Dünən Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa edilməsinin 24 ili tamam oldu. Azərbaycanın müstəqilliyinin bərpasından keçən bu 24 ildəki uğurlar və uğursuzluqlar barədə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın əsas müəllifi, istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri professor Hacıbaba Əzimov maraqlı fikirlər söylədi.
Öncə mühüm tarixi gün münasibəti ilə Azərbaycan xalqını təbrik edən H.Əzimov müstəqilliyin hər bir xalq üçün ən böyük dəyər olduğunu bildirdi: “Milli müstəqillik Azərbaycan xalqının ağır, lakin şərəfli mübarizəsi nəticəsində əldə edilib. Bu, həqiqətən də Azərbaycan xalqının böyük tarixi nailiyyətidir. Müstəqillik əldə etmək bizə asan başa gəlməyib. Bu yolda xalqımız çoxsaylı şəhidlər verib. 20 yanvar qırğını məhz Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin məhv edilməsi üçün həyata keçirilmişdi. Lakin xalqımız müstəqillik istəyindən dönmədi. Şəhidlərin qanı, min cür məhrumiyyətlər hesabına xalqımız müstəqilliyə qovuşdu. Ona görə də 18 oktyabr tarixi elə-belə, sıradan bir tarix deyil. 18 oktyabrda ”Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul ediləndən sonra dünya Azərbaycanı sivil, müstəqil dövlət kimi tanıdı. Bir müddət sonra biz BMT-yə üzv seçildik. Bu, bizim dövlət və xalq olaraq çox böyük uğurumuz idi".
H.Əzimovun sözlərinə görə, müstəqillik Azərbaycan xalqı qarşısında geniş imkanlar yaradırdı. Azərbaycan xalqı bu müddətdə həmin imkanların müəyyən qismindən yararlana bilsə də bir qismindən yararlana bilməyib: “Azərbaycan bu dövrdə özünün ordusunu, milli valyutasını yaratdı, dünya birliyinə inteqrasiya etdi. Bu müstəqillik imkan verirdi ki, Azərbaycan xalqı öz sərvətlərinin tam sahibi olsun. Müstəqillik bu sərvətlər hesabına xalqın rifahının daha da yüksəldilməsinə, dövlətin sürətli inkişafına imkan yaradırdı. Bu, yüksək iqtisadi inkişaf üçün də böyük perspektivlər açırdı. Lakin təəssüflər olsun ki, müstəqilliyin verdiyi bu imkanlardan lazımınca istifadə edilmədi.
Rusiya və onun ”5-ci kolonu"na mənsub olan adamlar bu sərvətlərdən lazımınca istifadə etməyə, bu sərvətlər hesabına xalqın həyatının yaxşılaşdırılmasına imkan vermədilər. Onlar xalqın sərvətlərini talamağa başladılar. Beləliklə də, Azərbaycan xalqının müstəqilliklə bağlı bəzi gözləntiləri özünü doğrultmadı. Sosial rifahın yüksəldilməsinə nail olunmadı. Hakimiyyətdə vəzifələr tutmuş “5-ci kolon” təmsilçiləri vaxtıilə Azərbaycanın müstəqilliyinin əleyhinə olan şəxslər olduqları üçün onlar bu müddətdə Azərbaycan cəmiyyətində müstəqilliyi gözdən salmaq xəttini yürüdüblər və müəyyən qədər də buna nail olublar. Bax, bu təəssüfləndirici haldır və uğursuzluqlar sırasına aid edilməlidir.
Müstəqillik dövründə ən əsas uğursuzluğu isə Azərbaycan Qarabağ məsələsində yaşadı-torpaqlarımız işğal olundu və hələ də azad edə bilməmişik. Amma təbii ki, bunun günahı müstəqillikdə deyil. Müstəqillik uğrunda mübarizədə çox böyük cəfa çəkmiş, çox böyük əziyyətlərə dözmüş, öz həyatlarını risk altına qoyan insanlara, istiqlalçı deputatlara lazımi qiymət verilmədi. Halbuki, onlar Azərbaycanın müstəqilliyinə səs verməklə faktiki olaraq özlərinin, yaxınlarının həyatlarını təhlükə altına qoymuşdular. Çünki SSR-i dağılmasaydı, bu insanların ən ağır şəkildə cəzalandırılacağı dünən də, bu gün də gün kimi aydındır".
H.Əzimov sonda vurğuladı ki, bütün bunlara baxmayaraq şəxsən özü və Azərbaycanın istiqlalına səs verən, bu yolda cəfalar çəkən digər insanlar etdikləri üçün hər hansı peşimançlıq çəkmirlər. Əksinə, fəxr edirlər ki, Azərbaycanın müstəqilliyi üçün vaxtında işlər görüblər: “İstiqlaliyyətin qazanılmasında müəyyən xidmətləri olan şəxslər kimi bundan qürur hissi duyuruq. Müstəqilliyimiz yalnız bizim deyil, bütün xalqın qürur mənbəyidir. Ümid edirəm ki, vaxt gələcək xalq milli müstəqil dövlətində müstəqilliyin verdiyi imkanların hamısından lazımınca istifadə edə biləcək və daha yüksək rifaha nail olacaqdır. Buna əminik”.
Cia.az
