|
Cahangir Hacıyevin bank sektorundakı sonuncu adamı da vəzifəsini itirdi
“Bank Technique” ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılov tutduğu vəzifəni tərk edib. APA-nın xəbərinə görə, sədr öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb. Belə ki, oktyabrın 16-da keçirilən bankın səhmdarlarının yığıncağında R. İsmayılovun işdən çıxması ilə bağlı yazdığı ərizəyə baxılıb və sədrin ərizəsi qəbul olunub.
“Bank Technique”də maliyyə problemi yeni deyil. Hələ 2012-ci ilin aprelində “Texnikabank” (o vaxt belə adlanırdı) ASC-nin rəhbərliyi həbs edildikdən sonra bu bank Beynəlxalq Bankın İdarə Heyətinin o vaxtkı rəhbəri Cahangir Hacıyevin idarəçiliyinə keçmişdi. “Texnikabank” ASC-yə nəzarət uğrunda Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da səy göstərirdi. Amma o zaman hakimiyyətdən ciddi dəstəyi olan C.Hacıyev banka nəzarəti ələ aldı və E.Rüstəmov oyundankənar vəziyyətdə qaldı. Bundan sonra bankın adı dəyişdirilərək “Bank Technique” adlandırıldı, Cahangir Hacıyevin müavini Rövşən İsmayılov banka rəhbər gətirildi. “Bank Technique” Müşahidə Şurasının yeni tərkibi də (Fuad Mürşüdlü və Rauf Ağayev) C.Hacıyevin işçilərindən təşkil edildi.  
C.Hacıyevin Beynəlxalq Bankdan istefasından sonra “Bank Technique”də araşdırma başladı. Çünki ən azı o səbəbdən ki, C.Hacıyevin paytaxt Bakıda elit yaşayış binalarının - “Azure Park” yaşayış kompleksinin tikintisini məhz “Bank Technique” maliyyələşdirib. Üstəlik, o da məlum olub ki, Beynəlxalq Bank kimi “Bank Technique”dən də iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb. Bu işdə də bəzi oliqarxların və iş adamlarının adı keçir. “Bank Technique”yə böyük məbləğdə və həm də girovsuz kredit götürmüş adamlar sırasında vəzifəli məmurların yaxın adamlarının olduğu da deyilirdi.  
Qeyd edək ki, hələ may ayında “Bank Technique”nin sədri Rövşən İsmayılovun saxlanılması barədə xəbər yayılmışdı. Sonradan bankdan təkzib edilən xəbərdə deyilirdi ki, R.İsmayılov “Beynəlxalq Bank işi”nin istintaqını aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Saxlanılanlar sırasında bankın “Xəzər” filialının rəhbəri olan Fərid Məmmədovun (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) da adı çəkilirdi.
 
Eldar Mahmudovun istefaya göndərilməsindən sonra  C.Hacıyevə həbsxana qapısı görünüb. Hələ bir müddət əvvəldən onun bütün adamlarının bank sektorundan təmizlənməsinə başlanılıb. Beynəlxalq Bankın bütün rəhbərliyi yeniləndikdən sonra növbənin “Bank Technique”yə çatacağı gözlənilən idi.
Cia.az