|
ABŞ şirkətinin sorğusu düşərgələri üz-üzə qoydu

ABŞ-ın tanınmış “Artur J. Finkelştayn & Assoşietys” sorğu şirkəti noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı sorğu keçirib. Sorğu Azərbaycanda 28 sentyabr - 9 oktyabr tarixlərində 108 dairədə 1000 qeydiyyatlı seçici ilə üzbəüz aparılıb. Oktyabrın 14-də ABŞ şirkəti 5.1 milyon seçicini əhatə edən sorğunun nəticələrini açıqlayıb.
Məlum olub ki, seçicilərin 82.1%-i prezident İlham Əliyevi dəstəkləyir. Sorğunun əsas diqqətçəkən məqamlarından biri qarşıdan gələn parlament seçkiləri ilə bağlı olub. “Artur J. Finkelştayn & Assoşietys”in icraçı direktoru Corc Birnbaum bildirib ki, seçicilərin 74.4%-i YAP namizədlərini dəstəkləyir, 14%-i isə seçimini hələ etməyib, dairələrin böyük əksəriyyətində Yeni Azərbaycan Partiyasının namizədlərinin uğur qazanacağı gözlənilir.
ABŞ şirkətinin sorğusu ölkəmizdə həm ciddi maraq doğurub, həm də birmənalı qarşılanmayıb. Sorğunun maraq doğurması son aylarda Azərbaycan-ABŞ münasibətlərinin soyuq olması ilə əlaqədardır. 
Çoxları hesab edir ki, bu sorğu hər iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi baxımından atılmış müsbət addımdır. 

Sorğunun birmənalı qarşılanmamasına səbəb də nəticələrlə bağlıdır. Əsasən ölkə müxalifəti nəticələrdən narazı qalıb. Onlar ABŞ şirkətinin külli miqdarda pul müqabilində belə bir sorğu təşkil etdiyini iddia edirlər. 
Vaxtilə seçkiqabağı sorğular keçirən tanınmış politoloq Hikmət Hacızadə avtoritar ölkələrdə obyektiv sorğu keçirməyin mümkünsüz olduğunu söylədi: “Çox güman ki, 1-2 min adamı sorğu-sual ediblər. Onlar beş milyon seçicini təmsil ediblər. Cəmiyyətin azad iradəsi yoxdur. İnsanlar hər şeydən qorxurlar. Bu rəqəmlər boş şeylərdir. Təşkilatın hökumət idarələrinə heç bir dəxli yoxdur. O, şəxsi biznesdir. Sorğunu standart ritorika ilə keçiriblər. Bu standart ritorika avtoritar ölkələrə yaramır. Gərək sualı xəlvətdə verəsən. Bunların ritorikası belədir ki, qəflətən evlərə gedirlər, qapını döyürlər. Tutaq ki, sual verirlər, prezidentlə bağlı. Seçici istər-istəməz razılığını bildirəcək. Harada ki, insanlar qorxmur, sorğu o ölkələrə lazımdır. Bizdə bunların heç biri yoxdur”
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev sorğu keçirən ABŞ şirkətinin daha çox piar agentliyi kimi tanındığını bildirdi:
 “Şirkət daha çox piar işləri ilə məşğuldur. Sorğunun kimlər arasında keçirildiyi məlum deyil. Bu informasiya mütləq verilməli idi. Rayonların adları deyilməli idi. 2013-cü ildən bu sorğu şirkəti Azərbaycanda peyda olub. O zaman APA dəvət etmişdi. Hər iki agentlik arasında müqavilə imzalanmışdı. İndi kim dəvət edib? Çünki sorğu keçirmək üçün kifayət qədər maliyyə lazımdır. O zaman bu sorğu şirkəti 90 faiz seçicinin prezidenti dəstəklədiyini elan etmişdi. Ciddi narazılıq yaranmışdı. Operativ sorğu yoxdur. İndiki nəticələri də kifayət qədər ziddiyyətlidir. Deyirlər ki, 82% prezidenti, 74% isə YAP namizədlərini dəstəkləyir. Hesab edirəm ki, YAP-ın bu qədər nüfuzunun olması mümkün deyil. Prezidentin özü belə vəziyyətin gərgin olduğunu deyir. Amma necə olur ki, sorğuda iştirak edənlər hər şeyin yaxşı olduğunu deyirlər. Hansı normal adam deyə bilər ki, düzgün istiqamətdə inkişaf edirik. Hamı ölkədə narahatdır. Vəziyyət pis istiqamətə gedir. Fevraldakı devalvasiyada vətəndaşların cibinə girdilər. Bu yalançı sorğudur. Kimin sifariş etdiyi açıqlanmalıdır. Bu şirkət pulsuz, özbaşına işləmir. Pulunu kim verib? Seçki prosesi yoxdur. Çox insan bilmir ki, noyabrın 1-də seçkidir. Tam cəfəngiyyat bir sorğudur”.
İqtidaryönlü deputat Fəzail Ağamalı sorğunun nəticələrinin düzgün olduğu qənaətindədir: “Tam reallığı əks etdirən sorğudur. Müxalifət yenə köhnə işindədir. Nə qədər reallıq hissini itirəsən, xəstə təxəyyüldə olasan ki, nəticələrin saxta olduğunu deyəsən. Sorğunu keçirən şirkət kifayət qədər tanınıb. Azərbaycan xalqı bu gün ölkə prezidentinin yanındadır. İlham Əliyevin xalq içərisində böyük reytinqi var. Dünyada gedən proseslərin fonunda ölkəmizin qalib, inkişaf mərhələsində olması göz önündədir. Xalq bunları obyektiv olaraq qiymətləndirir. Cənab prezidentə sadiq olan komanda var. Daxildə sabitlik var. Neftin qiymətinin aşağı düşməsi müəyyən maliyyə çətinlikləri yaratsa da, bizdə başqa ölkələrdən fərqli olaraq, devalvasiya gözlənilmir. Manat öz dəyərini saxlayır. Azərbaycan haqqında deyilən bəzi fikirlər iftiradır. ABŞ şirkətinin sorğusunda İlham Əliyevin real gücə malik olması obyektivlikdən başqa bir şey deyil. Amerika özü üçün müəyyənləşdirdi ki, xalq prezidentlə həmrəydir. Azərbaycan ABŞ-la münasibətlərini korlamır və əminəm ki, bu niyyətdə də deyil. Çünki dövlətin başında İlham Əliyev kimi peşəkar, siyasəti dərindən bilən bir şəxs dayanıb. Ölkə başçısı nəinki ABŞ-la, dünyanın ən kiçik ölkəsi ilə belə ikitərəfli əməkdaşlığa üstünlük verir. Əgər ABŞ erməni lobbisinin təsiri altında siyasətini qurursa, bu, ölkəmizin günahı deyil. Bu, Amerikanın bizə olan qərəzli münasibətidir. Azərbaycan müstəqil siyasət yeridir, heç bir ölkənin təsir gücündə olmaq istəmir. Münasibətlərin bu və digər formada kəskinləşməsində Azərbaycanın zərrə qədər günahı yoxdur”.

Cia.az