MDB-yə daxil olan dövlətlərin dollardan imtina məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bəyanatdan irəli getməyib. Sonuncu dəfə bir ay əvvəl bir sıra MDB ölkələrinin valyuta bazarlarının inteqrasiya edilməsi ilə bağlı imzalanmış sazişin ratifikasiyasına dair qanun layihəsi təsdiq üçün Rusiya parlamentinə təqdim olunub.
Bir neçə gün əvvəl isə dövlət başçısı İlham Əliyev bu fikrə dəstək verib. MDB-nin Qazaxıstanda keçirilən sammitində çıxışı zamanı o bildirib ki, MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib: “Biz hesablaşmaları dollarla apardığımızdan bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi”.
Ekspertlər isə MDB ölkələrinin dollardan imtinası məsələsinə fərqli yanaşırlar. İqtisadçı Natiq Cəfərli bildirdi ki, dollardan imtina çox çətin bir məsələdir: “Əslində bunun həyata keçirilməsi üçün çoxlu sayda addımlara ehtiyac var. MDB ölkələrinin valyutasının məzənnəsi də əslində bir-birilərinə nisbətdə deyil, məhz ABŞ dollarına nisbətdə müəyyənləşdirilir. O nisbətdə də bir-birilərinə olan məzənnə müəyyənləşdirilir. Məsələn, Azərbaycanda rublun məzənnəsi Rusiyadakı birjalarda gedən proseslərlə deyil, rublun dollara qarşı olan məzənnəsinin və Azərbaycan manatının dollara qarşı olan məzənnəsinin çarpaz kursundan müəyyənləşdirilir. Dollarsız bu məzənnənin müəyyən olunması mümkünsüz olacaq. Məsələn, Azərbaycan Qazaxıstandan taxıl alırsa, bunu təngə, yaxud manatla almalıdırsa, onun qiymətini müəyyənləşdirmək üçün taxılın dünya bazarındakı qiymətinə nəzər salmaq lazımdır. Bu da dollarla hesablanır. Dolların təngəyə olan nisbəti müəyyənləşdiriləcək, həmin məzənnəyə uyğun olaraq da Azərbaycan ödəniş edəcək. Yəni əslində öz valyutaları ilə ticarət dövriyyəsinin yaradılmasında iş daha da çətinləşir. Bir əməliyyat yerinə iş adamları iki, bəzən üç əməliyyat aparmağa məcbur olacaqlar. Dünyada ölkələrin ticarət dövriyyəsinin 80 faizə yaxını dollarla aparıldığından, inanmıram ki, Azərbaycanın daxil olduğu MDB məkanında bununla bağlı hər hansı bir ciddi addımlar atılsın. Ən azı, yaxın gələcəkdə bunun olacağına inanmıram. Digər tərəfdən, Azərbaycanın ticarət balansına baxdıqda görürük ki, əsas ticarət patnyorlarımız Avropa Birliyi ölkələri, ABŞ, İsrail, Şərq ölkələridir. MDB ölkələrində Rusiya ilk onluqda yer alır, qalan ölkələr heç onluğa da düşmür. Əsas ticarət tərəfdaşlarımız bu ölkələrdir.
Bu ölkələrlə Azərbaycan məhz ya ABŞ dolları ilə, bəzən isə avro ilə ticarət etməyə üstünlük verir. Bizim əsas ticarət tərəfdaşlarımız MDB-yə daxil olmayan ölkələr olduğundan, Azərbaycanın belə bir MDB məkanında öz milli valyutaları ilə ticarət dövriyyəsi etmək istəyi bir az anlaşılmaz olacaq. Çünki azərbaycanlı iş adamları bunun üçün bir neçə əməliyyat həyata keçirməli olacaqlar. Ona görə düşünürəm ki, bu fikirlər bəyanatdan uzağa getməyəcək. Bu işin perspektivi çox müəmmalı götünür”.
Ekspert Fikrət Yusifov isə qeyd edib ki, bu, yeni məsələ deyil və artıq bir xeyli müddətdir ki, hər dəfə Rusiya hökumətinin təşəbbüsü ilə müxtəlif səviyyələrdə müzakirələrə çıxarılır: “MDB məkanında olan ölkələrin iqtisadiyyatının dünya bazarlarında gedən mənfi proseslərdən maksimum sığortalanması və bu ölkələr arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri son illərdə daha aktual əhəmiyyət kəsb etməyə başlayıb.
Bu məqsədlə MDB ölkələri arasında aparılan ticarət əlaqələrində milli valyutalardan istifadə edilməsi təşəbbüsləri zaman-zaman gündəmə gətirilir. Söhbət əsasən MDB ölkələri arasında vahid maliyyə bazarının yaradılmasından gedir. Bu mexanizmin işlənib hazırlanması və onun tətbiqi təbii ki, uzun prosesdir. Burada atılacaq hər addım hərtərəfli ölçülüb-biçilməlidir. Ortaya elə bir mexanizm qoyulmalıdır ki, onun tətbiqindən bir ölkənin iqtisadiyyatının qazanıb, digərinin isə itkiyə məruz qalınmasına yol verilməsin. Elə bu səbəbdəndir ki, Azərbaycan prezidenti rusiyalı həmkarının bu təklifini müsbət qarşıladığını bildirməklə, ”Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar",- demişdi. Əslində dünyada belə təcrübə əski Sovetlər Birliyində olub. Stalinin göstərişi ilə SSRİ Nazirlər Soveti 28 fevral 1950-ci il qərarı ilə rublun dollara bağlılığını ləğv edib, onun qızıla bağlanması barədə qərar qəbul etdi və bununla da ilk dəfə olaraq milli valyutanın dollara bağlılığı aradan götürülüb. BMT-nin aidiyyəti strukturları həmin dövrdə Sovet İttifaqından sənaye və elm tutumlu ixracatının səmərəliliyinin iki dəfədən çox artdığını təsdiqləmişdi. Bu qərar digər tərəfdən həmin dövrdə sovet sənayesinin bir çox sahələrinin sürətli inkişafına təkan vermişdi. Bu tarixi faktı yada salmaqla biz heç də keçmişdə atılmış hər hansı bir addımın bu gün də təkrarlanmasını təklif etmək istəyində deyilik. Bununla, sadəcə, onu demək istəyirik ki, hər bir vəziyyətdən çıxmağın daha səmərəli yollarını axtarıb tapmaq mümkündür. O cümlədən də hesablaşmaların dollar-avro məzənnəsinə bağlılığının aradan qaldırılmasının da ən səmərəli yollarını axtarıb tapmaq olar".
Cia.az
