Seçki kampaniyasının gedişində maraqlı proseslər yaşanmaqdadır. Belə ki, deputatlığa namizədlər namizədliklərini kütləvi şəkildə geri götürməyə başlayıblar. Artıq 200-dən yuxarı şəxs namizədliyini geri götürüb. Belə bir prosesin getdiyini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da dünən açıqlayıb. M.Pənahov deyib ki, deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb.
M.Pənahov bildirib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.
Yerlərdən gələn məlumatlar onu deməyə əsas verir ki, namizədlərin seçkilərdən çəkilməsi halları yaxın günlərdə daha da çoxalacaq və ümumilikdə bu rəqəm 500-ü keçəcək. Namizədlərin qeydiyyatı başa çatan vaxt elə dairələr var idi ki, 13-14 namizəd qeydə alınmışdı. Əksər dairələrdə 9-10 nəfər deputatlığa namizəd statusu qazana bilmişdi. Namizədlərin seçkidən geri çəkilməsi prosesinin sonunda böyük ehtimalla bu rəqəmlərdə ciddi dəyişiklik olacaq. Hər dairədə maksimum 5-6 namizəd qalacaq.
Namizədliyini indiyə qədər geri götürənlərin sırasında Müsavat Partiyasının namizədlərinin olub-olmaması ilə maraqlandıq. Partiyanın seçki qərargahından bildirildi ki, 24 namizəd rəsmi qeydə alınıb və onların heç biri seçkidən geri çəkilməyib.
Müsavat Partiyasının hansı dairələrdən namizədinin olduğu, həmin namizədlərin kimliyi və onların əsas rəqiblərinin kimliyini araşdırdıq.
5 saylı Şahbuz-Babək seçki dairəsindən Müsavatın namizədi Nadir Allahverdiyevdir. Onun seçkidə əsas rəqibi YAP icra katibinin müavini Siyavuş Novruzov hesab edilir. Bu dairədə BAXCP-nin də namizədi var.
10 saylı Binəqədi seçki dairəsindən Müsavatın namizədi Gülağa Aslanlıdır. Onun YAP-dan rəqibi "Karat Holding" “KARMEN” MMC-nin kadrlar şöbəsinin müdiri, Biləcəri bələdiyyəsinin üzvü, Yerli Sosial Məsələlər üzrə Daimi Komissiyanın sədri Samirə Həsənovadır. 20 ildir həmin dairənin deputatı olan Hacı Madər Musayev də G.Aslanlının əsas rəqiblərindəndir.
13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Müsavatın namizədi Niyaz Nəsirovdur. N.Nəsirov Müsavat Partiyasının Xəzər rayon təşkilatının sədridir. Onun YAP-dan rəqibi hazırda deputat olan Rauf Əliyevdir. Digər rəqibləri bitərəf kimi seçkiyə qatılıblar.
Müsavatın sabiq başqanı İsa Qəmbər isə 15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın namizədidir. YAP 15-ci dairədən Memarlıq və İnşaat Universitetinin Həmkarlar İttifaqının sədri Bayram Aslanovun namizədliyini irəli sürsə də mandatın hazırkı deputat Ülvi Quliyevə veriləcəyi ehtimalı böyükdür.
Müsavatın 25 saylı Nizami ikinci seçki dairəsindən namizədi isə Nizami rayon təşkilatının sədri Zakir Məmmədzadədir. Z.Məmmədzadənin YAP-çı rəqibi hazırkı deputat Sədaqət Vəliyevadır.
Bu dairədən Ümid Partiyasının, ADP-nin, BQP-nin və AMİP-in də namizədləri var.
30 saylı Suraxanı birinci seçki dairəsindən Müsavatın namizədi Misir Mahmudovdur. Onun rəqiblərindən biri Müsavatın keçmiş funksioneri Vurğun Əyyubdur. YAP-dan olan rəqibi isə hazırkı deputat Sevinc Fətəliyevadır.
