Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, AXCP adında bir təşkilat tanıyır və bu, Əli Kərimlinin AXCP-sidir. Razi Nurullayevin yaratdığı isə tamamilə başqa təşkilatdır.
Arif Hacılı bu barədə facebook sosial şəbəkəsində status yazıb və qeyd edib ki, hətta Ədliyyə Nazirliyinin belə qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək.
Digər müxalifət partiyalarının AXCP olaraq tərəflərdən hansını tanıdıqlarını araşdırdıq.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycanda hazırda dövlət qeydiyyatından keçmiş bir AXCP var və bu partiyanı da AXCP hesab edir.
KXCP sədri Mirmahmud Mirəlioğlunun isə cavabı belə oldu: “Mən əhəmiyyətsiz şeyə münasibət bildirmirəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, hazırda dövlət qeydiyyatından keçmiş AXCP var və bu partiyaya sədrliyi Əli Kərimli edir: “Biz hüquqa hörmət etməyin tərəfdarıyıq. Hesab edirik ki, AXCP Əli Kərimlinin rəhbərlik etdiyi partiyadır. AXCP dövlət qeydiyyatından keçmiş partiyadır. Həm də uzun illərdir AXCP kimi fəaliyyət göstərir, tanınır. Mən onun tərəfində deyiləm ki, ayrılma baş versin və ayrılanlar o partiyanın adından istifadə etsin. Ayrılanlar ayrıla bilər, bu da onların hüququdur, lakin yeni partiya adı ilə ortaya çıxa bilərlər”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Razi Nurullayev onu şəxsən qurultaya dəvət edibmiş, lakin getməyib: “Getməməyimin səbəbini də Razi bəyə belə ifadə elədim ki, mənim Əli Kərimliyə qarşı neqativ münasibətim var, mənim qurultaya gəlməyim tərəf tutmaq mənasını verə bilər. Razi bəyə təşəkkür bildirdim və qurultaya getmədim. Əslinə baxsan hüquqi baxımdan Razi Nurullayev və tərəfdarları yeni adda bir partiyanın təsis qurultayını keçirsəydilər daha düzgün olardı. AXCP-ni tərk eləmiş insanların yığışıb Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş bir partiyanın adından qərar çıxarması, qurultay keçirməsi əslində «Siyasi partiyalar haqqında» Qanuna ziddir. Qanunçuluq nöqteyi-nəzərindən indiki halda AXCP kimi Əli Kərimlinin sədri olduğu təşkilatdır. Razi Nurullayevin də partiya yaratmaq hüququ var. Ancaq qanunda göstərilir ki, eyni adda ikinci partiyanın olması yasaqdır. Bu baxımdan Razi bəy təşkilatına başqa ad qoya bilər. Məsələn, ”Əsl Azərbaycan Xalq Cəbhəsi Partiyası" adı qoya bilərdi. Amma “AXCP” adı qoyulmasına qanun imkan vermir. Çünki dövlət qeydiyyatından keçmiş və dövlət qeydiyyatında ola-ola qurultayını keçirmiş AXCP adında partiya var. Bizim də münasibətimiz qanuna əsaslanır. Ədliyyə Nazirliyi də Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin əvəzinə başqa bir təşkilatı AXCP adı ilə qeydiyyatdan keçirə bilməz. Ona görə də ən düzgün o olardı ki, Razi Nurullayev qurultayını yeni adda bir partiyanın təsis qurultayı olaraq keçirəydi. Bu zaman onu yeni partiya kimi qeydiyyata alardılar".
Cia.az
