Oktyabrın 20-si gecəsi Suriya prezidenti Bəşər Əsəd Rusiyaya qəfil səfər edib. Səfər çərçivəsində o, prezident Vladimir Putinlə görüşüb və dərhal da Suriyaya geri dönüb. Qeyd edək ki, bu, Əsədin Suriyada qanlı vətəndaş müharibəsinin başladığı 2011-ci ildən sonra xaricə ilk səfəridir.
Görüşlə bağlı Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Əsəd və Kreml başçısı Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi və Suriya ordusuna Moskvanın yardımını müzakirə ediblər. Geniş tərkibdə keçiriən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də iştirak edib. “Danışıqlar kifayət qədər uzun oldu, mövzular isə hamıya bəllidir”, - deyə Kreml sözçüsü qeyd edib.
Qlobal terror təhlükəsindən danışan Rusiya lideri keçmiş SSRİ məkanı ölkələrindən 4 minə yaxın adamın İŞİD sıralarında vuruşduğunu deyib. “Təəssüf ki, keçmiş Sovet İttifaqı ölkələrindən ən azı 4 min adam Suriya ərazisində əlində silah hökumət qüvvələrinə qarşı vuruşur. Bu, bizi narahat edir. Əlbəttə ki, biz artıq hərbi təcrübə qazanmış və ideoloji hazırlıq keçmiş o adamların Rusiya ərazisinə gəlməsinə imkan verə bilmərik” - vurğulayıb Vladimir Putin.
Rusiyanın Suriyada bombardmanlara başlamasının 21-cü gününə təsadüf edən bu səfərlə bağlı məlum səbəbdən ətraflı bilgi verilməsə də aydındır ki, diqqət mərkəzində Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra yaranmış durumun birgə qiymətləndirilməsi və atılacaq sonrakı addımlar olub. Hansı addımlar?
Bunlar yəqin ki, az sonra bilinəcək. İstisna deyil ki, Suriya prezidenti Putindən hava zərbələrinin ardınca quruda da hərbi dəstək istəsin. Hər halda Rusiyanın üç həftəlik aviazərbələrinin Əsədə sadiq qüvvələrin irəliləməsinə ciddi köməyi dəyməyib - bir neçə simvolik uğurlar istisna olmaqla.
Lakin Rusiya, konkret olaraq, Putin bir neçə dəfə bəyan edib ki, Moskva Suriyaya quru qoşunları göndərməyə hazırlaşmır. Çünki ehtiyat edir ki, bu halda canlı və başqa itkiləri böyük olacaq, üstəlik də “Əfqanıstan sindromu” təkrarlana bilər ki, bu da onun Suriya böhranından istifadə edərək böyük güc imicini bərpa eləmək marağına sarsıdıcı zərbə olar.
Rəsmi Kreml sözsüz ki, ən əvvəl bu hədəfi götürüb və Suriya böhranının siyasi vasitələrlə həllində ABŞ və Türkiyə ilə bərabər oyunçular kimi iştiraka can atır. ABŞ və Türkiyə isə Kremlin və İranın müttəfiqi olan Bəşər Əsədi post-müharibə Suriyasının hakimiyyətində görmür. Onunla müvəqqəti danışıqları mümkün sayır, lakin ölkənin gələcəyində ona yer ayırmırlar.
Yeri gəlmişkən, bu arada rəsmi Ankara Suriyada hakimiyyətin təhvil verilməsi planına dəstək verməyə hazır olduğunu bəyan edib. Həmin plana görə, Əsəd öz postunda simvolik olaraq daha 6 ay qalacaq. Bu barədə “Reuters” agentliyi Türkiyə hökumətindəki iki yüksək çinli məmura istinadən xəbər yayıb.
Onlardan birinin sözlərinə görə, hazırda plan üzərində iş davam edir. Bu plana əsasən, Bəşər Əsəd hakimiyyətdən çəkilməlidir. “Biz bu məsələnin ABŞ və digər müttəfiq ölkələrlə müzakirəsində müəyyən irəliləyişə müvəffəq olmuşuq. Biz dəqiq bilmirik 6 aylıq mərhələ nə vaxt başlayacaq, ancaq düşünürük ki, bu, tezliklə baş verəcək” - qeyd edib mənbə.
Bəzi ehtimallara görə, Əsədin gözlənilməz Moskva səfəri bu planla da bağlı ola bilər. Belə bir versiyanı gücləndirən amillərdən biri artıq deyildi - Rusiyanın üç həftədir davam edən bombardmanları nə ona, nə də Dəməşqə umulan ildırım sürətli siyasi və hərbi dividenti gətirməyib.
İkinci amil odur ki, Rusiyanı Bəşər Əsədin taleyindən öncə Suriyada, Yaxın Şərqdə möhkəmlənmək, regionun aparıcı oyunçularından biri statusunu qazanmaq maraqlandırır. Əksər analitiklərə görə, Putin bu yolda Əsədi asanca “xərcləyə” də bilər.
Maraqlıdır ki, Bəşər Əsədin qəfil Moskva səfərindən dərhal sonra Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefonda Əsədin Moskva səfərinin yekunlarını müzakirə ediblər. Məlumatlına görə, bu barədə Türkiyə telekanalları Ərdoğan administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Söhbət zamanı Türkiyə lideri Suriyadakı hərbi əməliyyatların genişlənməsi səbəbindən qaçqın axınının güclənə biləcəyindən narahatlıq ifadə edib. Ərdoğan Putinin diqqətini həmçinin, qadağan edilmiş terrorçu PKK ilə kürdlərin Suriyadakı partiyası (PYD) arasında əlaqələrə cəlb edib. İki ölkənin rəhbərləri bu məsələləri daha ətraflı şəkildə G 20-nin gələn ay Antalyada keçiriləcək sammiti çərçivəsində müzakirə eləmək barədə razılığa gəliblər.
Cia.az
