|
Vurulan təyyarələr və onların ilginc hekayələri

Vurulan təyyarələr, onların vurulma anı ilə bağlı videolar, səbəbləri, tarixçələr hər zaman medianın müzakirə mövzularından olub. Son olaraq Malayziyaya məxsus mülki təyyarənin vurulması dünyada bu mövzu ilə bağlı müzakirələri intensivləşdirdi. Bəs ən çox hansı ölkələrin təyyarəsi vurulur, hansı səbəbdən vurulur, nəticəsi necə olur?

“Yeni Müsavat” bu “vurulma” hekayələrindən bəzilərini oxucular üçün xatırladır. 
Öncə daha çox səs-küy yaradan vurulma hekayələrini yada salaq. 



2014-cü ilin 17 iyulunda saat 16.30-da Ukraynanın  Donetskdən 80 kilometr aralı Snejniy yaşayış massivində “Malayziya hava yolları” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsi vurulub. İçində 280 sərnişin və 15 ekipaj üzvü olan təyyarə Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirirdi. Həmin vaxt Rusiyanın "İnterfaks" və RİTA-SİTA agentlikləri təyyarənin qəzaya uğradığı xəbərini versə də, "Euronews" və Ukrayna KİV-i təyyarənin Şərqi Ukrayna separatçıları tərəfindən məhv edildiyini bəyan etdi. Terrorçu İqor Qirkin “Elə indicə öz səmamızda təyyarəni vurduq”, - deyə məlumat vermişdi. 

Bu hadisə Ukraynada münaqşəni yeni, beynəlxalq səviyyəyə çıxarıb. Hadisə nəticəsində 300-dək adam həlak olub. Təyyarənin Rusiya separatçıları tərəfindən vurulması radioötürücü, peyk kəşfiyyatı və şahid ifadələri ilə qeydə alınıb.  

İnteraz.tv-nin məlumatına görə, İsrailin “Fantom” qırıcı təyyarələri tərəfindən 1973-cü il fevraın 21-də naviqasiya səhvi ucbatından Sinayın hava məkanında İsrail aviabazalarından birinin yerləşdiyi rayonda Liviyaya məxsus “Arab Airlines” aviaşirkətinin “Boinq-727" təyyarəsi vurulub və 216 sərnişin həlak olub.



Bu hadisədən 7 il sonra Tirren dənizindəki Ustika ada rayonunda 1980-cı il iyulun 27-də “hava-hava” tipli raketlə göyərtəsində 81 nəfər olan İtaliyaya məxsus “İtavia” aviaşirkətinin DC-9 sərnişin təyyarəsi vurulub. Bütün sərnişinlər həlak olub. 

Ehtimallardan birinə əsasən layner Liviya və NATO təyyarələri arasında baş verən hava döyüşü ərazisinə daxil olub və səhvən vurulub.

Sovet qırıcı təyyarəsi 1983-cü il sentyabrın 1-də Oxot dənizi üzərində SSRİ hava məkanına daxil olan Cənubi Koreyaya məxsus “Boinq-747" laynerini vurub. Ümumilikdə göyərtədəki 269 nəfər ölüb.

ABŞ raket kreyseri “Vinsennes”(Vincennes) Fars körfəzi üzərində 1988-ci il iyulun 3-də raketlə “Iran Air” şirkətinə məxsus Airbus A300B2-203 sərnişin təyyarəsini vurub. 15 heyət üzvü də daxil olmaqla, 290 nəfər həlak olub. Sərnişinlər arasında 66 uşaq olub. ABŞ hökuməti İran təyyarəsinin səhvən İran HHQ-yə məxsus F-14 qırıcı təyyarəsi kimi qeydə alındığını bildirib. İran hökuməti kreyserin bilərəkdən sərnişin təyyarəsinə hücum etdiyini bildirib. ABŞ-ın o vaxtkı vitse-prezidenti (böyük) Corc Buş 1988-ci ildə bildirib: “Məni heç vaxt heç bir fakt maraqlandırmır, mən ABŞ adından heç vaxt üzr istəməyəcəyəm” (“I will never apologize for the United States of America, I don’t care what the facts are”).


Erməni separatçıları 1994-cü il martın 7-də Xankəndi yaxınlığında İran HHQ-yə məxsus, göyərtəsində iranlı diplomatların ailəsi olan S-130 hərbi-nəqliyyat təyyarəsini Dağlıq Qarabağ üzərində vurublar. Təyyarənin göyərtəsində Novruz bayramını qeyd etmək üçün Tehrana yollanan İranın Moskvadakı səfirliyinin əməkdaşlarının ailələri olub. İranın Moskvadakı səfirliyi aviaqəza nəticəsində 9 uşaq da daxil olmaqla, 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həlak olması barədə məlumat verib.

