|
Öncə həll, sonra sülhməramlı qüvvələr -

ATƏT-lə KTMT arasında Qarabağ anlaşması problemi ölü nöqtədən tərpədəcəkmi, Moskvanın yeni səylərinin arxasındakı gerçək hədəf nədir? Rusiya XİN-dən növbətçi bəyanat: “Qarabağ məsələsi xarici siyasətimizin əsas prioritetlərindəndir...”

 


ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsi hesabına Güney Qafqazda hərbi cəhətdən və birtərəfli qaydada daha da möhkəmlənmək cəhdləri yeni çalarlar qazanmaqdadır.  “Rusiyanın mini-NATO”su sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Nikolay Bordyujanın konfliktlə bağlı verdiyi son açıqlama məhz bu dəyişikliklərin xəbərçisi hesab oluna bilər.
 
Xatırladaq ki, Bordyuja KTMT ilə ATƏT arasında Dağlıq Qarabağ konfliktinin nizamlanması üçün birgə çalışmaq barədə razılığa gəlindiyi haqda fikirlər söyləyib. “Biz birgə həyata keçirəcəyimiz kompleks tədbirlərlə əlaqədar anlaşmışıq. Azərbaycan-Ermənistan sərhədi və orada gücün tətbiqini istisna edən, eyni zamanda köhnə, lakin çox kəskin Qarabağ konfliktinin həllini real siyasi proses mərhələsinə çıxarmaq üçün siyasi addımlardan danışmışıq”, - deyə Bordyuja  KTMT Daimi Şurasının iclasında ATƏT baş katibi Lamberto Zanyerlə danışıqlarının yekunundan danışarkən bildirib.
***
Siyasi təhlilçilərə görə, bu açıqlama öz nizamnaməsinə görə müstəsna olaraq Ermənistanın təhlükəsizliyinə cavabdeh olan KTMT-nin ilk dəfə olaraq onun məsuliyyət zonasına aid olmayan bir məsələyə - KTMT üzvü olmayan Azərbaycanın tərkibindəki Qarabağ münaqişəsinə həll prosesinə cəlb olunduğunu göstərir.
 
Bəs bu anlaşma neçə vaxtdır durğunluq dövründən çıxa bilməyən nizamlama prosesini qabağa aparmaq üçün stimul ola biləcəkmi? Söyləmək çətindir. Hər halda, müşahidələr göstərir ki, Moskvanı Qarabağ ixtilafından daha çox, öz qoşunlarını “KTMT qüvvələri” adı altında konflikt zonasına, Dağlıq Qarabağa yeritməyə və bu minvalla bölgəni tamamliə öz nəzarətinə keçirməyə çalışır. Üstəlik, rus sülhməramlılarının gəlişinə həm Azərbaycanın, həm də ABŞ və Avropa Birliyinin razılığı, həmçinin, ATƏT-in müvafiq mandatı lazımdır.
Lakin bəllidir ki, Kremlin belə birtərəfli planlarına ABŞ və Avropa Birliyi, eləcə də Azərbaycan, hətta işğalçı Ermənistan isti yanaşmır. Bu mənada istisna olunmur ki, ATƏT-lə KTMT arasında Dağlıq Qarabağa dair əldə olunan ilkin anlaşma haradasa situasiyanı Moskvanın xeyrinə yumşalda və ya sülhməramlıların bölgəyə yerləşdirilməsi üçün daha münbit şərait yarada bilər.  
*** 
Maraqlıdır ki, KTMT rəhbərinin sonuncu açıqlaması Ermənistanın ekspert dairələrində narahatlıqla qarşılanıb. Erməni siyasi şərhçilərindən biri Akop Badalyana görə, blokun nizamlanma prosesinə cəlb edilməsi o demək olacaq ki, KTMT Ermənistanın təhlükəsizliyini qorumaq əvəzinə, bu təhlükəsizliyi Azərbaycanla danışıqlar predmetinə çevirəcək. “Deməli, KTMT vasitəçilərdən birinə çevrilməklə daha Ermənistanın təhlükəsizlik qarantı olmayacaq. De-yure isə hədəf odur ki, Rusiya KTMT bayrağı altında sülhməramlılar üçün mandat alsın” - bildirib erməni ekspert.

Başqa bir erməni şərhçisinə görə, Ermənistanın mövcud durumu Rusiya və Türkiyəyə imkan verir ki, onlar öz aralarında ziddiyyətləri imitasiya eləsinlər: “Mümkündür ki, Türkiyə vertolyotlarının Ermənistan səmasına girməsi Rusiya hərbi qüvvələrinin Qarabağa yeridilməsi üçün ”fon" yaratmaq niyyəti güdür" - qeyd edib o.
 
