|
Keçmiş arvadını moteldə öldürən kişiyə 15 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1980-cı il təvəllüdlü Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Zaur İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zöhrab İsmayılov həyat yoldaşı 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda "VAZ 2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını izləyərkən onların motelə daxil olduğunun şahidi olub. Z.İsmayılov əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi "VAZ 2107" markalı maşının təkərlərini bıçaqla deşərək boşaldıb. Sonra otağa daxil olan Z.İsmayılov V.Abdullayeva ilə mübahisə edərək "Burada nə gəzirsən" deyə soruşub. Cavabında qadın onu təhqir edib. Bu zaman Z.İsmayılov üzərində gəzdirdiyi bıçaqla V.Abdullayevaya zərbələr endirib. Qadın aldığı xəsarətdən dünyasını dəyişib.

Onu da qeyd edək ki, Z.İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşı V.Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq, onlar bir evdə yaşayırlarmış.

Cia.az