Müsavatın 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədi Mustafa Hacılıdır. Müsavatçı namizədə qarşı YAP-dan Zərnişan Abidovanın namizədliyi irəli sürülsə də hazırda bu dairənin deputatı olan Fərəc Quliyevə mandat veriləcəyi gözlənilir. Sözügedən dairədən AMİP, Ümid Partiyası, Ana Vətən Partiyası, Böyük Azərbaycan Partiyasının da namizədləri var.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəddir. A.Hacılıya qarşı 7 namizəd mübarizə aparır. YAP-ın namizədi bu dairədən hazırkı deputat Hüseynbala Mirələmovdur.
Dilşad Nağıyeva isə 34 saylı Xətai ikinci seçki dairəsindən Müsavatın namizədidir. D.Nağıyevanın YAP-dan rəqibi Cəlal İbrahimov olsa da hakimiyyətin əslində hazırkı deputat Fuad Muradovu dəstəklədiyi bildirilir. 34-cü dairədən VHP-nin və BAXCP-nin də namizədi var.
Müsavat başqanının müavini Elman Fəttah isə 46 saylı Şirvan seçki dairəsindən deputatlıq uğrunda mübarizə aparır. Onun da YAP-dan rəqibinin formal namizəd olduğu, əslində isə hakimiyyətin indiki deputat Rafael Cəbrayılova yenidən mandat verəcəyi iddia edilir.
49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Müsavatın namizədi Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmlidir. YAP bu dairədən indiki deputat Əli Hüseynlinin namizədliyini verib.
Müsavat başqanının müavini Səxavət Soltanlı 50 saylı Abşeron-Qobustan seçki dairəsindən partiyanın namizədidir. S.Soltanlının ən güclü rəqibi hazırkı deputat, xalq artisti Zeynəb Xanlarovadır. YAP Zeynəb Xanlarovaya görə bu dairədən namizəd irəli sürməyib.
Müsavatın 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədi Söhrab Əmrahovdur. Bu dairədən YAP-ın namizədi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaxmaz Şəhər İnzibati Dairəsi üzrə nümayəndəsi Eldəniz Səlimovdur.
Müsavatın 57 saylı Kürdəmir seçki dairəsindən namizədi Vilayət Abuşovdur. YAP sözügedən dairədən Kürdəmir bələdiyyəsinin sədri Nizami Qəribovun namizədliyini irəli sürüb. Bu dairədən “Azadlıq 2015" blokunun və BAXCP-nin də namizədi var.
Müsavat Məclisinin üzvü Valeh Hümmətoğlu isə 59 saylı Salyan seçki dairəsindən partiyanın namizədidir. YAP bu dairədən İlqar Ağabəyovun namizədliyini verib. Hazırkı deputat Əliağa Hüseynov da bitərəf kimi seçkiyə buradan qatılıb. V.Hümbətoğlunun Ümid Partiyasından, VHP-dən də rəqibi var.
Mirzağa Axund 60 saylı Salyan-Neftçala seçki dairəsindən Müsavatın namizədidir. Hakim partiya bu dairədən Fəzail Ağamalının namizəd olduğunu əsas göstərərək oradan namizəd verməyib.
Müsavatın 61 saylı Neftçala seçki dairəsindən namizədi Saday Fərəcov isə YAP-dan hazırkı deputat Arif Rəhimzadə ilə mübarizə aparır. BQP-nin də buradan namizədi var.
68 saylı Cəlilabad kənd seçki dairəsindən Müsavatın namizədi Davud Qurbanovdur. Onun YAP-dan rəqibi hazırkı deputat Mirkazım Kazımovdur. “Azadlıq 2015" blokunun və BAXCP-nin də namizədi var.
Müsavatın Masallı rayon təşkilatının sədri Xasay Fərzulla isə 71 saylı Masallı kənd seçki dairəsindən partiyanın namizədidir. YAP-ın bu dairədən namizədi orta məktəb müəllimi Raqif Novruzov olsa da hakimiyyətin bitərəf adı ilə seçkiyə qatılan hazırkı deputat Elmira Axundovaya dəstək verdiyi deyilir.
Müsavat Məclisinin üzvü, keçmiş deputat İltizam Əkbərli isə 79 saylı İmişli seçki dairəsindən Müsavatın namizədidir. Bu dairədən hakim partiya deputat Əsabil Qasımovun namizədliyini verib. BAXCP-nin, AMİP-in, “Azadlıq 2015" seçki blokunun, Kommunist Partiyasının da namizədləri də var.
