|
Büdcə müzakirələri bitdi,

Deputatlar bağlanan iş yerlərinin bərpası, ipoteka güzəştləri, şəhid və əlil ailələrinin problemləri barədə hökumətə təkliflər verdilər; iclasda məlum oldu ki, tənqidə görə parlamentarların salamını almayan məmurlar da varmış 

 


Oktyabrın 14-də Milli Məclis “2016-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsini spiker Oqtay Əsədovun sədrliyi ilə davam etdir. İclasda baş nazir Artur Rəsizadə iştirak etməsə də, Nazirlər Kabinetinin bir sıra üzvləri müzakirələrə qatılıb. Deputatlar müzakirələr boyu prezidentin büdcədən qənaətlə istifadə etməyin zəruriliyi barədə dediklərinə istinad etdi, indiki dövrdə əlavə vəsait tələb etməyin düzgün olmadığını deməklə yanaşı, ehtiyatlı şəkildə daha zəruri problemlərin həlli üçün maliyyənin artırılmasını istədilər. 
 
Deputat İlham Məmmədov çıxışında kənd təsərrüfatının inkişafına diqqət yetirilməsini zəruri saydı, qeyd etdi ki, bu sektora diqqət gələcəkdə qeyri-neft sektorunun inkişaf etməsi üçün ən əsas amillərdən biri demək olacaq. 
 
O, bölgələrdə suvarma işləri ilə bağlı subartezian quyularının vurulması üçün büdcədə əlavə xərclərin nəzərdə tutulmasını təklif etdi: “2016-cı ilin büdcə layihəsi reallığa əsasən hazırlanıb. Dünyada iqtisadi xaos və böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunması yüksək peşəkarlıq tələb edir. Maliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası... Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir”.  
 
O, 2016-cı ilin dövlət büdcəsinin sosialyönümlü olmasının insanların rifahı üçün önəmliliyini vurğuladı: "Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişafına şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək".  
Rafiq Məmmədhəsənov Gədəbəyin 123 km-lik ərazisində sərhəd kəndlərinin yerləşdiryini deyib onların, eyni zamanda Tovuz sakinlərinin xahişini hökumətə çatdırdı: “Onların dövlətdən bir xahişi var: bizim kəndlərə qaz çəkin, başqa heç nə istəmirik”. 
 
Jalə Əliyeva büdcə layihəsinin “akademik səviyyədə” hazırlandığını söylədi. Xanım deputat aztəminatlı ailələrin mənzil problemlərinin həlli üçün sosial mənzillərin tikilməsi, ipoteka şərtlərinin azaldılması, müəllim və həkimlərin ipotekadan bəhrələnməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsini vacib saydı: “...Aztəminatlı ailələrə sosial evlərin tikilməsi üçün əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi, ipoteka şərtlərinin yündgülləşdirilməsi, təhsil, səhiyyə işçilərinin ipoteka almasına yardımçı olmaq vacibdir. Çox vəsait tələb etməyən layihələr üçün dövlətimizin imkanı var. Ölkədə aparılan qazlaşdırma siyasətinin bir hissəsi olaraq təmsil olunduğum Zərdab rayonunun Sarıqaya kəndinə qaz çəkilir. Lakin həmin evlərin bir hissəsinin Kür çayının bəndinə yaxın yerləşməsi ora qaz xəttinin çəkilməsində problemlər yaradır və kənddə qaz çəkilişi yarımçıq qalıb. Kəndə qaz çəkilişi bir neçə aydır gecikir və heç bir halda həllini tapmır. Hökumət üzvlərindən həmin kəndin ərazisindən keçən qaz layihəsinin reallaşması üçün mümkün olanları əsirgəməmələrini xahiş edirəm”.
 
Azay Quliyev büdcə layihəsini yüksək dəyərləndirdi. Deputat 30 min iş yerinin bağlanmasının ciddi mesaj olduğunu da qeyd etdi: “67 min iş yeri açılıb, onun 30 mini bağlanılıb.
 
Düşünürəm ki, bizim büdcənin diqqət göstərəcəyi əsas məsələlərdən olmalıdır. İxracyönümlü iqtisadiyyatın dəstəklənməsi, vergi güzəştləri, yaxud vergi mexanizmləri vasitəsilə stimullaşdırılması da hesab edirəm ki, çox mühüm məsələlər sırasındadır. Şirvan şəhəri ilə bağlı iki məsələni diqqətə çatdırmaq istəyirəm. Orada uşaq bağçası tikilməsinə ehtiyac var. Bu gün Şirvanda 7200 nəfər azyaşlı uşaq var və orada 560 yerlik uşaq bağçası fəaliyyət göstərir. ”Kürmost" deyilən ərazidə qəzaya uğrayan məktəbin təmiri çox vacibdir. Nazirlər Kabinetinin bununla bağlı qərarı da var".  
 
