|
Rusiya Qarabağa görə hədəfə gəldi

Prezidentlərin son görüşündən keçən 1 ilin tamamında konfliktin əsas baiskarı barmaqla göstərildi; Kremlə qarşı yeni ittihamlar var; Metyu Brayza: “Rusiya münaqişənin həllini istəmir...” 

Oktyabrın 26-da Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında baş tutmuş sonuncu görüşün bir ili tamamlanacaq. Ötən il Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə reallaşan görüş də əvvəlkilər kimi eyni nəticə ilə, daha doğrusu, nəticəsizliklə başa çatmışdı.

Lakin həmin görüşdə belə bir ilkin anlaşma olmuşdu ki, prezidentlərin növbəti görüşünə 2015-ci ilin sentyabrında - BMT Baş Məclisinin 70-ci yubiley sessiyası çərçivəsində, Nyu-Yorkda nail olunsun. Ancaq ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusən də amerikalı vasitəçi Ceyms Uorlikin səylərinə rəğmən, təşəbbüs həyata keçmədi. Azərbaycan prezidenti İlham Əliyev, ümumiyyətlə, Nyu-Yorka getmədi.
***
Bunun ardınca daha bir təmas şansı ötən həftəsonu MDB-nin Qazaxıstanda keçirilən sammiti çərçivəsində yaransa da, o da istifadəsiz qaldı. Azərbaycan və Ermənistan prezidentləri formallıq naminə birgə şəkil belə çəkdirmədilər. Halbuki MDB-nin əsas dominant ölkəsi kimi Rusiyanın lideri Vladimir Putin istəsəydi, buna asanca nail olardı. 
Əvəzində Qarabağ konfliktinin həlli vacibliyindən öz çıxışında Putin yox, onun belaruslu həmkarı Aleksandr Lukaşenko danışdı və tam haqlı olaraq qeyd elədi ki, bu kimi problemlərin MDB çərçivəsində həlli mümkün olsa da, hələ də bu şanslardan istifadə olunmur, nədənsə “Sem dayı”ya ümid edilir, Qərbdən kömək və təşəbbüs umulur və s. 

Əslində Lukaşenko bununla həm Putinin bostanına daş atmış olub, həm də keçmiş SSRİ məkanındakı münaqişələrə görə cavabdeh kimi Rusiyaya barmaq tuşlayıb, eyni zamanda MDB-nin “ölü” bir qurum olmasına, onun sammitlərinin səmərəsizliyinə diqqət yönəldib. Nəhayət, hamıya incə şəkildə ciddi işlə məşğul olmağı tövsiyə elədi. 
 
Əfsuslar olsun ki, MDB tipli qurumlara Kreml hələ də postsovet ölkələrini öz yanında saxlamaq vasitələrindən biri kimi baxır, buna ümid edir və MDB-nin Avrasiya Birliyinə “çevriləcəyi” günü gözləyir. Odur ki, Dağlıq Qarabağ kimi münaqişələrin həll olunmamış qalması postsovet ölkələrinə əsasən hərbi təsir vasitəsi olan Moskvaya hazırda daha sərfəli görünür, nəinki onun nizamlanması.  
 
 
Şübhəsiz ki, təmas xəttində gərginliyin artmasına rəğmən, Rusiya liderinin Astanada 5 dəqiqəliyə də olsa, üçtərəfli Putin-Əliyev-Sərkisyan görüşünü təşkil eləməməsi ən əvvəl bu imperativlə, həmçinin Qarabağ məsələsinin Moskvanın gündəliyində olmaması reallığı ilə ilgili idi. Acı gerçək belədir ki, şimal qonşumuz əlində misilsiz rıçaqlar qala-qala konfliktin həlində maraqlı deyil. Buna o, qardaş Türkiyə ilə münasibətlərin isti vaxtında da cəhd etməyibsə, Suriyaya görə Ankara ilə münasibətlərin soyuduğu indiki vaxtda gedəcəyi inandırıcı görünmür.                  
 
