Bu gün Qobustan Rayon Məhkəməsində “Hər fəsil” istirahət mərkəzində 10 yaşlı Dəniz Qorçunun ölümü ilə nəticələnmiş hadisə üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə virtualaz.org saytına vəkil Sadiq Əfəndiyev məlumat verib.
Vəkilin sözlərinə görə, prosesdə təqsirləndirilən Aytən Əzizova sərbəst ifadə verib. O, ifadəsində irəli sürülən ittihamla özünü təqsirli bilib, belə bir faciənin baş verdiyinə görə peşman olduğunu göstərib.
Tərlan Qorçuyev
Zərərçəkmiş Tərlan Qorçuyev virtualaz.org saytına açıqlamasında faciənin baş verməsində hər iki tərəfin səhlənkarlığının olduğunu dedi: “Uşaqlara aid olmayan maşından əyləncə mərkəzində istifadəyə pula görə icazə verilib. Bu maşınların heç birinin sənədi yoxdur. Əyləncə mərkəzinin rəhbəri Şıxlar Hacıyev ifadəsində həmin maşınları “qara bazar”dan aldıqlarını deyir. Övladımın ölümünə səbəb olan bu hadisədə günahkarların hər birinin qanun qarşısında cəzalandırılmasını məhkəmədən xahiş etdim”.
Vəkil Sadiq Əfəndiyev cinayətin predmeti olan elektromobilin qanunda nəzərdə tutulan mexaniki nəqliyyat vasitəsi hesab olunub-olunmamasını müəyyən etmək üçün məhkəmə avtotexniki ekspertizasının təyin olunması ilə bağlı məhkəmədə vəsatət qaldırıb.
Məhkəmə prosesi oktyabrın 23-dək təxirə salınıb.
Qeyd edək ki, məlum hadisə 23 may, 2014-cü ildə Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar. Elektromobili məktəblilərdən birinin şəxsi dayəsi Aytən Əzizova idarə edib.
Hadisə ilə bağlı CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Aytən Əzizova barəsində polisin nəzarəti altına verilmə ilə qətimkan tədbiri seçilib.
Dünyasını dəyişən 10 yaşlı Dəniz “Tutu” uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.
Cia.az