Eldar İbrahimov gələn ilin büdcəsində sosialyönümlü xərclərin üstünlük təşkil etməsinə diqqət çəkdi: “Bu, sübut edir ki, diqqət Azərbaycan xalqının rifahına yönəlib”. 
Sahibə Qafarova, Aqiyə Naxçıvanlı və Rəfael Hüseynov büdcə layihəsini müdafiə etməklə yanaşı, bəzi təkliflərini səsləndirdilər. Xanhüseyn Kazımlı yüksək səviyyədə hazırlanmış dövlət büdcəsinə səs vermək məqamının olduğunu bildirdi.
 
Astan Şahverdiyev də ipoteka kreditlərinin həcminin artırılması və faizlərin aşağı salınmasını zəruri saydı. 
 
Gövhər Baxşəliyeva problemlərdənsə, görülən işlərdən danışmağı məqbul hesab edib, təmsil olunduğu Bərdənin 104 kəndindən 94-ündə qazlaşmanın başa çatdığını, su təchizatının yaxşılaşdığını qeyd etdi. Eyni zamanda təkliflərini səsləndirdi. O, imkan olanda uşaq evlərindəki əlil uşaqlara baxan şəxslərin müavinətini artırmağı təklif etdi. 
 
Muxtar Babayev Sumqayıtda 65 yataqxananın olduğunu, onların əksəriyyətinin 60-cı illərdə tikildiyini söylədi: “Onların istismarı bitib, bəziləri qəzalı vəziyyətdədir. Heç olmasa onların təmirinə büdcədən vəsait ayrılması vacibdir”. 
 
Deputat Sumqayıtın istilik probleminin olduğunu da qeyd etdi. Dedi ki, istilik sisteminin bərpasına büdcədə cəmi 18 milyon nəzərdə tutulub: “Bu vəsaitin neçə faizi Sumqayıta ayrılacaq, deyə bilmərəm”.
 
Məlahət İbrahimqızı dedi ki, dünyada və bölgədə gedən prosesləri nəzərə alaraq büdcəmizin mükəmməl hazırlandığını deyə bilərik: “Avropanın bir çox ölkələrində kəmərsıxma prosesi gedir, gəlir vergiləri artırılır. Prezident öz çıxışında bir daha bizim prioritetlərimizin nədən ibarət olduğunu qeyd etdi”. 
 
Deputat BMT-də minilliyin inkişaf hədəfləri ilə bağlı ölkə prezidentinə “Cənub-Cənub” mükafatının verilməsini xatırlatdı və bildirdi ki, bu mükafat yoxsulluğun və işsizliyin aradan qaldırılması, ana, uşaq ölümünün azaldılması, təhsilin inkişafı, kənd təsərrüfatının inkişafı və sair məsələlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin təsdiqidir. 
 
Sevinc Fətəliyeva təmsil olunduğu dairənin problemlərindən, xüsusilə də Zığ və Hövsanın su, yol problemindən bəhs etdi, onların həllinə çağırdı. 
 
Əhliman Əhiraslanov 2015-ci ildən həyata keçirilən əhalinin və xəstəxanaların mərkəzləşmiş şəkildə dərmanla təchiz olunması ilə bağlı qəbul olunan qərarın yüksək səviyyədə həyata keçirildiyini dedi: “Bu gün elə bir cərrahiyyə əməliyyatları yoxdur ki, Avropada, Amerikada həyata keçirilsin, bizdə həyata keçirilməsin”. 
 
Abel Məhərrəmov bildirdi ki, büdcə zərfindəki məbləğ ümumi cari illə müqayisədə aşağı olsa da, deputatlar milli təəssübkeşlik və milli birlik məsələlərini əsas götürüb, büdcə layihəsini yüksək qiymətləndirir: “Bu da bizim milli birliyimizin təzahürüdür”. 

A.Məhərrəmov 2016-cı il büdcəsinin 2012-ci il büdcəsi ilə üst-üstə düşdüyünü qeyd etdi: “Amma həmin il biz 11-ci dövlət olaraq kosmosa süni peykimizi buraxdıq. Deməli, gələn il də uğurlarımız az olmayacaq”. 
 
A.Məhərrəmov dedi ki, rektoru olduğu BDU il ərzində 60-dan çox layihəni reallaşdırır ki, bunun da ümumi gəliri 5-7 milyon dollar olur: “Yəni biz özümüz də işləməliyik, yalnız büdcədən ayrılan vəsaiti gözləməməliyik”. 
 
A.Məhərrəmov ali təhsil müəssisələrindəki layihələrin maliyyələşməsini təklif etdi. 
 
Siyavuş Novruzov dedi ki, bir neçə gün öncə prezidentin ilin 9 ayının yekunları ilə bağlı çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir: "Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məslələrə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm". Deputat müzakirələri dayandırmağa çağırdı və bildirdi ki, bununla da hökumətə büdcəni nəzərdən keçirməyə imkan yaratmaq lazımdır.
 
