Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə ölkəmizin Qırğızıstandakı səfirliyinin dəstəyi, Bişkekdəki “Kurak” və “Simfoniya Ala-Too” İctimai birliklərinin təşkilatçılığı ilə Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında iki ölkənin opera müğənnilərinin konserti keçirilib.
Konsertdə Qırğızıstan hökumətinin üzvləri, digər rəsmi şəxslər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Dirijorlar Cumaxmatov adına Qırğızıstan Dövlət akademik simfonik orkestrinin dirijoru, Qırğızıstanın əməkdar artisti Raxat Osmanaliyev və beynəlxalq müsabiqələr laureatı, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev olublar. Konsertdə Opera və Balet Teatrının solistləri, əməkdar artistlər İlahə Əfəndiyeva, Fərid Əliyev, habelə Moldıbayev adına Qırğızıstan Opera və Balet Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Bakıt Ibıkeev, Daniyar Musayev, Kunduz Karıpaeva, Zaira Raimbekova çıxış ediblər.
Sonda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ifaçılara təşəkkürünü bildirib, onlara böyük uğurlar arzulayıb.
Cia.az
