|
MDB ölkələri üçün İŞİD təhlükəsi...
İŞİD-in Azərbaycanın dəniz sərhədlərindəki postsovet respublikalarına girməyə cəhd etdiyi barədə xəbərlər yayılmaqdadır. Terror qruplaşmasının Türkmənistana girməsi xəbəri yayılıb, Sərhəddə qanlı döyüşlərin getdiyi, Azərbaycanın da daxil olduğu bölgə ətrafında proseslərin getdikcə bir qədər gərginləşdiyi yayılan xəbərlər sırasındadır.

Bildirilir ki, böyük güclərin başının Suriyaya, Yaxın Şərqə, İŞİD məsələsinə qarışdığı vaxtda İŞİD də öz təsirini daha geniş ərazilərə yaymaq taktikasına təcili düzəlişlər eləməkdədir. Hədəfdə isə artıq həm də terror qruplaşmasının güclü olduğu Əfqanıstanla sərhəd müsəlman postsovet ölkələridir. Bu yöndə ilk ciddi cəhd, “sınaq yoxlanışı” ötən ay artıq baş verib. Tacikistanda müdafiə nazirinin müavini Abdulhalim Nazarzodanın başçılıq elədiyi qiyam əslində bunun xəbərçisi idi. 
 
Təhlilçilərin fikrincə, İŞİD başda olmaqla, terror qruplaşmaları belə bir taktika ilə ən əvvəl böhran arealını böyütmək, böyük güclərin, o sırada Rusiyanın diqqətini Yaxın Şərqdən, Suriya və İraqdan yayındırmaq niyyəti güdür.
 
Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya Suriyada İŞİD-i və müxtəlif radikal dini qruplaşmaları bombardman etməklə onların səmtini, hədəflərini dəyişdirib. Səudiyyə Ərəbistanının 50 din xadiminin cihad elan etməsi, Əl-Nusra qruplaşmasının, İŞİD-in, Talibanın Rusiyaya cihad elan etməsi çox təhlükəli tendensiyadır. Bu gün Türkmənistan, Qazaxıstan və Tacikstan ərazilərində hələ ki məşq edən qüvvələr İŞİD-ə biət eləyən talibançı qüvvələrdir. Talibançılar Rusiyaya xəbərdarlıq etmək üçün öncə Əfqanıstanın paytaxtı Kabildəki Rusiya səfirliyinin qarşısında kamikadze özünü partlatdı. İndi isə Taliban elan edir ki, onun beş min nəfərdən artıq silahlı dəstəsi İŞİD-in tabeçiliyinə girir və bundan sonra əsas məqsədləri Rusiyaya qarşı mübarizədir. Rusiyaya qarşı mübarizə üçün isə onlar öncə Rusiyanın cənubundakı postsovet respublikalarını təhdid etməlidirlər: “Bu təhdid artıq başlayıb. Türkmənistan sərhədində bu ölkənin qoşunları ilə atışma ilk siqnaldır. Tacikistan ətrafında da vəziyyət gərginləşə bilər. Ancaq İŞİD və Taliban üçün ən yaxın yol kimi Türkmənistan və Qırğızıstandır.  
Düzdür, Qırğızıstanla Əfqanıstanın sərhədi yoxdur. Amma terrorçular bura da sıza bilərlər. Hesab edirəm ki, postsovet respublikalarına hücum barədə İŞİD-in yaydıqları daha çox təbliğat xarakteri daşıyır. İŞİD-in elə bir gücü yoxdur ki, bu ölkələrə böyük miqyaslı hücum etsin və eyni vaxtda 3-4 respublikada hərbi əməliyyatlar həyata keçirsin. Lakin bu o demək deyil ki, İŞİD heç bir zaman bu bölgələrə gələ bilməz. İŞİD-in Şimali Qafqaza gəlmək ehtimalı daha böyükdür. Gürcüstanın Pankisi dərəsindəki çeçenlərin hamısı İŞİD-ə biət edən qüvvələrdir. Çeçenistanın bəzi bölgələrindəki çeçenlər də İŞİD-ə yaxın qüvvələrdir. Bunlar çox asanlıqla Şimali Qafqazda hərbi əməliyyatlara başlaya bilərlər. Gürcüstan çeçenlərin Şimali Qafqaza doğru yürüşünə elə də müqavimət göstərmir. Rusiya Gürcüstan ərazilərini işğal etdiyindən Rusiyaya qarşı hər hansı hərəkətə onlar mane olmurlar, əksinə, dəstək verirlər. Rusiyaya bax bu ərazidən İŞİD-in sızması daha çox inandırıcıdır. Şimali Qafqaz, eləcə də Gürcüstanın əraziləri İŞİD-çilər üçün ən münasib bölgədir. Bu isə regionun aparıcı ölkələrindən olan Azərbaycan üçün də istər-istəməz təhlükə deməkdir”.

Politoloqun sözlərinə görə, Vladimir Putin həyəcan təbili çalarkən keçmiş postsovet respublikalarını ümumi bir cəbhə təşkil etməyə çağırmaqla əslində özünə qarşı olan bir təhlükəni neytrallaşdırmağa çalışır:“Son günlər Suriya ərazisində rusların fəallığının azalması belə bir fikir yaradıb ki, Rusiya ola bilsin Qərblə Bəşər Əsəd barəsində müəyyən kompromisə gedib. Bəşər Əsədin 21 oktyabrda Moskvaya getməsini də bununla əlaqədar saymaq mümkündür. Ola bilsin ki, Suriyada müvəqqəti keçid hökumətinin formalaşdırılması üçün Rusiya ilə Qərb arasında razılaşmalar meydana çıxıb. Rusiya artıq görür ki, Suriyada hərbi əməliyyatları genişləndirdikcə, özünün sərhədləri üçün təhlükələr yaranmağa başlayır. Artıq İŞİD-çilər Allahın adına and içməklə əmin ediblər ki, onlar Rusiyanı qəlbindən vuracaqlar. Ona görə də Rusiya MDB ölkələrini İŞİD-lə birgə mübarizəyə çağırmaqla bərabər, mütləq Qərblə də dil tapmalıdır. İŞİD-in postsovet respublikalarında hərbi əməliyyatlara başlamasının qarşısını almaq üçün yerüstü əməliyyatlara başlamalıdırlar”.
Cia.az