Ancaq bir reallıq var ki, Türkiyə Rusiya hərbçilərinin sülhməramlı adı ilə Dağlıq Qarabağa yerləşdirilməsinə Azərbaycanın istəyi olmadan və Kremldən konkret ciddi güzəşt almadan razılıq verməz. Ankara və Moskvanın münasibətləri isə Suriyaya görə hazırda növbəti mürəkkəb mərhələdən keçir. Bu mərhələnin nə ilə yekunlaşacağı heç şübhəsizi ki, Qarabağ məsələsinə də proyeksiya olacaq.  
Bütün hallarda bir gerçək var: Azərbaycan da ən əvvəl ondan çıxış edir ki, öncə Dağlıq Qarabağ problemi, işğal məsələsi, regionun statusu beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır, yalnız ondan sonra bölgəyə sülhməramlı qüvvələr yeridilə bilər - təbii ki, yenə Azərbaycanın razılığı altında. 
 
Yerdə qalan hallar “atı arabanın arxasına bağlamaq” anlama verəcək ki, bu da münaqişənin nəinki həllini gətirməyəcək, üstəlik, onun  qeyri-müəyyən müddətə dondurulmasına aparacaq. Necə ki, 22 ildir bunu  Minsk Qrupunun uğursuz vasitəçiliyi göstərir.
 
*** 
Bu arada Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Qarabağ konfliktinə rəsmi Moskvanın mövqeyini ifadə edən növbəti açıqlama yayılıb. XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi ənənəvi brifinqdə bildirib ki, münaqişənin həlli Rusiya xarici siyasət prioritetlərindən biri olaraq qalır.
 
O, Qarabağ nizamlanmasının Rusiya XİN başçısı Sergey Lavrovun xarici həmkarları ilə müzakirə etdiyini söyləyib. 
 
Sitat: “Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bir qədər əvvəl, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Sergey Lavrov Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə həmsədrlərin bu ay regiona baş tutacaq səfəri öncəsi münaqişənin nizamlanmasına dair praktik məsələlər, habelə Minsk Qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub. Təəssüf ki, münaqişə zonasında baş verən gərginlik, itkilərin çoxalması, o cümlədən mülki əhali arasında ölüm halları siyasi dialoqun bərpasını daha da çətinləşdirir. Münaqişənin eskalasiyası yolverilməzdir. Tərəfləri güc tətbiq etməkdən imtina etməyə, güzəştlər üçün lazım olan siyasi iradə göstərməyə çağırırıq”.
 
Göründüyü kimi, əslində daha bir növbətçi bəyanatdır. Çünki yenə orada işğala məruz qalan Azərbaycanla, işğalçı Ermənistan eyni statusda tutulur. Ümumiyyətlə, indiyədək hələ olmayıb ki, Rusiyanın hansısa rəsmisinin dilindən forpost Ermənistan haqda “işğalçı” sözü işlədilsin. Əslində təəccüblü də deyil, ona görə ki, Rusiyanın özü faktiki, işğalçıdır. 
 
Söhbət təkcə Krımın ilhaqından getmir. Aydındır ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı bilavasitə Rusiyanın köməyi ilə zəbt edilib. Bu gün isə həmin ərazilərə görə söz sahibliyi İrəvana yox, bütünlüklə Moskvaya məxsusdur. İşğalçılıq siyasəti necə olur ki...
 
 
ABŞ-ın azərbaycanlı icması Ağ Evi Ermənistanla işğalçı kimi davranmağa çağırdı
Florida ştatında çıxan “The Gainsville Sun” qəzetində ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Dürdanə Balakişiyevanın “Ermənistanın təcavüzü” sərlövhəli məqaləsi dərc edilib (AzərTAc). Məqalədə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında Ermənistanın ağır silahlardan istifadə etməsindən danışılır. 

Bildirilir ki, Azərbaycana “bərpaolunmaz zərər vurmağı” barədə Ermənistana dəfələrlə xəbərdarlıq olunub və bu təcavüzkar ölkənin götürdüyü 200 milyon dollar kredit məbləğində ballistik raketlər almaq niyyəti bəyan edilib.
 
Müəllif yazır: “Paradoksal hal deyilmi ki, Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş Məclisindəki çıxışı zamanı utanmadan və vicdansızcasına Azərbaycanı ”təcavüzkar" adlandırıb. Halbuki BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın işğalçı ordusunun qeyd-şərtsiz çıxmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edən qətnamə qəbul edib".
 
D.Balakişiyeva sonda vurğulayır ki, Amerika ictimaiyyəti öz hökumətini Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı məsələsində beynəlxalq hüququn tələblərinə əməl olunmasını təmin etməyə çağırmalıdır.
Cia.az