|
Təşviqat kampaniyasının 10-cu günü:
Parlament seçkiləri ilə bağlı hazırda davam edən təbliğat-təşviqat kampaniyasının 10 günü arxada qaldı. Proses getdikcə sona yaxınlaşır. Millət vəkilliyinə iddiaçılar qısa müddətdən yararlanmaq üçün sürətlə təşviqat prosesinə qoşulublar.
Seçkilərdə aktiv iştirak edən qurumların hazırlıqları ilə maraqlandıq.
 
Müsavat Partiyasının seçki qərargahının rəhbəri Gülağa Aslanlı namizədlərin fərdi şəkildə təbliğatlarını apardıqlarını qeyd etdi: “Oktyabrın 17-də 71 saylı Masallı seçki dairəsindən namizədimiz Xasay Feyzulla uğurlu görüş keçirdi. Paylaşılan şəkillərdən də görünür ki, 300 nəfərlik zal doludur. İkram İsrafil seçki kampaniyasını Şəkidə uğurla aparır. Hər kəs fərdi surətdə seçicilərlə görüşlərini təşkil edir. Kifayət qədər maneələr var. Müsavat Partiyasının namizədləri olan bütün dairələrdə ciddi qanun pozuntuları mövcuddur. Maneələr əsasən yerlərin ayrılması ilə bağlıdır. 10 saylı Binəqədi seçki dairəsində cəmi iki yer ayrılıb. Biri qapalı, biri isə açıq yerdir. Belə çıxır ki, 9-cu mikrorayon sakinləri namizədlə görüşmək üçün ya Binəqədiyə, ya da Biləcəriyə getməlidirlər. Təbliğat kampaniyasını plana uyğun şəkildə aparırıq”.
G.Aslanlı oktyabrın 25-də keçirəcəkləri seçki mitinqindən də danışdı: “Mitinq qərarımız qüvvədə qalır. Divanda bu məsələ bir daha müzakirə olunacaq. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Qurum yenə də mitinq keçirməyimizlə bağlı müraciətimizə cavab verməyib. Əvvəllər olduğu kimi, yenə də gözləyirlər ki, mitinq gününə bir və ya iki gün qalmış cavab versinlər. Bu həm ”Sərbəst toplaşmaq haqqında" qanuna, həm də Seçki Məcəlləsinə ziddir. Çünki bu mitinq seçicilərlə görüş xarakteri daşıyır". 
“AĞ Blok”un seçki qərargahının rəhbəri Əhəd Məmmədli namizədlərinin təbliğatını sürətlə apardıqlarını qeyd etdi: “Artıq bütün yerlərdə namizədlərimizin plakatları yapışdırılıb. Görüşlər keçirilir. Sosial şəbəkələrə də geniş yer ayırırıq. Tam fərqli şəkildə seçki kampaniyası aparırıq. Belə də davam edəcəyik. Bir-birimizə dəstək şəklində işlərimizi davam etdiririk. Qeydə alınmayan 4 namizədimiz digər 4 namizədə hərtərəfli dəstək verir. Komanda olaraq, proseslərdə aktivik. Ümumi prosesdən narazılığımız yoxdur. Planlı şəkildə işlərimiz sürətlə gedir. Seçki mühitindən narazıyıq. Pulsuz efir vaxtının verilməməsi ciddi narazılıq doğurdu. Seçkinin demokratikliyinə mənfidir. Hakimiyyət 4 dəqiqə şərait yaratsaydı, təbliğat üçün böyük irəliləyiş olardı. Bu, hakimiyyətin seçki imicinə zərbədir. İqtidar özü üçün böyük təhlükə gördüyündən bu yola getdi. Çalışırlar ki, seçki abı-havası olmasın. İstədiklərini bu şəkildə həyata keçirməyə çalışırlar. ”AĞ blok" olaraq, bütün bunların əksini etməyə çalışırıq. Sona qədər bu istiqamətdə çalışacağıq. Tural Abbaslı başda olmaqla, bütün namizədlərimiz maksimum fəaliyyətlərini sona qədər aparacaqlar. Onu da qeyd edim ki, namizəd olduğumuz dairələrdə ya favorit, ya da iki əsas iddiaçıdan biriyik. Hakimiyyətə əsas alternativlər bizik. Azad seçki olsa, qalib gələcəyimizə inanırıq". 
“Azadlıq 2015" seçki blokunun seçki qərargahının rəhbəri Bəybala Əbilov seçki prosesindən şikayətləndi:”Hazırlıqlar gedir, amma istədiyimiz səviyyədə deyil. Qanunlar icra olunmur, yerlərdə manelər var. Cəmiyyətə kifayət qədər informasiya verilmir. Görüş yerləri tam uğursuz yerlərə salınır. Seçicilərin olmadığı yerlərə. Blokumuzun 11 namizədinin işi məhkəmədədir. Bunun özü ciddi qanun pozuntusudur. Məhkəmələr göz yumur. Azərbaycanda seçki mühiti, demokratiya yoxdur. Sadəcə, nağıl danışırlar. Bütün bunlara baxmayaraq, mübarizəmiz davam edir. Sona qədər də seçkidə baş verənləri cəmiyyətə çatdırmağa çalışacağıq".

Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə işlərin qaydasında getdiyini dedi: “Hər şey yaxşıdır. Xüsusilə, sədrimiz İqbal Ağazadənin dairəsində işlər uğurla gedir. Hər gün görüşlər keçiririk. Hakimiyyət tərəfindən görüş üçün ayrılmış yerdə möhtəşəm görüş keçirəcəyik. Bu günə qədər apardığımız kampaniyadan razıyıq. İqbal bəy bu günə qədər dairədə şəriksiz liderdir. Apardığımız müşahidələr və sorğular bunu deməyə əsas verir. Digər dairələrdə də işlərimiz sürətlə gedir”.
Cia.az