Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasda Milli Məclisə seçkilərdə exit-poll keçirmək istəyən qurumların müraciətinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan seçki təcrübəsində exit-poll artıq reallığa çevrilib və bununla bağlı ölkədə ixtisaslaşmış qurumlar fəaliyyət göstərir. Onun təklifi ilə Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası exit-poll aparacaq təşkilatlar kimi qeydiyyata alınıb.
MSK sədri Məzahir Pənahov isə seçki bülletenlərinin çapının 21 oktyabrda başa çatacağını və 22 oktyabrda bülletenlərin paylanacağını bildirib. Onun sözlərinə görə, MSK-da 27 beynəlxalq təşkilatdan 318 beynəlxalq müşahidəçi qeydə alınıb və bu müşahidəçilər 42 ölkəni təmsil edir.
Məzahir Pənahov gənclərin seçkidə fəallığı ilə bağlı keçirilən tədbirdə isə bildirib ki, müəyyən xarici qüvvələr bəzi seçicilərin narazılığından istifadə etməyə çalışırlar.
Bu arada Müsavat Partiyası özünün seçki platformasını yayıb. “Azad İnsan - Azad dövlət!” şüarı ilə başlayan seçki platforması indiyə qədər Müsavatın konstitusiya islahatlarına, iqtisadi və sosial islahatlara dair hazırladığı çoxsaylı proqramlarda təsbit edilən əsas ideya və yanaşmaları əks etdirir. Seçki platformasında Azərbaycanın inkişafı üçün ilk növbədə demokratiyanın qurulmasının vacibliyi, Avropa Birliyinə inteqrasiyanın zəruriliyi vurğulanır.
Platformada Qarabağ probleminin həlli ilə bağlı ayrıca bölüm yer alır. Bildirilir ki, ölkədə demokratiya qurulmayınca Qarabağın azad olunması, sülh danışıqlarının ədalətlə nəticələnəcəyi mümkün deyil.
Seçki platformasında bəyan edilir ki, əhalinin ağır sosial vəziyyəti nəzərə alınaraq, 5 min manatadək olan kredit borcları, 10 min manatadək olan kredit borclarının faizləri ləğv edilməlidir. İstehsalın inkişafına, vətəndaşın öz evinin inşasına və övladlarının təhsilinə xərclədiyi vəsait vergidən azad edilməlidir. Ölkəmiz tezliklə Dünya Ticarət Təşkilatına daxil olmalıdır. Bu islahatları dəstəkləyən beynəlxalq qurumlarla əməkdaşlıq səviyyəsi yüksəldilməlidir. Səhiyyə və təhsil sisteminin inkişafı ilə də bağlı sənəddə geniş yazılıb.
Cia.az
