Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. Qanun layihəsi millət vəkilləri tərəfindən müzakirəsinə çıxarılmadan səsə qoyularaq qəbul edilib.
Dövlət başçısının sahibkarlarla bağlı verdiyi və “iqtisadi inqilab” hesab oluna biləcək qərarı ekspertlər tərəfindən müsbət dəyərləndirilir.
Ekspert Qadir İbrahimli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, sözügedən fərmanlar təqdirəlayiqdir: “Normal qiymətləndirirəm. Ancaq mən hesab edirəm ki, bu, keçid dövrü üçün verilən bir qərardır. Yəni postneft dövrünə keçid üçün verilən qərardır. Yaxşı olardı ki, bu qərarın icra müddəti iki il yox, daimi olsun. Ölkədə biznes mühiti normallaşsın. Ancaq bütün hallarda bu, keçid dövrü üçün verilən qərardır. Yoxlamaların dayandırılması, həm də lisenziya verilməsi səlahiyyətinin ”ASAN xidmət"ə verilməsi Azərbaycanda biznes mühitinin xeyli dərəcədə yaxşılaşmasına xidmət edəcək. Ancaq bu addımlar biznes mühitinin sağlamlaşdırılması, qeyri-neft sektorunun inkişafı baxımından tam yetərli sayıla bilməz. Daha yaxşı olardı ki, vergi sisteminin normallaşdırılması, sahibkarlardan qeyri-rəsmi ödəniş alınması, eyni zamanda gömrük sisteminin normallaşdırılması baxımından addımlar atılsın. Əgər bu addımlar da atılarsa, Azərbaycanın biznes mühitində kardinal dəyişikliklər baş verər".
Ekspert Fikrət Yusifov isə qeyd edib ki, dövlət başçısının imzaladığı məlum fərman ölkədə sahibkarlığın sürətli inkişafına çox ciddi təkan verəcək: “Bunu 9 ayın yekunlarına həsr olunmuş müşavirədə prezidentin çıxışının məntiqi nəticəsi kimi dəyərləndirirəm. Bu fərman qeyri-neft sektorunun inkişafı kimi hədəfə doğru atılmış olduqca mühüm bir addımdır. Heç şübhə etmirəm ki, bunun davamı da olacaq”.
Onun sözlərinə görə, sahibkarlar bu fərman və qərarlarla normal fəaliyyət göstərə biləcəklər: “Son illər ərzində ölkə iqtisadiyyatının neft amilindən asılılığının minimuma endirilməsi istiqamətində hökumətin atdığı məqsədyönlü addımlar Ümumi Daxili Məhsulun strukturunun əsaslı şəkildə dəyişilməsinə gətirib çıxara bilmişdi. Bu kursun bundan sonrakı dövrdə daha da səmərəli aparılması və bu yolda daha yaxşı nəticələrin əldə edilməsi isə bu gün ölkədə sahibkarlığın inkişafına əngəl ola biləcək bütün maneələrin aradan qaldırılmasından birbaşa asılıdır. Bu maneələrdən biri də ölkədə sahibkarların müəyyən fəaliyyət növlərinə lisenziyaların və xüsusi icazələrin sayının həddindən artıq çox olmasıdir.
Son on ildən bir qədər artıq vaxt ərzində lisenziyaların sayı iki dəfəyə yaxın artaraq 60-a çatıb. İlk növbədə sahə maraqlarından çıxış edən aidiyyəti qurumlar zərurət olan və olmayan fəaliyyət növlərinə lisenziyalar müəyyən etməklə bu yolla sahibkarları özlərindən asılı vəziyyətə salmağa və çirkin əməllərə münbit şərait yaradılmasına nail olmuşdular. Elə bu səbəbdəndir ki, oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkədə bu halların mövcudluğundan narahatçılığını ifadə edən ölkə prezidenti lisenziyaların artmasından narazılığını bildirib. Lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış bu vəziyyətin aradan qaldırılması yolunda elə ilk və cəsarətli addımı da prezident özü atdı. Onun oktyabr ayının 19-da ”Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq, lisenziya tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" imzaladığı fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil, bütövlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu.
Əslində çox sadə görünən bir işin- lisenziyanın əldə edilməsinin çətinliklərini yaşamış sahibkarlar prezidentin bu addımını alqışladı. Çünki bu yolun nə qədər çətin bir yol olduğunu ilk növbədə onlar çox yaxşı bilirlər. Fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan bütün növləri üzrə xüsusi razılıq verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir və nazirliyə xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi barədə ölkə başçısına təkliflər vermək tapşırığı verilib. Bütövlükdə bu məsələlərin bir mərkəzdən idarə edilməsi çox vacib idi ki, bu da öz həllini fərmanda tapdı. Lisenziya və xüsusi icazələrin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə verilməsi bu işdə vətəndaş - məmur təmaslarının əsaslı şəkildə aradan qaldırılması deməkdir. Fərmanda ən çox diqqəti cəlb edən məqamlardan biri isə sahə qurumlarının zəruri hallarda rəyinin soruşulması və bu sorğuya müəyyən edilmiş vaxtda cavab verilmədikdə onların rəyinin avtomatik olaraq müsbət olduğu qənaətinə gəlinməsidir.
Hesab edirəm ki, bu məsələdə İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri sahə qurumlarının verəcəkləri rəylərin obyektivliyini, onların qərəzli olub-olmaması hallarını da araşdırmaq səlahiyyətinə malik olmalıdırlar. Qərəzli rəy verildiyi halı müəyyən olunarsa həmən rəy müsbət rəy kimi qəbul olunmalıdır. Əks halda, sahə qurumları “mənfi rəy” verməklə sahibkarlara “təsir etmək” fürsətindən yararlana bilərlər. İqtisadiyyat və Sənaye Nazirliyinə belə səlahiyyətin olması o demək olacaq ki, lisenziya və xüsusi razılıq verilməsi işində sahə strukturları məmur-vətəndaş təmaslarından tam məhrum olacaqlar. “Elektron lisenziya” portalının yaradılması isə bu məsələdə tam dönüş edilməsi demək olacaq".
Cia.az
