricdəki səfirlik işçilərinin 80 faizi ilə birbaşa əlaqədə, əməkdaşlıqdadır. Onların bəziləri heç də kəşfiyyata bağlılıqlarını gizləmirlər. Amma gecə-gündüz çox peşəkarcasına çalışıb, özünü masklayanlar da az deyil.
Cia.az
