|
Rusiya üçün “Suriya bataqlığı”:
Rusiya son vaxtlar beynəlxalq rəqiblərinə meydan oxuyur. Hər halda, Rusiyanın gözlənilmədən Suriyada peyda olması belə təsəvvürlərə əsas yaradır. Ukrayna uğursuzluğundan sonra Kremlin öz siyasi iradəsini bütün dünyaya nümayiş etdirmək üçün yeni hərbi-siyasi poliqona ehtiyacı var idi. Və bu baxımdan, Rusiyaya Suriyadakı hərbi-siyasi proseslərə müdaxilə şansı tanınması Kreml üçün göydəndüşmə imkan oldu.
Çünki Rusiya beynəlxalq mövqelərini qoruyub saxlamaq üçün əlindən gələn hər şeyi etməyə hazırdır. Ukrayna itkisi Rusiyanı güncə sıxışdırıb. Üstəlik, Rusiya Suriyanı özünün nəzarət bölgəsi hesab edir. Və Bəşər Əsəd hakimiyyəti Kreml üçün böyük əhəmiyyət daşıyır. Bu hakimiyyəti dəyişərsə, Rusiyanın Suriyadakı, o cümlədən, Yaxın Şərqdəki yeganə dayağı da sıradan çıxarılmış olar. 
Kreml Suriyanın gözlənilmədən Rusiyanın “ovuc”una verilməsini öz uğuru hesab etsə də, ABŞ və Qərbin bu manevrində müəyyən qaranlıq məqamların olduğu da sezilir. Çünki Yaxın Şərq məsələsinə xüsusi həssaslıqla yanaşan ABŞ-ın Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına “göz yumması” Ağ Evin uzaqgedən ssenarilərinin ola biləcəyini büruzə verir.
 
Heç şübhəsiz ki, Rusiyanın Suriyaya müdaxiləsi ABŞ və Qərbin razılığı ilə baş verib. Böyük ehtimalla Ağ Ev Rusiyanı da “Suriya bataqlığı”nın içərisinə çəkməyə çalışır. 
Nəzərə almaq lazımdır ki, bu “bataqlıq” ABŞ və Qərb tərəfindən yaradılıb. Ancaq bu “bataqlıq” o qədər dərinləşib ki, ABŞ və Qərb artıq burada boğula biləcəyini hiss edir. Ona görə də, Rusiyanın da bu “bataqlıq”da çabalamasında maraqlıdır.
Məsələ ondadır ki, Suriyadakı silahlı qruplaşmaların mütləq əksəriyyəti Ağ Evin “siyasi-texnoloji əsər”idir. Ancaq son vaxtlar bu silahlı qruplaşmalar ABŞ-ın nəzarətindən çıxmağa başlayıblar. Ona görə də, indi Ağ Ev özünün yaratdığı silahlı qruplaşmaların əl-ayağını Rusiya bombaları vasitəsilə yığışdırmaq məqsədi güdür. Bu, Ağ Ev üçün silahlılara onların əsl sahiblərinin kimliyini xatırlatmaq imkanları açır. 
 
Digər tərəfdən, Rusiyanı “Suriya bataqlığı”na çəkməklə Ağ Ev həmin hərbi-siyasi poliqondakı maraq toqquşmalarını dərinləşdirməyə və “düyün nöqtələri”nin sayını artırmağa da nail olub. Belə ki, Rusiya Suriyaya hərbi müdaxilə etməklə son vaxtlar siyasi-iqtisadi cəhətdən yaxınlaşdığı Türkiyə ilə münasibətlərini qəlizləşdirib. Çünki Rusiya Əsəd rejimini, Türkiyə isə silahlı müxalif qruplaşmaları dəstəkləyir. 
Bu isə son vaxtlar ABŞ və Qərbin “üzünə ağ olan” Türkiyənin yenidən ənənəvi orbitə qaytarılması baxımından, Ağ Evə sərfəlidir. Hər halda, son günlər Türkiyə və Rusiya arasındakı qarşılıqlı ittihamlar və narazılıqlar intensivləşib.
 
