Hər hansı bir rayona təyin edilən yeni icra başçısının ilk işi söküntü işlərinə başlamaq olur; təzə rəhbər özündən əvvəlki başçısının dövründə həyata keçirilən tikinti işlərini bəyənmir, yarımçıq qalan hansısa tikinti işlərini tamamlamaq əvəzinə onu və digərlərini də sökərək, özünün proyektlərini həyata keçirir. Bir ay öncə Səbayel rayonuna yeni təyin edilən başçı - Eldar Əzizov rayon ərazisində söküntü işlərinə start verib.
Bəs bunun əsl səbəbi nədir? Niyə yeni vəzifəyə təyin edilən şəxs dərhal söküntü işlərinə başlayır?
Tikinti-söküntü işlərinin dövlət büdcəsi hesabına həyata keçirildiyini nəzərə alsaq, bu “novatorluğun” dövlətimizə ziyan vurmaqdan başqa bir şey olmadığı bəlli olur.
İqtisadçı ekspert Vüqar Bayramov belə halların qarşısının alınması üçün strateji planlaşmanın tətbiq edilməsinə böyük ehtiyac olduğunu dedi: “Monitorinqlər göstərir ki, bəzi hallarda yeni təyin olunmuş icra başçısı köhnə tikinti işlərini dayandırır və ya tamamilə sökərək yeni inşa işləri aparır. Tikinti dövlət hesabına maliyyələşir. Ona görə də dövlət qurumları tərəfindən təsdiq edilməlidir ki, bu inşaat burada tikilib. Həmin tikinti tikilmədən əvvəl belə bir tikiliyə ehtiyacın olub-olmadığı əsaslandırılmalıdır. Əgər ehtiyac yoxdursa, həmin tikinti həyata keçirilmir. Yox, əgər ehtiyac varsa, bu tikintinin hansı müddətə tikilməsi və hansı müddətdə istifadə olunacağı müəyyənləşdirilməlidir. İnkişaf etmiş ölkələrdə dövlət qurumları hər hansısa bir tikinti işi aparmaq istəyəndə hökmən onu əsaslandırırlar. Strateji planlaşma sadəcə icra başçısının kim olmasında deyil, həmin tikintiyə ehtiyacın nə qədər olması və hansı müddətə həmin obyektdən istifadə etməyin üzərində olmalıdır. Ona görə də hökmən strateji planlaşmanın tətbiq edilməsinə ehtiyac var”.
Ekspert tikililərin sökülüb yenisi ilə əvəz edilməsinin hazırkı vəziyyətdə məqsədəuyğun olmadığını dedi:“Tikililərin sökülməsi və onun yenisi ilə əvəz edilməsi arzuolunan deyil. Çünki bu əlavə xərcdir”.
Məsələnin psixoloji tərəfləri də var; bəzi hallarda yeni icra başçısı sanki bu işi özünütəsdiq kimi həyata keçirir.
Psixoloq Dəyanət Rzayev icra başçılarının bu üsulunun korrupsiyanın bir növü olduğunu dedi: “Təsəvvür edin ki, bir bina tikilir və həmin binanın tikintisinə neçə milyon pul gedir. Sonra onu söküb tamamilə başqa bir tikili tikirlər. Yaxud da səkilərin, yolların yenilənməsi. Asfaltda itirilən pul heç bir yerdə itirilə bilməz. Məsələn, bir binanı tikəndə yüz il sonra da hesablamaq olar ki, bu tikiliyə nə qədər vəsait xərclənib. Amma asfalta gedən pulu heç vaxt hesablamaq olmur. Ona görə də Azərbaycanda yolları qəsdən özləri elə edirlər ki, gələn ilə xarab olsun və yenidən pul yeyilsin. Bütün bunlara da büdcədən pul gedir.
Bunlar olmasaydı, valideynlərimiz, məsələn, 1200 manat pensiya ala bilərdi. Böhrana məruz qaldığı deyilən Yunanıstanda camaat 1200 manat pensiya alır. Halbuki qiymətlər Azərbaycanda hər yerdən bahadır. Bütün bunlar da bu cür korrupsiyaların nəticəsidir. Harasa təyin edilən yeni icra başçısı gəlir və hesab edir ondan əvvəlki icra başçısı hansısa tikintini düzgün etməyib. Başlayır onu sökdürməyə. Belə olduğu təqdirdə yeyintilər köhnə icra başçısının üstündə qalır. Yeni icra başçısı da başlayır bu yolla yeməyə. Bu, psixoloji məsələdən daha çox, korrupsiya əlamətidir”.
Cia.az
