|
477 nəfər namizədlikdən imtina etdi
Qeydiyyata alınan 1246 deputatlığa namizədin 477 nəfəri namizədliyini geri götürüb. Beləliklə, Milli Məclisə noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq. Deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında verilib. 
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu proses oktyabrın 22-də başa çatır. 
Namizədliyini geri götürənlər sırasına dünən tanınmış vəkil Aslan İsmayılov da qoşulub. A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsində seçki mübarizəsini dünən dayandıraraq namizədlikdən imtina etdiyini xüsusi videomüraciətlə bildirib. Sosial şəbəkədə yaydığı videomüraciətində A.İsmayılov seçkilərin şəffaf keçiriləcəyinə ciddi şübhə ilə yanaşdığını, televiziyada efir vaxtı ayrılmamasını əsas gətirərək, bu marafonda iştirakdan imtina etdiyini söyləyib.
 
20 saylı Nərimanov ikinci seçki dairəsində əsas namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir.
Deputatlığa namizədlərin və partiyaların seçki təbliğatı isə davam edir. 
 
21 saylı Nəsimi seçki dairəsindən “AĞ blok”un deputatlığa namizədi Tural Abbaslı təbliğat-təşviqat kampaniyasını seçicilərin qapısına şəxsən getməklə aparır. Bu barədə “AĞ blok”un seçki qərargahının rəhbəri Əhəd Məmmədli məlumat verib. Onun dediyinə görə, Tural Abbaslı və səlahiyyətli nümayəndələri evbəev gedərək seçicilərlə şəxsən təmasda olurlar. Eyni zamanda Tural Abbaslıya səs vermək çağırışı edən plakatlar, təqvimlər seçicilər arasında paylanır.
 
Müsavat Partiyası isə 25 oktyabra təyin etdiyi seçicilərlə görüş mitinqi ilə bağlı müşavirə keçirib. 
 
Müşavirədə çıxış edən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu, seçicilərlə görüş-mitinqidir: “Oktyabrın 25-də keçiriləcək mitinq 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd İsa Qəmbərin seçicilərlə görüşüdür. Bunu həm də bütövlükdə Müsavat Partiyasının seçicilərlə əsas təmas görüşü kimi nəzərdə tuturuq. Həmin görüşdə İsa bəy öz seçiciləri ilə görüşəcək, eyni zamanda deputatlığa digər namizədlər də orda iştirak edəcəklər. Müsavat Partiyasının platformasını, seçkilərlə bağlı mövqeyini ictimaiyyətə təqdim edəcəyik. Bir daha təkrar edirəm, bu, seçki kampaniyası kontekstində olan bir görüşdür”. 
 
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər seçkidə iştirak etməyi iki qat qəhrəmanlıq adlandırıb: “Belə bir dönəmdə seçkidə iştirak etmək iki qat qəhrəmanlıq, iki qat fədakarlıqdır”. 
 
İsa Qəmbər müxalifət qüvvələrinin seçkidə iştirak etməməsinin hakimiyyətin əsas istəyi olduğunu söyləyib: “Hakimiyyət istəyir ki, real müxalifət qüvvələri seçkidə iştirak etməsin. Əgər hər hansı bir təşkilat, yaxud onun lideri ölkənin aparıcı təşkilatı olduğunu iddia edirsə, o zaman durumu dəyişmək üçün cəmiyyətdən bir addım öndə olmalıdır. Əgər cəmiyyət seçkiyə inanmırsa, bu inamı yaratmaq birbaşa müxalifətin üzərinə düşür”.
 
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 25-də Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) seçicilərlə görüş mitinqinə razılıq verib. Sözügedən meydan İsa Qəmbərin deputatlığa namizəd olduğu 15 saylı Yasamal seçki dairəsinin ərazisinə düşür və namizədlərin açıq havada təşviqat görüşləri üçün ayrılıb. 
Cia.az