Milli Təhlükəsizlik Nazirliyi tərəfindən anti-terror tədbirləri həyata keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluğa hazırlıq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu şübhəli şəxs qismində tutulublar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Müəyyən edilib ki, Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və «Cumdul-Xilafə» terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəzərə çatdıraq ki, İŞİD peyda olandan ona xeyli sayda azərbaycanlının qoşulduğuna dair məlumatlar və faktlar var. İndiyədək xüsusi xidmət orqanları bu şəbəkə ilə əlaqələri olan onlarla şəxsi saxlayıb. Bir müddət öncə saxlanılmış şəxslərdən bir qrupuna hökm oxunub və onlar ağır cəzalar alıblar.
Ekspertlər bildirir ki, İŞİD-lə bu və ya digər şəkildə əlaqələri olmuş və Azərbaycana dönmüş insanlar real təhlükə mənbəyi olaraq qalırlar. Yəni onların sağ-salamat ölkəyə geri dönmələri təsadüfi deyil. Belə ki, İŞİD sıralarına qoşulmuş şəxslər düşərgədən qaçmaq istəyərlərsə, onlar qətlə yetirilirlər. Əgər bu şəxslərə geri dönmək üçün şərait yaradılıbsa, deməli, üzərlərinə hansısa missiyalar qoyularaq göndəriliblər. Odur ki, həmin şəxslərin zərərsizləşdirilməsi mütləqdir.
Ekspertlər bir məqama da diqqət çəkirlər ki, hər dəfə seçki ərəfəsində radikal dini qruplaşmalarla, terrorçu şəbəkələrlə əlaqələri olan şəxslər daha da aktivləşir. Yəni onlar seçki ərəfəsində təxribatlar törətməyə, aranı qatmağa cəhd edirlər. Xüsusi ilə regionda vəziyyətin daha da gərginləşdiyi bir vaxtda missioner qüvvələrin hərəkətə keçməsi gözlənilən məsələdir.
Amma görünən budur ki, onlar daim nəzarətdədir və bu cür həbslərin davamı da ola bilər.
Bir məqamı da diqqətə çatdıraq ki, təxminən bir ay öncə terrorçu qruplaşmalarla əlaqələri olan daha bir azərbaycanlı da Ukraynada saxlanılmışdı.
Azərbaycan prezidentinə sui-qəsd hazırlamaqda ittiham olunan və 2012-ci ildə zərərsizləşdirilən dəstə ilə əlaqədə olmaqda təqsirləndirilən Valeh Əmirəliyevin Ukrayna üzərindən Türkiyəyə getmək istəyərkən həbs edilmişdi.
Qusar rayon sakini, 1986-cı il təvəllüdlü Valeh Cavanşir oğlu Əmirəliyevin “Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın əlaqələri olub. V.Əmirəliyev V.Padarov və Samir Sanıyevin rəhbərlik etdiyi dəstənin bəzi üzvləri ilə birgə Rusiyada da bir sıra ağır cinayətlər törədib. V.Əmirəliyev 2011-ci ilin noyabrında mütəşəkkil dəstənin üzvləri İlham Gülməmmədov, Faiq Süleymanov və Zaur Seyidovla birgə Zaqatala şəhərinə gələrək Vüqar Padarovla görüşüb, Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları terrorla bağlı müzakirələr aparıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkədə terror aktları hazırlayan həmin dəstənin bir çox üzvü həbs edilib. Dəstənin başçısı Vüqar Padarov isə əməliyyat zamanı öldürülüb...
Görünən budur ki, seçki ərəfəsində terror hörgütləri ilə təmas və əlaqələri olmuş şəxslər yenə də hərəkətə keçiblər. Bu baxımdan radikal təmayüllü qruplaşmalarla əlaqələri olmuş şəxslərin həbsinin sonuncu əməliyyatla kifayətlənməyəcəyini düşünmək olar.
Cia.az