Ermənilərin təyyarənin vurulmasında iştiraklarını inkar etmələrinə baxmayaraq, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İran tərəfinə təyyarənin ermənilərin ixtiyarında olan “Osa” zenit-raket kompleksi vasitəsilə vurulması barədə sübutlar təqdim edib. MTN bundan başqa Ermənistanın günahını təsdiq edən erməni danışıqlarının yazısını çatdırıb. Yazıda ermənilər, “bizim tərəfdən Azərbaycan təyyarəsi vurulub” - kimi şadyana xəbərlər bölüşüblər.

Təl-Əviv-Novosibirsk reysi ilə uçan “Sibir” aviaşirkətinə məxsus “Tu-154" avialayneri 2001-ci il oktyabrın 4-də Qara dəniz üzərində Ukrayna Hava Hücumundan Müdafiəsinin açdığı təlim atəşi zamanı S-200 raket kompleksi ilə vurulub. Laynerin göyərtəsindəki 66 sərnişin və 12 heyət üzvü həlak olub. Sərnişinlər Rusiya, İsrail və ya ikili vətəndaşlığa sahib olublar.

Ən son illərdəki hekayələrə bir daha qayıdaq. 14 iyul 2014-cü ildə Ukrayna rəsmiləri An-26 hərbi təyyarəsinin vurulmasını təsdiq ediblər. Ukrayna antiterror qərargahı Luqansk ərazisində vurulmuş təyyarənin zenit-raket kompleksinin köməyi ilə vurulduğu qeyd edir. Hadisə zamanı təyyarəçi xilas olmağa imkan tapıb. Vurulmuş An-26 ekipajı əlaqəyə çıxaraq təyyarənin raket silahından vurulduğunu bildirib. Hadisə Rusiya sərhədində baş verdiyindən ehtimal olunur ki, təyyarəyə raket Rusiya Federasiyasının ərazisindən atılıb.

Ukraynanın ozamankı müdafiə naziri Valeri Qeletey hadisə barədə Ukrayna Prezidenti Petro Poroşenkoya məlumat verib. Bu haqda prezidentin mətbuat xidməti bildirib. “Nəzərə alsaq ki, təyyarə 6500 metr hündürlükdə gedirdi, o zaman həmin məsafədə zenit kompleksi ilə onun vurulması qeyri-mümkündür, yəni təyyarə başqa silahla vurulub. Təyyarə Rusiya Federasiyasının ərazisindən atılan daha güclü raket silahı ilə vurulub”, - deyə prezidentin mətbuat xidməti bildirib. 


2015-ci ilin martında Yəmənin paytaxtı Sənada beynəlxalq koalisiyaya məxsus təyyarə vurulub. Hərbi təyyarə paytaxtın əl-Xətariş bölgəsində vurulub. Qeyd olunur ki, sağ qalan pilot həbs edilib. Həmin vaxt Səudiyyə Ərəbistanı və Fars körfəzinin bir neçə dövləti Yəməndəki şiə qiyamçılarına (husilər) qarşı hərbi əməliyyata başlamışdı. Koalisiya qüvvələrinin Sənaya endirdikləri hava zərbələri nəticəsində onlarla adam həlak olub.
Bu günə qədər bir neçə dəfə cəbhənin Ağdam istiqamətində silahlı qüvvələrimizin mövqeləri üzərində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib. Kənd sakinlərin pilotsuz təyyarənin necə vurulduğunu görüblər və bu barədə yerli mediaya açıqlamalarında bildiriblər. 

2014-cü ilin 30 iyulunda Donetsk vilayətinin Xarçız şəhəri yaxınlığında Ukrayna təyyarəsi separatçılar tərəfindən vurulub.   Bu barədə Xarçız sakinləri “Unian” agentliyinə məlumat veriblər.   “Elə indicə Xarçız səmasında Ukrayna təyyarəsi vuruldu. Səmada 6-7 paraşütçü var” deyə sakinlərdən biri agentliyə bildirib.  

2015-ci ilin mayında isə Səudiyyə Ərəbistanı HHQ-nin F-16 qırıcısı Yəmənin paytaxtı Səna yaxınlığında vurulub. Qırıcının pilotu tapılmayıb. Husilər təyyarənin düşdüyü yerdə 2 partlamamış bomba tapıb. Yayılan şəkillərin birində təyyarənin yanan hissələri, digərində isə qırıcının “Səudiyyə Ərəbistanı krallığının Hərbi Hava Qüvvələri” yazılan hissəsi göstərilir.

Cia.az