Əlbəttə, Rusiyanın Suriyaya müdaxiləsinə imkan verilməsinin bir çox səbəblərini sadalamaq olar. Ancaq bütün səbəblərin sırasında ən önəmli sayıla biləcəyi Ukraynada sıxışdırılan Rusiyanın “Suriya bataqlığı”nda sarsıdılması cəhdləri ola bilər.
 
Təbii ki, Kremldə Rusiya üçün belə bir təhlükənin mövcudluğunu anlamamış deyillər. Və buna qarşı müəyyən əks addımların planlaşdırıldığı da qətiyyən şübhə doğurmur.
 
Ən azından ona görə ki, Rusiyanın təcrübəsində “SSRİ örnəyi” də var. Belə ki, indi baş verənlər təxminən vaxtilə SSRİ-nin başına gətirilənləri xatırladır. 
 
Məsələ ondadır ki, SSRİ-nin dağıdılması prosesi də illərlə davam etdirilmişdi. O dövrdə də Qərbin SSRİ ilə qarşıdurmasına paralel olaraq, neftin qiyməti sürətlə, həm də planlı şəkildə ucuzlaşdırıldı. Əsas maliyyə gəlirləri məhz neft ixracından olan SSRİ üçün bu, dağıdıcı keyfiyyətə malik olan “qurşaqdan aşağı zərbə” xarakteri daşıyırdı. 
 
Eyni zamanda ABŞ və Qərb SSRİ üçün daha bir “ölüm tələsi”ni Əfqanıstanda qurmuşdu. SSRİ rəhbərliyinin ABŞ və Qərblə rəqabətin predmeti kimi qəbul etdiyi Əfqanıstana eyforik şəkildə hərbi müdaxilə etməsi faciəvi sonluğu yaxınlaşdıran faktor oldu. Çünki Əfqanıstan SSRİ üçün uzun illər çıxa bilmədiyi “hərbi bataqlığa” çevrildi. 
 
Külli miqdarda maliyyə vəsaiti xərclənsə də, SSRİ “Əfqanıstan bataqlığı”ndan məğlubiyyətlə ayrıldı. Bundan qısa müddət sonra isə neftin ucuzlaşması və Qərblə kütləvi silahlanma rəqabətinin xərclərinə tab gətirməyərək, dünyanın siyasi-coğrafi xəritəsindən silindi.
 
İndi Rusiya ətrafında baş verənlər də təxminən bütün bunları təkrarlayır. Belə ki, neft sürətlə və məqsədyönlü şəkildə ucuzlaşdırılır. İqtisadi-ticari sanksiyalara məruz qoyulan Rusiyanın təsir dairəsinin daraldılması üçün Ukrayna böhranı da yaradılıb. Son olaraq isə illərlə Kremlin yaxın buraxılmadığı “Suriya bataqlığı” müəmmalı şəkildə Rusiyanın öhdəsinə verilib.
 
Göründüyü kimi, ciddi maliyyə-iqtisadi problemlərlə üzləşən Rusiya bu “hərbi bataqlıq”da batırılmağa çalışılır. Düzdür, Rusiya bu “bataqlıq”da müxtəlif manevrlərlə əsas zərbələrin ABŞ və Qərbin üzərinə düşməsinə cəhd göstərir. Kreml ABŞ və Qərbin Suriyadakı fəaliyyətinin neqativ məzmununu bütün dünyaya açmağa çalışır. Və müəyyən mənada da buna nail olur. Belə ki, Rusiya Ağ Evın dəstəklədiyi silahlı qruplaşmaları hava zərbələri ilə sarsıtmaqla yanaşı, Suriyadakı terorçulara ABŞ-ın silah yardımı etdiyini qabardır.
 
Belə anlaşılır ki, prezidenti Vladimir Putin Suriyada Rusiya üçün “tələ” qurulduğunu anlayır. Ona görə də, Suriyada müəyyən mənada “rus ruleti” oynamağa çalışır. Yəni “Suriya bataqlığı”nda Rusiyanın deyil, məhz ABŞ və Qərbin batırılmasının hesablamalarını aparır. Bu baxımdan, “Suriya bataqlığı”nın hansı tərəfi öz dərinliyinə çəkəcəyi hələlik məlum deyil.
Cia.az