“Oğlumun müstəntiq Ziya Əhmədov tərəfindən döyülməsi ilə əlaqədər baş prokurora, daxili işlər nazirinə, Qəbələ rayon prokuroru Məqsəd Orucova müraciət etsəm də günahkar şəxslərin müəyyən edilərək cəzalandırılması barədə hələ də heç bir tədbir görülməyib. Əksinə, Ziya Əhmədov şikayət edəcəyimiz təqdirdə oğluma müxtəlif yollarla hədə-qorxu gələrək onun barəsində cinayət işi açacağını deyir”.
Bunu virtualaz.org saytına müraciətində Qəbələ rayon sakini Eyyub Məmmədov deyib.
Şikayətçinin sözlərinə görə, oğlu Nemət Məmmədli yaxın qohumlarından birinin cinayət işi üzrə şahid qismində dindirilmək üçün bu il avqustun 6-da Qəbələ Rayon Polis Şöbəsinə (RPŞ) çağırılıb. Elə əsl həngamə də bundan sonra qopub.
E.Məmmədov iddia edir ki, Qəbələ RPŞ-nin müstəntiqi Ziya Əhmədov şahidi öz otağına çağıraraq ondan əvvəlcədən yazılmış kağızları imzalamağı tələb edib. Nemət Məmmədlinin sənədləri oxumaq istəməsi müstəntiqi özündən çıxarıb. Nəticədə şahid müstəntiq tərəfindən təhqir olunub, hətta döyülüb: “Nemət müstəntiqə deyib ki, verin kağızları oxuyum görüm nə yazılıb. Müstəntiq isə oğluma imkan verməyib, onu nalayiq söyüşlərlə söyüb təhqir edib. Bunlar da azmış kimi oğlumu vəhşicəsinə döyüb. Nemət işgəncələrə dözməyib, ona görə də mahiyyətini bilmədiyi kağızlara imza atmağa məcbur olub.
Oğlumun döyülməsini orada olan qaynım Ramin İsmayıllı və oğlu Sərxan İsmayıllı da (Sərxan İsmayıllı Nemətin dayısı oğludur. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi açılıb-red.) görüblər. Müstəntiq Neməti döyüb, sonra da otaqdan qovub. Qaynım Ramin oğlumu polis şöbəsinin inzibati binasından çıxarıb, elə həyətdəcə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq döyülmə faktı ilə bağlı məlumat verib”.
Şikayətçinin dediklərindən belə məlum olur ki, həmin gün 102 xidmətinə bir neçə dəfə zəng olunub. Hər dəfə onlara aidiyyəti şəxslər tərəfindən qəbul olunacaqları bildirilib. Bir neçə saat gözləsələr də onları qəbul edən olmayıb. Hətta gec olduğundan xəstəxanaya da gedə bilməyiblər.
Ertəsi gün isə N.Məmmədli aldığı xəsarətlərlə əlaqədar və səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya müraciət edib. Müayinə zamanı Nemətin sol gicgah nahiyəsində şişkinlik, sağ dizində sıyrıqlar müəyyən olunub, bununla əlaqədar müalicə alıb.
E.Məmmədovun dediklərindən: “Oğlum Nemətin müstəntiq Ziya Əhmədov tərəfindən döyülməsi ilə əlaqədər dəfələrlə müxtəlif dövlət orqanlarına, o cümlədən baş prokurora, daxili işlər nazirinə, Qəbələ rayon prokuroru Məqsəd Orucova müraciət etsəm də günahkar şəxslərin müəyyən edilərək cəzalandırılması barədə bu günədək də heç bir tədbir görülməyib. Əksinə, Ziya Əhmədov şikayət edəcəyimiz təqdirdə oğlum Nemətə müxtəlif yollarla hədə-qorxu gələrək onun barəsində cinayət işi başlayacağını deyir.
Döyülmə faktı ilə bağlı Qəbələ Rayon Prokurorluğuna müraciət etsək də müraciətdən uzun müddət keçməsinə baxmayaraq bu günə kimi heç bir araşdırma aparılmayıb, aparılıbsa da bu barədə bizə heç bir məlumat verilməyib.
Nemətin aldığı xəsarətlərlə əlaqədar dərhal ekspertiza təyin olunmalı idi. Amma Qəbələ Rayon Prokurorluğu bunu vaxtında etmədi, nəticədə oğlumun bədənindəki xəsarətlər sağaldı, iz itdi. Sonra Neməti müayinə olunmaq üçün ekspertizaya göndərdilər. Məqsəd Ziya Əhmədovun və öz qanunsuz əməllərini gizlətmək olub. Eyni zamanda Nemətin döyülmə faktını araşdıran Qəbələ Rayon Prokurorluğunun müstəntiqi Seymur Əsgərov prokurorun göstərişi əsasında Ziya Əhmədovun qanunsuz əməllərini ört-basdır edəcəklərini və sonuncunun bütün bunları Məqsəd Orucovun göstərişi əsasında etdiyini bildirib”.
Eyyub Məmmədov deyir ki, hər yana şikayət etmələrinə baxmayaraq müstəntiq yenidən Neməti Qəbələ Rayon Polis Şöbəsinə çağırtdırıb və növbəti sənədlərə imza atmağa məcbur edib. Əks təqdirdə ötən dəfəkindən pis hala salınacağı ilə hədələyib: “Deyib ki, qardaşım prokurordur, mənə heç kim heç nə edə bilməz. Nemət də qorxusundan sənədləri imzalayıb. Oğlum orada yazılanların nədən ibarət olduğunu bu günə kimi də bilmir.
Ən dəhşətlisi odur ki, müstəntiq bizimlə söhbət edərkən Nemətin və qohumum Sərxanın döyülməsini və tutulmasını ona Qəbələ rayon prokuroru Məqsəd Orucov, onun müavini Elçin Sadıqov və istintaq bölməsinin rəisi Seymur Əfəndiyev tərəfindən göstəriş verildiyini deyib”.
E.Məmmədov baş verənlərlə bağlı ölkə başçısına müraciət ünvanlayıb:“Cənab prezident! Oğlum Nemət Məmmədlinin müstəntiq Ziya Əhmədov tərəfindən döyülməsi ilə bağlı obyektiv, qərəzsiz araşdırma aparılmasına, Qəbələ Rayon Polis Şöbəsi istintaq bölməsinin müstəntiqi Ziya Əhmədovun və onun qanunsuz əməllərinə göz yuman vəzifəli şəxslər barədə qanuna müvafiq tədbirlər görülməsinə dair aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm”.
N.Məmmədlinin vəkili Elnur Quliyev də virtualaz.org saytınaaçıqlamasında aidiyyəti orqanlara müraciət olunduğunu, lakin bu günə kimi heç bir müsbət nəticə əldə edilmədiyini bildirib.
P.S. Səslənən bu iddialara münasibət öyrənmək üçün Qəbələ RPŞ-nin müstəntiqi Ziya Əhmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Müstəntiqlə əlaqə yaratmağa bir neçə gün ərzində dəfələrlə cəhd etsək də o, telefon zənglərimizə cavab vermədi. Bununla belə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Cia.az
