XİN-dən açıqlama: “Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsassız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır”
ATƏT-in baş katibi Lamberto Zanyer srağagün Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığının əldə olunmaması təəssüf doğurur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə “Trend”ə açıqlamasında deyib ki, ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün DTİHB-ə dəvət göndərilib. DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış hesabata XİN rəsmi məktubla razı olmadığı məqamlar üzrə əsaslandırılmış cavab təqdim edib: “Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib”.
XİN rəsmisi bildirib ki, məntiqi izah vermək əvəzinə ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub: “1992-ci il Helsinki sənədinə əsasən, ATƏT/DTİHB-in əsas rolu üzv dövlətlərə insan hüquqları ölçüləri üzrə öhdəliklərinin həyata keçirilməsinə yardım etməkdir. 1994-cü il ATƏT-in Budapeşt sammitinin qərarına görə isə ATƏT/DTİHB-in məşvərətçi funksiyaların yerinə yetirilməsinə dair rolu müəyyən edilib. Budapeşt sənədində deyilir: ”DTİHB fəaliyyətdə olan sədrlə məsləhətləşərək və məşvərətçi rolunda çıxış edərək, Daimi Şuranın müzakirələrində iştirak edir və həyata keçirilmiş məsələlər üzrə məlumat təqdim edir. Fəaliyyətdə olan sədrlə sıx məsləhətləşmə şəraitində DTİHB-in rəhbəri növbəti addımları təklif edə bilər". Göründüyü kimi, ATƏT/DTİHB-in fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlətlə məsləhətləşmə aparmadan birtərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi halda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir. Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsassız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır".
H.Hacıyev bəyan edib ki, seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur.
ATƏT-in fundamental sənədlərinə və mandatına uyğun olaraq, DTİHB sözügedən məsələ üzrə fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlətlə məsləhətləşərək, ATƏT-in Daimi Şurasına konstruktiv təkliflər verməlidir: “Azərbaycan ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Parlament seçkilərinin müşahidə edilməsi üçün ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir”.
Qeyd edək ki, ATƏT-lə yanaşı, Avropa Parlamenti də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə göndərməyəcək.
Politoloq Natiq Miri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda seçkilərin Rusiya modeli ilə keçiriləcəyi barədə proqnozlar özünü doğruldub. Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə müşahidə olunan gərginlik də bununla bağlıdır. Qərb Rusiya modeli ilə keçirilən seçkinin nəticələrini tanımamaq üçün zəmin hazırlayır: “Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsünün ”aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsassız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır" bəyanatı əslində artıq hakimiyyətdə nüfuzlu beynəlxalq qurumların seçkiyə mənfi qiymət verəcəyindən narahatlıq yaranmasının göstəricisi sayıla bilər. Hakimiyyət də artıq hiss edir ki, ATƏT kimi qurumların seçkini müşahidədən kənarda qalması işin xeyrindən çox zərərinə işləyə bilər. Ola bilsin ki, hakimiyyətdə daha müfəssəl informasiya və rəy var ki, bu gedişlə Qərb parlament seçkilərinin nəticələrini tanımayacaq, parlament legitim parlament sayılmayacaq. Böyük ehtimalla Qərb də anti-Qərb qüvvələrdən təşkil edilmiş parlamenti tanımayacaq.
Hakimiyyətdə nəzəri olaraq belə bir illüziya yarana bilər ki, ATƏT, Avropa Parlamenti kimi qurumların seçkiləri müşahidəçilikdən imtinası, müxalifətin isə seçkidən geri çəkilməsi onun xeyrinədir. Hətta mümkündür ki, belə bir vəziyyətin yaranması üçün iqtidarda əvvəldən plan olub. Lakin belədirsə, çox yanlış taktikadır. Hakimiyyətin məhz belə bir planla hərəkət etdiyi hiss edilir. Ancaq bu taktika sonda hakimiyyətin özünün, həmçinin ölkəmizin zərərinə işləyəcək. Artıq indidən ATƏT, Avropa Parlamenti-Qərb dünyası 1 noyabrda formalaşacaq parlamentin qeyri-legitim olacağı barədə fikir yarada bilib, bu mövqeyi rəsmi mövqeyə çevirmək üçün hazırlıq görüb, zəmin yaradıb".
Ekspert vurğuladı ki, parlamentin qeyri-legitim elan olunması böyük təhlükədir: “Seçkinin nəticələrini tanımasa və parlament qeyri-legitim elan edilsə, bu, hakimiyyət üçün çox böyük problemlər yaradacaq. Bu, ölkənin beynəlxalq izolyasiya təhlükəsinə girməsi demək olacaq. Belə vəziyyətdə Azərbaycan hakimiyyəti üçün işləmək çox çətin olacaq. Qərb bunun üçün zəmin hazırlayır. XİN rəsmisinin yuxarıda qeyd etdiyimiz açıqlamasından da görünür ki, artıq hakimiyyət də bunun fərqinə varmağa başlayır. Ona görə də indidən bəyan edilir ki, seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur".
Cia.az
