“"Atəşgah" Sığorta şirkəti avtomobil qəzasında dəymiş 14000 manat kompensasiyamı ödəmək üçün məndən 5000 manat pul istəyir”.
Bu sözləri Hüseynov Əhməd Həmid oğlu redaksiyamıza şikayəti zamanı deyib. Əhməd Hüseynov bildirib ki, ondan istənilən 5000 manatı verməyə razı olmadığı üçün indiyə qədər kompensasiyasını ala bilməyib: “19 may 2015-ci il tarixdə Ağdaş rayonunun Ləki kəndi ərazisində mənim idarə etdiyim "Kia " markalı 44 BR 939 dövlət nömrə nişanlı avtomobillə qarşı tərəfdən gələn Mersedes markalı 90 VT 771 nömrəli avtomobilin toquşması nəticəsində avtomobilimə ciddi zərər dəyib. Zərərin məbləğinin 14000 manat dəyərində olmasına dair mütəxəssis rəyi verilib. Həmin sənədləri avtomobilimi kaska sığorta etdiyim "Atəşgah" Sığorta Şirkətinə təqdim etdim. Şirkətdən mənə bildirildi ki, bir şərtlə sənə 14000 manat ödəyəcəyik ki, 5000 manatı bizim olacaq. Mən buna razı olmadığım üçün indiyə qədər süründürməçiliyə məruz qalmışam. Bütün qanunu sənədlərim var. Yol hadisəsinin qarşı tərəfin səhvinə görə baş verməsi haqqında sənədlərim var. Qəzaya səbəb olan avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Hətta Maliyyə Nazirliyinin yanında Sığorta Nəzarəti Agentliyinə etdiyim müraciət əsasında aparılan araşdırma nəticəsində avtomobil qəzası nəticəsində sığorta hadisəsi olması və dəymiş zərərin ödənilməsi barədə təqdimat da göndərilib. Həmin təqdimatda icra vaxtı 5 gün qeyd edilməsinə baxmayaraq indiyə qədər icra edilməyib”.
Şikayətçi "Atəşgah" Sığorta Şirkətinin indiyə qədər heç bir müraciətlərə rəsmi cavab vermədiyini qeyd edib: “Əhalini yalançı reklamlarla aldadıb cibini soymaqla məşğul olurlar. Mən mətbuat vasitəsi ilə dövlət qurumlarına müraciət edib Atəşgah" Sığorta barəsində qanunu tədbirlər görülməsini istəyirəm”.
Məsələ ilə əlaqədar olaraq "Atəşgah" Sığorta qrupu ilə əlaqə saxlamağa çalışsaq da, şirkət rəsmilərindən zəngimizə cavab verən olmayıb.
Cia.az