***
“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşıdakı görüşü heç bir nəticə verməyəcək”. Bu fikri “Trend”ə açıqlamasında ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, hazırda Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Onun sözlərinə görə, qarşıdakı görüşdən sonra münaqişənin nizamlanmasında sıçrayış gözləməyə dəyməz: “Tərəflər arasında etimad olmayanadək sülhə nail olmaq mümkün deyil. Görüşün nəticə verəcəyinə dair heç bir şans görmürəm, lakin etimadın yaradılmasına başlamaq üçün görüş baş tutmalıdır ki, bu da özlüyündə çətin və uzun prosesdir”.

Brayza ardınca qeyd edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, onu tərəflərə manipulyasiya etməyə imkan verən “nə sülh, nə də müharibə” vəziyyəti qane edir: “Rusiyaya da müharibə lazım deyil. Hazırda irəliləyiş üçün şanslar yoxdur”.
 
 
Diplomat əlavə edib ki, Azərbaycan mövcud vəziyyətdə ölkənin möhkəmləndirilməsi kursunu davam etdirməli bəzi islahatlar aparmaq, iqtisadiyyatın səmərəliliyini gücləndirmək üçün neftin qiymətlərinin düşməsi dövründən istifadə etməlidir: “Azərbaycan insanların həyat səviyyəsinin yaxşılaşdığı uğurlu, müstəqil, zəngin ölkədir. Azərbaycan möhkəmlənməyə davam etməlidir”.

M.Brayza onu da diqqətə çatdırıb ki, Ermənistan indiki vəziyyətdə müttəfiqi Rusiyadan, rus sərmayələrindən və energetikasından asılılığını azaltmalıdır: “Rusiya Ermənistanın bütün əsas infrastrukturuna sahibdir ki, bu da Sarkisyanın bu ölkə qarşısında mövqeyini çox zəif edir”.
 
***
Bu barədə dəfələrlə deyilib, yazılıb. Məsələ də ondadır ki, Ermənistan təkcə Qarabağ ixtilafına görə deyil, başqa məsələlərə görə - iqtisadi, energetik sferalar üzrə də Moskvada tam asılı vəziyyətdədir. Eyni səbəbdən münaqişənin həllində İrəvanın söz sahibliyi, faktiki, yoxdur. Bu mənada Azərbaycan prezidentinin Serj Sərkisyanla daha bir görüşünə əslində xüsusi lüzum yoxdur. İndiyədək baş tutan onlarla belə görüşün səmərəsizliyi də bunu sübut edir. 
 
 
Ondansa Putinlə Qarabağ danışıqları aparılsa, daha məntiqli və faydalı olar. Brayzanın son mesajının bir anlamı elə budur. Yəni nə qədər ki, Rusiya amilinin məsələyə ciddi və tormozlayıcı təsiri qalır, ilk növbədə bu amilin təsirsiz hala gətirilməsi təmin edilməlidir ki, sülh prosesi irəli aparılsın. İşğalçı Ermənistan öz tərəfindən buna Rusiyadan iqtisadi-hərbi asılılığa son qoymaqla çata bilər. Azərbaycan isə öz hərbi-iqtisadi qüdrətini və müstəqilliyini daha da gücləndirmək zorundadır. 
 
Söz yox ki, Qərbin, ABŞ-ın məsələyə müdaxiləsi də vazkeçilməz şərtdir - hansı ki, Yaxın Şərq, Suriya böhranına görə gözə dəymir. Ancaq nə vaxtsa Amerika Qarabağ münaqişəsinə də ciddi şəkildə girişməli olacaq. Ona görə ki, əks təqdirdə, Rusiya istədiyinə nail ola, münaqişə hesabına bütövlükdə bölgəni öz nəzarətinə keçirə bilər. 
 
Brayza bu xüsusda konfliktin uzanmasında əsas baiskarı barmaqla göstərib. Bu həm də Vaşinqtona aydın mesajdır ki, Ağ Ev problemin həllinə ciddi yanaşsın və tələssin, onu Kremlin monopoliyasından çıxarmaq üçün təsirli addımlar barədə düşünsün. Onu da unutmaq lazım deyil ki, bütün bunları uzun illər danışıqlar prosesinin içində olmuş, konflikt ətrafındakı situasiyadan indi də çox yaxşı məlumatı olan bir şəxs deyir.

Cia.az