|
İcbari tibbi sığorta niyə ləngiyir...

Hər il problemin növbəti ildə həll olunacağı vəd edilir, ancaq məsələnin çözülməsi üçün əngəllər çoxdur... 

İcbari tibbi sığorta problemi 16 ildir ki, həllini gözləyir. Bununla bağlı qanun qəbul olunub, hətta qanunda bəzi dəyişikliklər də aparılıb. Dünya təcrübəsinin uyğun modelləri seçilib. Nazirlər Kabinetində tibbi sığortanın işə düşməsi mexanizmləri hazırlanıb və bundan ötrü işçi qrupu yaradılıb. Ancaq məsələ illərdir ki, həllini tapmır. Bir müddət əvvəl hətta Nazirlər Kabineti  “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişikliklər edib. Ancaq problem hələ də aktuallığını qorumaqdadır.
 
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, icbari tibbi sığortanın uğurla tətbiqi üçün qanunvericiliyin, o cümlədən normativ hüquqi aktların uyğunlaşdırılmasına ehtiyac duyulur: “Belə ki, səhiyyə nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən, dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Səhiyyə xidməti pulsuzdursa, nə üçün icbari tibbi sığortanın tətbiqinə ehtiyac var? Səhiyyə Nazirliyinin qərarlarının Azərbaycanın bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması olduqca vacibdir.
İkincisi, sığorta ödənişlərinin işəgötürənlə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılmasına ehtiyac var. Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur. Üçüncüsü, xəstəxanalar prosesə hazır olmalıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyillər. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır". 

O, həmçinin qeyd edib ki, qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir:“Dördüncüsü, tədqiqatlar göstərir ki, ”Tibbi sığorta haqqında" qanun indiki tələbləri tam şəkildə ödəmir. Qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir. Eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Agentliyin statusunun təkmilləşdirilməsinə ehtiyac var. Çünki bu agentlik icbari tibbi sığortanın tətbiqinə birbaşa məsul olan qurumdur. Beşincisi, işləməyən və eləcə də ünvanlı sosial yardım alan vətəndaşlar üçün ödənişlərin dövlət tərəfindən və eləcə də hansı icraedici qurum tərəfindən necə ödənilməsi qanunvericilikdə aydın şəkildə əksini tapmalıdır".
 
 
V.Bayramovun sözlərinə görə, səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var:“Azərbaycanda hər min nəfərə 7,6 xəstəxana çarpayısı düşür. Bu göstərici Almaniyada 3,8, Türkiyədə isə 2,3-dür. Ölkəmizdə çarpayıların sayının çox olmasına baxmayaraq ondan istifadə göstəricisi başqa dövlətlərlə müqayisədə xeyli aşağıdır. Çarpayıların cəmi 26,1 faizi istifadə edilir. Bu göstərici Almaniyada 89,5, Rusiyada 86, Türkiyədə 61,9 faizdir. Avropa Birliyi üzrə həmin göstərici 76,9, MDB üzrə isə 85,9 faizdir. Buna görə də icbari tibbi sığortanın tətbiqi ilə yanaşı səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi olduqca vacibdir. Nəhayət, nəzərə almaq lazımdır ki, icbari tibbi sığortada üç tərəf var: sığorta şirkətləri, xəstəxanalar və vətəndaşlar. Bu gün bu üç tərəf arasında sığorta münasibətlərinin tam formalaşdığını demək çətindir. Sığorta edənlə sığorta olunanaların tibbi sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. 
 