Milli Məclis sədrinin müavini Bahar Muradova sahibkarların müdafiəsindən və problemli kreditlərdən danışdı. Vitse-spiker üzünü Mərkəzi Bankın rəhbərliyinə və hökumət üzvlərinə xitabən dedi: “Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan biz milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də orta və kiçik sahibkarlığın inkişafını, kreditləşmə prosesini sürətləndirmək lazımdır. Kiçik və orta sahibkarlıq mövcud olmadan Azərbaycan iqtisadiyyatını artıra bilmərik. Regionlarda çox saylı subyektlər açılıb və bir neçə aydan sonra bir-birinin ardınca bağlanır. Arqument kimi manatın məzənnəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir. Bu, ümumi səbəblərdir, amma burada başqa səbəblər də var. Biz neçə edə bilərik ki, orta və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olaq? Bunların qeydiyyatı aparılmalıdır ki, zamanında yaranmış kadr potensialı olan subyektlərin fəaliyyətinin davam etdirilməsi üçün nələr etmək olduğunu müəyyənləşdirək”. 
 
Bundan sonra spiker Oqtay Əsədov da müzakirələrin dayandırılmasını məqsədəuyğun saydı: “Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Oktyabr ayının 20-də büdcə layihəsinə səs verək”. Beləliklə, Milli Məclis hökumətə büdcəyə edilən təklifləri nəzərdən keçirərək 2016-cı yekun büdcə zərfini hazırlamaq üçün 6 gün vaxt verdi.
 
“Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. 
 
Yevda Abramov söz alaraq tənqidi fikirlərini səsləndirdi: “Milli Məclisdə səsləndirilən tənqidlərdən inciyən nazirlərdən bəziləri salamımızı da almırlar. Ancaq buna görə incimək lazım deyil. Mən şəxsən canımı, həyatımı partiyam üçün verməyə hazıram. Oqtay müəllim, əgər bilsəm ki, bu işin öhdəsindən siz gəlirsiniz, gəlib sizə yalvarardıq. Yaşayış minimumu bu gün yaşamaq üçün əl vermir. Amma nə etmək olar, həyat belədir. Bu gün Azərbaycan nefti elə bir səviyyədədir ki, xalqın alın təri ilə çıxarılan neft başqa ölkənin bir kağız parçası ilə dəyişdirilir. Bu gün dünya hansı oyunlardan keçir, bunu hər bir deputat bilir. Kim cənab prezidentə kömək etmirsə, onun yanında olmursa, Azərbaycanın çörəyi ona haram olsun. Qarabağ məsələsində müxalifətçilik, iqtidarçılıq olmamalıdır”.
 
Deputat bölgələrdəki problemlərdən də danışdı: “Biz seçkilərlə bağlı seçicilərlə zallarda görüş keçirik. Onlar qeyd edirlər ki, heç olmasa, siz gələndə bura isidilsin. Sayğac olan yerdə niyə mavi yanacaq az verilir. Ver qazı, al pulunu. Bu gün biz başqa ölkələrə qaz satırıq. Amma özümüz qazsız qalmışıq. Bir dəfə bunu demişdim: ”Aləmi bəzər, özü lüt gəzər". Müxalifət saytları yazdı ki, iqtidarın deputatı müxalifətə keçdi. Bunun müxalifətçiliklə nə əlaqəsi?»
 
Milli Məclisin 2016-cı il xərclər smetasının müzakirəsi zamanı parlamentin işlər müdiri Firidun Hacıyev bildirdi ki, gələn ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək. Onun sözlərinə görə, bu, 2015-ci illə müqayisədə 1 milyon 61 min 189 min manat azdır. Şöbə müdiri bildirdi ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.  F.Hacıyev sabiq deputatların bir illik əmək haqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini hökumətdən xahiş etdi.  
Spiker Oqtay Əsədov isə işlər müdirinə bildirdi ki, çıxışında xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat verməli idi:  “Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir, axır illərdə 50 kvadrat metrlik yerdə Milli Məclisin işçiləri üç növbədə nahar edirdilər. Çox sağ olsunlar, bunu nəzərə aldılar. Maşınlar Milli Məclisin həyətində sıxlıq yaradırdı. Bunun üçün də avtodayanacaq tikildi”.
 
Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsini isə qurumun sədri Vüqar Gülməmmədov təqdim etdi. 

Qeyd edək ki, hökumət qarşıdakı 6 gün ərzində büdcə layihəsinə yenidən baxacaq və parlamentə təqdim edəcək. Spiker Oqtay Əsədov sonda bildirdi ki, müzakirə olunan qanun layihələri oktyabr ayının 20-də Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulacaq.  Bununla da plenar iclas işini başa çatdırdı. 
Cia.az