Müsavatın Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu isə 96 saylı Goranboy seçki dairəsindən partiyanın namizədidir. Onun YAP-dan rəqibi Xaləddin Həsənov olsa da hakimiyyətin hazırkı deputat Mahir Aslanova mandat verəcəyi deyilir.
Müsavat Divanının üzvü, keçmiş deputat İkram İsrafil isə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən partiyanın namizədidir. YAP-ın irəli sürdüyü məktəb direktoru olan Elçin Qarayev formal namizəd sayılır. Hakimiyyətin əslində indiki deputat Cavanşir Feyziyevi dəstəklədiyi bildirilir. ASDP-nin də bu dairədən namizədi var.
Müsavat Divanının üzvü Razim Əmiraslanlı isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən partiyanın namizədidir. R.Əmiraslanlının YAP-çı rəqibi indiki deputat Astan Şahverdiyevdir.
Sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov isə 123 saylı Kəlbəcər seçki dairəsindən Müsavatın namizədidir. YAP-ın bu dairədən namizədi hazırkı deputat Cavid Qurbanovdur.
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiya seçkilərdə mübarizəni sonadək davam edəcəyi təqdirdə, Müsavatın namizədi olmayan dairələrdə digər uyğun namizədlərin, o cümlədən REAL və NİDA təşkilatından qeydə alınan namizədlərin müdafiə edilməsi haqqında da qərar verilə bilər.
Bu arada Müsavatın namizədlərinin bəzilərinin seçki təbliğatı aparmasına maneələr yaradıldığı haqda xəbərlər yayılıb. 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd olan İltizam Əkbərli namizədlərə yaradılmış seçkiqabağı təbliğat kampaniyasının şərtlərindən narazıdır.
Bu barədə fikirlərini musavat.com-la bölüşən İ.Əkbərli deyir: “Deputatlığa namizədlərin seçicilərlə görüşünə oktyabr ayının 9-dan başlanılsa da, İmişli rayonunun başçısı Vilyam Hacıyev mümkün görünən bütün vasitələrlə bu görüşləri məhdudlaşdırmağa çalışır. Seçki Məcəlləsinin 86.2-ci maddəsinə uyğun olaraq görüşlər üçün müvafiq yerlər ayıran başçı əslində əhalinin aktiv hissəsinin yaşadığı ərazidə faktiki olaraq, bu görüşləri qadağan edib”.
123 saylı Kəlbəcər seşki dairəsindən deputatlığa namizəd İsgəndər Həmidovun isə öz seçiciləri görüşünə polis müdaxilə edib. Bu haqda “Bastainfo.az” saytına İsgəndər Həmidovun səlahiyyətli nümayəndəsi Akif Həsənov məlumat verib: “İsgəndər bəy bundan əvvəl seçicilərlə artıq iki görüş keçirib. Dünən 7-ci mikrorayon ərazisində Kooperasiya Texnukumunun yataqxanasında məskunlaşan kəlbəcərli seçicilərlə növbəti görüşümüz planlaşdırılmışdı. Amma görüş ərəfəsində 4-cü polis bölməsindən bir kapitan mənə 0553801362 telefon nömrəsi ilə zəng edib dedi ki, görüşə imkan verilməyəcək. Həmçinin görüşün keçiriləcəyi yerə polis əməkdaşları gəldi və seçicilərə hədə-qorxu gələrək, görüşün baş tutmasına imkan vermədilər”.
“Dairə seçki komissiyasına bu görüşün keçiriləcəyi haqda məlumat vermişdinizmi” sualını cavablandıran Akif Həsənov qeyd etdi ki, Kəlbəcər rayonu işğal altında olduğu üçün burada görüşlər üçün xüsusi yerlər müəyyənləşməyib: “DSK-dan yer istəmişik, deyiblər ki, seçicilər müxtəlif rayonlarda məskunlaşdığı üçün xüsusi yerlər yoxdur. Deyiblər ki, özünüz harda imkan tapsanız, orda görüş keçirə bilərsiz. Bundan əvvəl keçirilən görüşlərdə seçicilər İsgəndər bəyi çox böyük rəğbətlə qarşılayıblar. Ona görə narahat olublar və görüşlərimizi əngəlləmək istəyirlər”.
Cia.az
