Demək olar ki, bütün ölkələrdə təqsirləndirilən şəxslər ev dustaqlığına buraxıldığı zaman onların qoluna yerlərini təsbit edəcək elektron qolbaq bağlanır. Bu qolbaq vasitəsilə təqsirləndirilən şəxs əgər ev dustaqlığından qaçarsa, yerini təsbit etmək olur. Həmin qolbağı qolundan çıxarıb atmaq isə ev dustaqlığından imtina etmək anlamına gəlir ki, bu zaman hüquq-mühafizə orqanları xüsusi siqnal vasitəsilə bundan xəbərdar olur.
Ümumiyyətlə, Azərbaycanda təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması çox az hallarda baş verir. Maraqlıdır, elektron qolbağın başqa hansı özəllikləri var və bundan niyə Azərbaycanda istifadə edilmir?
Dustaqlar üçün nəzərdə tutulan elektron qolbaq 1950-ci ildə Harvard Universitetinin alimləri tərəfində icad edilsə də, ilk dəfə məhkumlar üzərində 1983-cü ildə tətbiq edilib. Elektron qolbağın işləmə mexanizmi sadədir. Konfiqurasiyasından asılı olaraq ev dustaqlığına buraxılmış şəxs müəyyən edilən ərazini tərk etdikdə siqnal verir. Həmin siqnal həbsxanada xüsusi quraşdırılmış monitora verilir və ona nəzarət edən operatora yazılı mesaj - həyəcan siqnalı çatır. Operator da həmin həyəcan mesajını arestantın nəzarətini birbaşa həyata keçirən ərazi üzrə nəzarətçiyə ötürür. Nəzarətçi əvvəl həmin siqnalın hər hansı texniki xəta olub-olmamasını araşdırmaq üçün ev dustaqlığına buraxılanın ev telefonuna zəng edir. (Evdə kabel telefonunun olması ən əsas şərtdir) Ev dustağı zəngə cavab vermirsə, bu dəfə onun evinin qapısı döyülür. Statistika göstərir ki, “elektron ev dustağı” edilmiş şəxslərin 99 faizi bu şərtlərə əməl edir. Elektron qolbağın tətbiq edildiyi bütün ölkələrdə nəzarət mexanizmi, demək olar ki, bu cür həyata keçirilir. Qeyd edək ki, İsrail istehsalı olan bu cür qolbaqların qiyməti 1000-2500 avro arasındadır.
Hüquqşünas Müzəffər Baxış dedi ki, Cinayət Prosessual Məcəllənin tələblərinə görə, qətimkan tədbirlərindən biri də ev dustaqlığıdır. Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyət qoyulmasından ibarətdir. Yəni ev dustaqlığının mahiyyəti budur. 
Məhdudiyyətlər isə ona qoyula bilər ki, ev dustaqlığına ayrı-ayrı tətbiq olunan aşağıdakı tədbirlər müşahidə edilə bilər: yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağa qoyulması, telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağası qoyulması, müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağa qoyulması, elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulmasıdır. Yəni qanunda da elektron nəzarət vasitələrinin tətbiqi məsələsi nəzərdə tutulub. Cinayət Prosessual Məcəllənin 163.3.4-cü maddəsində elektron nəzarət vasitələrinin tətbiqi, o vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması nəzərdə tutulub. Amma bizdə bunun tətbiqi ilə bağlı konkret heç bir hal yoxdur. Bir qayda olaraq Azərbaycanda ev dustaqlığı ilə həbsqətimkan tədbiri seçilmiş şəxslər barəsində əsasən polis orqanlarına müəyyən bir vaxtda şəxsən gəlmək vəzifəsi qoyulur.
Başqa məhdudiyyətlər isə tətbiq edilmir. Elektron qolbağın hələ ki Azərbaycanda tətbiqinə başlanılmayıb. Əgər bu bizdə də tətbiq olunsa, daha yaxşı olardı. Təqsirləndirilən şəxsin üzərində nəzarət imkanları daha da genişlənmiş olardı. Bu bilərziklər elə bir imkanlara malikdir ki, o şəxslər onu qolundan açanda ya da ümumiyyətlə, gizlədəndə artıq o şəxslərin ev dustaqlığından imtina etməsi barədə hüquq-mühafizə orqanlarında məlumat olur. Onlar da ev dustaqlığına buraxılmış şəxsin tapılması üçün vaxtında müvafiq tədbirlər görmək imkanına malik olurlar".
Cia.az
