Rusiyanın Xəzər dənizindəki hərbi donanmasından Suriyadakı hədəflərə ən müasir qanadlı raketlərlə zərbələr endirməsi dünyanın əsas müzakirə mövzusuna çevrilməkdədir.
Ötən həftə sonu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1" telekanalına müsahibəsində də bu hadisədən bəhs edib. Virtualaz.org saytı xəbər verir ki, müsahibə əsasən Rusiyanın Suriyada başlatdığı əməliyyatlara həsr olunub. Putin müsahibədə Rusiya donanmasının gəmilərinin Xəzər dənizindən Suriyadakı hədəflərə ”Kalibr" qanadlı raketləri ilə zərbə endirməsindən də danışıb və ilk dəfə bu raketlərin texniki xarakteristikasını açıqlayıb. “Bu, əslində məxfi informasiya deyil. Marşrut boyu bu raketlər 147 dəfə dönmə həyata keçirib, 80 metrdən 1300 metrə qədər hündürlükdə uçub. Sürəti reaktiv təyyarənin sürəti ilə müqayisə olunandır” deyə, Putin bildirib. Onun sözlərinə görə, xarici partnyorlar Rusiyanın yüksək texnoloji silahları və bu silahlardan istifadə edən mütəxəssisləri olduğu haqda məlumatlıdır. Lakin bu haqda ekspert səviyyəsində məlumatlı olmaq bir işdir, həmin silahların tətbiq olunduğunu görmək başqa işdir. “Rusiyanın bu silahlardan dövlətimizin və rus xalqının milli maraqları naminə istifadə etmək iradəsinin olduğunu hamı gördü”- Putin deyib.
Rusiya liderinin bildirdiyinə görə, Rusiyanın ABŞ-da olduğu kimi 4500 kilometr məsafədə hədəfləri vuran raketləri də var. Bu silahlar “hava-yer” tiplidir və deməli, onlardan Rusiyanın hava məkanından istifadə etmək mümkündür. Putin Rusiyanın Suriyadakı İŞİD hədəflərini yox, “mötədil müxalifəti” vurduğu haqda tənqidlərə də cavab verib: “Biz onlara dedik: əgər siz İŞİD-in mövqelərini daha yaxşı bilirsinizsə,- hansı ki, mən buna şübhə edirəm,- o zaman bizə hədəflərin koordinatlarını verin, biz onlarla məşğul olaq.
Ancaq onlar imtina etdilər”. “Bizə hədəfləri verin. Bundan sadə nə var?” - deyə, Rusiya dövlət başçısı təəccüblə bildirib.
Beynəlxalq miqyasda aparılan müzakirələrdə isə məsələyə fərqli kontekstdən yanaşılır. Əsas mövqe bundan ibarətdir ki, Rusiyanın Xəzər dənizindən “Kalibr” raketləri ilə Suriyaya zərbələr endirməsi tamamilə təbliğat xarakteri daşıyırdı və nümayişkaranə addım idi. Hesab olunur ki, hərbi baxımdan Suriyadakı hədəflərə 1500 kilometr məsafədən qanadlı raketlərlə zərbə endirməyə ehtiyac yox idi və Suriyada dislokasiya olunmuş Rusiya aviaqruplaşması da həmin hədəfləri asanlıqla vura bilərdi. Ekspertlərə görə, uzaqmənzilli qanadlı raketlərlə hədəflərə zərbə endirilməsi o zaman tətbiq olunur ki, düşmənin güclü Hava Hücumundan Müdafiə Sistemi olsun və bombardmançı-qırıcı təyyarələrin bu müdafiə sistemini keçməsi böyük risk daşısın. Polşanın nüfuzlu “Gazeta Wyborcza” qəzeti Rusiyanın Xəzər dənizi akvatoriyasından Suriyadakı mövqelərə 26 “Kalibr” raketi buraxmasını Kremlin təbliğat cəbhəsində növbəti qələbəsi adlandırıb. “Bu əməliyyatla Kreml eyni vaxtda bir neçə məqsədə çatdı: birincisi, o, dünyaya nümayiş etdirdi ki, heybətli müasir silaha malikdir. Axı bu raketlər Qara dəniz akvatoriyasından buraxılsa təkcə Yunanıstan və Rumıniyadakı hədəfləri deyil, hətta İtaliya və Almaniyanı vura bilər. Baltik dənizindən buraxılsa Skandinaviya ölkələrini vurar”-qəzet yazır.
