|
Müxalifət və sabiq MTN-çilər Eldar Mahmudovun istefaya göndərilməsindən danışdılar

Arif Hacılı: “Vəzifədən azad edilməsinin müsbət tərəfi odur ki...”; Sülhəddin Əkbər: “İlham Əliyevin bu cür qərar verməsi onu qəzəbləndirən konkret informasiya ilə bağlı ola bilər”

Ərəstun Oruclu: “Eldar Mahmudov və onun komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu”

“Eldar Mahmudov milli təhlükəsizlik nazirliyi sisteminə uyğun olmayan kadr idi. Onun 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunması hakim ailəyə sədaqəti, yaxınlığı ilə bağlı idi. Görünür, bu sədaqət məsələlərində müəyyən problemlər yaranıb və ona görə də Eldar Mahmudov vəzifəsindən azad edilib”. 
Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı E. Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, E.Mahmudov Milli Təhlükəsizlik Nazirliyi sisteminə uyğun olmayan kadr idi: “Onun 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunması hakim ailəyə sədaqəti, yaxınlığı ilə bağlı idi. Görünür, bu sədaqət məsələlərində müəyyən problemlər yaranıb və ona görə də Eldar Mahmudov vəzifəsindən azad edilib. Bu illər ərzində ölkənin milli təhlükəsizlik naziri olan Eldar Mahmudov daha çox hakimiyyətə opponent olan qüvvələrin izlənməsi, onlara təzyiq göstərilməsi kimi işlərlə məşğul idi. Vəzifədən azad edilməsinin müsbət tərəfi odur ki, hakimiyyətdə olan müxtəlif məmurlar da onları da belə bir günün gözlədiyini özləri üçün qətiləşdirəcəklər”. 
A.Hacılı yeni milli təhlükəsizlik nazirinin kim ola biləcəyi ilə bağlı sula cavabında dedi ki, hakimiyyətin kadr təyin etmə prinsipləri ilk növbədə sədaqətə, regionçuluğa əsaslanr: “Ona görə Eldar Mahmudovu əvəzləyəcək şəxsin də daha çox həmin prinsiplərə cavab verən şəxs olacağı gözlənilir. Hesab edirik ki, sözügedən sahənin əsl peşəkarı olan, real olaraq dövlətini, xalqını sevən, milli təhlükəsizliyi hər şeydən üstün tutan bir şəxsin naziri təyin olunması vacibdir”. 
Milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, təxminən iki ay öncə onda Eldar Mahmudovun vəzifədən azad ediləcəyi barədə məlumat olub: “Məndə olan məlumatlarda onun yerinə təyin edilməsi gözlənilən şəxslərin də adı çəkilirdi. Bu barədə informasiya cəmiyyətdə geniş yayılmasa da şəxsən mənim üçün ölkə başçısının bu addımı gözlənilməz olmadı. Zamana diqqət yetirsək görürük ki, İlham Əliyev Qazaxıstanda MDB dövlət başçılarının toplantısından geri dönəndən sonra, özü də parlament seçkilərinə cəmi iki həftə qalmış Eldar Mahmudovu vəzifədən azad etdi. Belə bir vaxtda İlham Əliyevin bu cür qərar verməsinin onu qəzəbləndirən konkret informasiya ilə bağlı olduğunu düşünürəm. Burda da iki məsələ ola bilər. Birincisi, Beynəlxalq Bank qalmaqlı, ikincisi, ölkədə yaranmış durum, informasiya təhlükəsizliyi amili. Ölkə başçısının seçkiyə çox az qaldığı bir zamanda milli təhlükəsizlik nazirini vəzifədən azad etməsi üçün şübhəsiz ki, çox ciddi səbəblər olub. Bu adi hadisə deyil”.
 
S.Əkbərin fikrincə, indiki geoploitik vəziyyət tələb edir ki, siyasi kəşfiyyat sahəsində ciddi təcrübəsi olan bir adam milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilsin. 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Nazirlər Kabinetinin üzvünü təyin etmək və azad etmək ölkə prezidentinin müstəsna səlahiyyətidir: “Təbii ki, Milli Təhlükəsizlik Nazirliyi kimi bir qurumun rəhbərinin gözlənilmədən vəzifədən azad olunması cəmiyyətdə rezonans doğurur. Hesab edirəm ki, prezidentin kimi o posta təyin edəcəyi, hansı meyarlara cavab verən adamın təyin ediləcəyi məsələ də bizim yox, konstitusiya ilə prezidentin səlahiyyətində olan məsələ olduğu üçün əlavə şərhim yoxdur”.

Sabiq MTN zabiti, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə belə münasibət bildirib:  
“Xəbər yayılan andan müxtəlif media və saytlarda bununla bağlı ən fantastik versiyalar hallandırılır, ən ağlasığmaz fantaziyalar öz əksini tapır. Təbii ki, xəbərin gözlənilməzliyinin də burda öz təsiri var. Amma bu tip məlumatların Eldar Mahmudovun hələ MTN-də qalan komandası tərəfindən dövriyyəyə buraxılması da istisna deyil. Səbəb də bəllidir - indi hər kəs bu illər ərzində törətdiyi əməllərini xatırlayıb, özünü, müqəddəratını düşünür və ona görə də həmin müddətdə cəmiyyətda yaradılmış ”MTN xofunu" maksimum yaşatmaq kimi bir saman çöpündən yapışır. Eldar Mahmudovun vəzifədən çıxarılması bizim üçün sürpriz olmadı, bizim mərkəzdə bu barədə məlumatlar və ehtimallar hələ 2 ay əvvəl vardı və bir xeyli jurnalist, redaktor dostlarımızla da bunu bölüşmüşdük". 

Ə.Oruclu qeyd edib ki, hətta ən fantastik versiyalar belə reallaşsa - Eldar Mahmudov  baş nazir olsa, o, istənilən halda əvvəlki səlahiyyətlərə və imkanlara malik olmayacaq: “Amma təəssüflə bunu da qeyd etməliyəm ki, nazir olduğu müddətdə Eldar Mahmudov və onun əsasən polis orqanlarından gətirilmiş komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu. Dünyanın aparıcı ölkələrində antiterror, mütəşəkkil cinayətkarlığın müxtəlif formaları ilə mübarizə sahəsində qabaqcıl təcrübələrə yiyələnmiş yüzlərlə peşəkar MTN əməkdaşı təhlükəsizlik orqanlarından kənarlaşdrıldı, onların yerini isə polis orqanlarından gətirilmiş, tapşırıqla, xahişlə və digər vasitələrlə işə qəbul olunmuş yeni əməkdaşlar ordusu tutdu. Belə praktika milli təhlükəsizlik orqanlarının peşəkarlıq və mənəvi səviyyəsinin sürətlə aşağı düşməsinə gətirib çıxardı ki, bu da ölkənin mühüm dayaqlarından olan bir qurum üçün yolverilməz hal idi. Ümid edək ki, indi keçmiş nazirin 11 illik fəaliyyətinin acınacaqlı nəticələrinin aradan qaldırılması üçün zəruri addımlar atılacaq və bu addımların da ən təxirəsalınmazı MTN-nin ona yad olan zümrələrdən təmizlənməsi olacaq”.
Cia.az