|
Bakının su təhlükəsizliyi ilə bağlı məhkəmə prosesi uzadılır
Bakı Apelyasiya Məhkəməsinin İnzibati İqtisad kollegiyasında hakim Elşanə Vəliyevanın sədrliyi ilə Bakının Şərq hissəsinin - Nizami, Xətai, Səbayel, Suraxanı və Sabunçu rayonlarının içməli su təhlükəsizliyinə birbaşa aidiyyəti olan araşdırma getməsi haqda məlumat vermişdik. 
İllərdir davam edən məhkəmə prosesində yekun olaraq yeganə suala - Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən mübahisəli torpaq sahəsindən 1200 və 1400 mm diametrli su borularının keçib-keçmədiyinə aydınlıq gətirilməsidir. İlk baxışdan belə görünür ki, bu məsələni aydınlaşdırmaq su içmək qədər asandır. Amma məhkəmə proseslərindəki araşdırmalar, üzücü sorğu-suallar məsələnin həllinin heç də asan olmadığını, ədalətli qərarın verilməsinin ağırlığı ortaya çıxır. 
 
Hazırkı araşdırmaya səbəb olan iddia ilə “Azərsu” ASC çıxış edib. ASC rəsmiləri Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan torpaq sahəsinin üzərində aparılan tikintinin ləğv olunmasını istəyiblər. İşə 3-cü şəxs qismində “Buxar” Kollektiv Müəssisəsi və həmin xüsusi dövlət mülkiyyətində olan torpaq üzərində ev tikmiş Tamara Həmidova da qoşulublar. 
 
İş üzrə keçirilən son prosesdə  T.Həmidovanın vəkili Muxtar Mustafayev məhkəməyə mübahisəli torpaq sahəsinin qonşuluğunda olan “Fariz”, “Monolit F.B”, “Qoşqar M”, “Cənnət Məkan”, “Notinqem”, “İlqar M”, “Xəzər M”firmalarına borudan 5 metr aralıda restoranlar inşa olunmasına dair sənədlər təqdim edib. Vəkil ASC-ni müvəkkilinə münasibətdə ayrı-seçkilikdə ittiham etdi. 
 
Dedi ki, respublika ərazisində istifadədə olan boruların texniki pasportları hazırlanmır. O, mübahisəli ərazidən keçdiyi bildirilən su xəttindən saniyədə 3 kub metr suyun keçdiyi haqda ASC rəsmilərinin təqdim etdiyi sənədlərdəki qeydlərin doğru olmadığını məhkəmənin diqqətinə çatdırdı. Vəkilin sözlərinə görə, bu tipli su xəttlərində ötürücülük saniyədə 700 litrdən artıq deyil. 

Belə olan halda müvəkkilinə münasibətdə ayrı-seçkiliyin ona qarşı qərəzdən irəli gəldiyini söylədi: “Tamara neqrdır?” 
 
Prosesdə iştirak edən Nizami bələdiyyəsinin nümayəndəsi bildirdi ki, sözügedən torpaq sahəsində olan su xəttinin mühafizə zolağı 5 metrdir və bələdiyyə torpağı icarəyə verərkən həmin zolağı nəzərə alıb: “Həmin torpaq sahəsi icarəyə verilərkən torpaq Nizami bələdiyyəsinin deyildi. Vətəndaşın müraciətindən sonra Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub. Oradan torpağı bələdiyyənin balansına keçiriblər və torpaq Tamara xanımın qardaşının adına verilib”. 
 
Nümayəndə hakimin torpaqlarda, su xətləri keçdiyi halda hansı şərtlərlə icarəyə verilməsi haqda sualına belə cavab verdi: “Qayda belədir ki, torpaqdan su xətti keçirsə, ”Azərsu" ilə razılaşdırılır, 5 metr mühafizə zolağı saxlanılmaqla icarəyə verilir". O, mühafizə zolağının necə müəyyən olunması haqda suala cavab verə bilmədi. 
T.Həmidova isə mübahisəli torpaq sahəsinin ona bağ sahəsi kimi icarəyə verilərkən müvafiq qurumların rəyinin alındığını söylədi. İş üzrə iddia qaldırmış “Azərsu” rəsmilərinin ünvanına  kəskin ifadələr işlətməklə iddianı əsassız hesab etdiyini açıqladı.
 
“Buxar” MMC-nin vəkili Anar Rüstəmov isə məhkəmənin diqqətini həmkarı Muxtar Mustafayevin nitqinə çəkdi. A.Rüstəmov bildirdi ki, M.Mustafayev mübahisə obyekti olan torpaq sahəsindən su xəttinin  keçmədiyinin iddia etdiyini, iddiasını bunu sübut edən texniki sənədlərin ortada olmaması ilə izah etdiyini söyləyib. Bildirib ki, bununla belə M.Mustafayev məhkəməyə ərazidən su xəttinin keçməsi ilə bağlı sənədlər təqdim edib.
 
Vəkil hakimin sualına cavab olaraq dedi ki, T.Həmidova “Buxar” MMC-yə məxsus 105 kv.m-ni zəbt edib. Ona görə də MMC prosesə 3-cü şəxs qismində qatılmaq məcburiyyətində qalıb. T.Həmidova isə bildirdi ki, o ərazini zəbt etməyib, ərazidə olan tikililəri sökərək orada ev tikib. Həmin ev isə sonradan məhkəmə qərarına əsasən sökülüb. 
 
Proses oktyabrın 21-də davam etdiriləcək.  
Qeyd edək ki, T.Həmidova 2003-cü ildən başlayaraq mübahisə obyekti olan ərazidə ev tikib, əsaslı tikinti aparıb. Mübahisə də bundan sonra başlayıb. İş üzrə bir neçə məhkəmə iddiası qaldırılıb. Tikilmiş evin Bakının yarısını su ilə təhciz edən yüksək təzyiq altında olan 1400 mm-lik və 1200 mm-lik magistral su kəmərlərinin mühafizə zolağının daxilində olması üzündən sökülməsi qərarı verilib. İndiyə qədər iş üzrə 30-dan çox məhkəmə iddiası olub. Həmin iddiaların əksəriyyəti təmin olunub.
Cia.az