“Gazeta Wyborcza” hesab edir ki, Rusiya bu addımı ilə SSRİ-nin dağılmasından sonra Xəzər dənizi və onun sərvətləri uğrunda rəqabət apardığı qonşularını qorxutmuş oldu. “Növbəti dəfə ”Kalibr" Azərbaycanın və ya Qazaxıstanın yaradılmaqda olan donanmasına zərbə endirə bilər. Və üçüncüsü, uğurlu raket hücumu müştəriləri getdikcə artan Rusiya silahlarının özünəməxsus reklamı oldu" - Polşa nəşri vurğulayır.
Rusiyanın Xəzərdəki donanmasından İran-İraq marşrutu üzrə Suriyadakı hədəfləri vurması Azərbaycan üçün risklər yaradır. Müşahidəçilərin fikrincə, nəzəri cəhətdən ABŞ başda olmaqla, NATO qüvvələrinin də günün birində Rusiyanın Xəzərdəki donanmasına cavab zərbələri endirməsi mümkündür. İndiki situasiyada İŞİD, yaxu, Suriya müxalifəti müasir raketlərə malik deyil. Ancaq günün birində ələ keçirilən silah arsenalı Suriyadakı terrorçulara bu imkanı da qazandıra bilər. Onsuz da İŞİD-in təhdid etdiyi ölkələr sırasında Azərbaycanın da var və Rusiyanın son addımları ilə ölkəmizə yönəlik təhlükələr artmış oldu. Əgər Rusiya kimi geniş imkanlara sahib bir ölkə Suriya əvəzinə, İranın yaşayış məntəqələrini vurdusa, o halda Rusiyanın gəmilərinə tuşlanmış raketlər Xəzərin Azərbaycan sektoruna, yaxud elə quru ərazilərimizə düşə bilər. Hər halda, bütün bunlar nəzəri cəhətdən mümkün sayılır.
Politoloq Natiq Miri isə hesab edir ki, ikinci belə bir hadisənin baş verməsi mümkün deyil: “O mənada ki, Rusiya artıq bütün dünya güclərinə vermək istədiyi mesajını çatdırdı. Məsələ ondan ibarət idi ki, Rusiya yaxın və uzaq mənzilli raketlərlə istədiyi hədəfi vurmaq ixtiyarının olduğunu və bu cəsarətin sahibi olduğunu dünya güclərinə göstərdi. İkincisi də Xəzər hövzəsindən Suriyanın vurulması Avropa və bütövlükdə Qərbin təhlükəsizliyi ilə bağlı mövcud fikirlərin darmadağın olması deməkdir. Mesaj Qərb dövlətləri tərəfindən alındı və Rusiyanın addımına çox kəskin reaksiya verdilər. Reaksiyalar göstərir ki, NATO-nun bundan sonra da genişləndirilməsi və gücləndirilməsi prosesi davam edəcək”. Azərbaycanın proseslərin gedişində zərər görə bilməsi ehtimalına gəldikdə, N.Miri bunu mümkün saydı: “Təbii ki, söhbət təkcə Qərbdən getmir. Bu gün terror qruplaşmalarına silah verən bir çox maliyyə gücləri var ki, onlar müasir raket qurğularını terrorçulara sata bilərlər. O baxımdan terror qruplaşmalarının Rusiya donanmasına əks zərbəsi mümkün haldır. O halda Azərbaycan və Xəzər bölgəsi təhlükə altına düşəcək. Azərbaycan ilk gündən Rusiyaya nota verməli idi ki, onun razılığı olmadan Azərbaycan sərhədləri yaxınılığından Suriya vuruldu. Bu raketlər yalnız 500 km məsafə üçün nəzərdə tutulurdu. Görünür, ABŞ-la razılaşma pozulub və Rusiya raketlərini 1500, həmçinin daha çox məsafəni vurmaq halına gətirib. İstənilən halda bu, nə Azərbaycan, nə də region dövlətləri adına xoş hadisə deyil. Eyni zamanda bu, Rusiyanın ipə-sapa yatmadığını təsdiqləyən hadisədir. Növbəti dəfə belə hadisə olacaqsa, çox sərt adekvat reaksiya veriləcək, Rusiyaya qarşı təkcə Suriyadan deyil, həmçinin Ukraynadan cəbhə açılacaq. Bu da Rusiya üçün xoş gələcək vəd etmir”.
Cia.az