Bu o deməkdir ki, ölkədə tibbi sığorta mədəniyyəti zəifdir Təbii ki, bu münasibətlərin yaxşılaşdırılması və ya sivil müstəviyə keçməsi üçün sığortalıların maarifləndirilməsinə ehtiyac var. Sığorta şirkətləri ilə dövlət xəstəxanaları arasında da münasibətlərin qurulmasında müəyyən problemlər var: hələ də sığorta şirkətləri ilə dövlət xəstəxanalarının əksəriyyəti arasında münasibətlər sivil səviyyədə qurulmayıb. Sığorta sənədlərinin xəstəxanalarda qəbulu ilə bağlı problemlər qalmaqdadır. Bütövlükdə tibbi sığorta ilə bağlı biliklərin aşağı olması icbari tibbi sığortanın inkişafını tormozlayan faktorlardan biridir”.
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, «İcbari tibbi sığorta haqqında» Qanun hələ 28 oktyabr 1999-cu ildə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən imzalanmışdı. Qanunun tətbiqi üçün Nazirlər Komitəsinə zaman verilmişdi. Amma artıq 16 il keçməsinə baxmayaraq, hələ də qanun işləmir: “Maliyyə naziri Samir Şərifov gələn ildən qanun qüvvəyə minəcəyini söylədi, amma bunun üçün alt yapı hələ də hazır deyil. İcbari tibbi sığortaya keçid üçün bütün səhiyyə sisteminin idarəedilməsi yenidən qurulmalıdır. İcra hakimiyyətlərinin nəzdində səhiyyə idarələri ləğv edilməli, nazirliyin isə inzibati müdaxilələri minimuma enməlidir. Bundan başqa, maaşlar leqallaşmalı, əmək müqavilələri sərtləşməli, müqavilə zamanı icbari tibbi sığortanın şərtləri müəyyən edilməli, işəgötürənlə işçi arasında ödəniş bölgüsü olmalı, dövlət büdcəsindən də əlavə stimullaşdırıcı pay, məbləğ ayrılmalıdır. Bu çox böyük bir iş həcmidir, hələ ki bu işlərlə bağlı prosesin getdiyi haqqında məlumat yoxdur. Çünki dövlət və hökumət strukturları da, məmurlara bağlı biznes çevrələri də bu qaydaların tətbiqini istəmirlər. Sığorta tətbiq edilərsə, icra hakimiyyətinin həkimlərdən bir seçki və inzibati resurs kimi istifadə etməsinə də son qoyulacaq”.
 
 
Ekspertlər bildirirlər ki, ölkədə tibbi icbari sığortanın tətbiqi üçün illərdir ki, qanunvericilik bazası yaranıb. Lakin hələ də bu mexanizm işə salınmayıb. İcbari sığortanın tətbiqi üçün eyni adlı fond yaradılacağı da bildirilirdi. Bildirilir ki, bu addımın atılmamasının səbəbləri çoxdur, əsası ümumi sistemdə yaşanan problemlərdir. Yəni əhalinin böyük əksəriyyəti qeyri-leqal əmək fəaliyyəti göstərir, əmək müqavilələri bağlanılmır, vergidən yayınmalar olur. Tibbi icbari sığortaya keçid üçün bu çox önəmli məsələdir, yəni bunun üçün leqal maaş, leqal vergi sistemi tənzimlənməlidir ki, bu mexanizm işə düşsün. Bu sistem bir çox səhiyyə işçilərinin və dövlət strukturlarının marağında olmadığından proses ləngiyir. 
 
Həmçinin bildirilir ki, icbari tibbi  sığorta vətəndaşların səhiyyə xərclərinin azalmasına, işsiz insanların səhiyyə xidmətlərindən yararlanmasına köməklik göstərəcək. Bu sistem əhalinin istədiyi səhiyyə müəssisəsində müalicə və müayinə olunmaq imkanı verəcək. Maddi imkandan asılı olmayaraq, hər kəs arzu etdiyi şəkildə müalicə ala biləcək. Həkim və xəstə arasında qeyri-leqal ödəniş problemi də aradan götürüləcək.
 
Son olaraq, bu ilin oktyabrında maliyyə naziri Samir Şərifov sosial sığortadan danışıb və bildirib ki, gələn ildən Azərbaycanda da tibbi sığorta tətbiq olunacaq.
 
Qeyd edək ki, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlət tərəfindən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək, xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək. 
Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına da gətirib çıxaracaq.
Cia.az