|
Dövlət başçısının mesajı-

Bəzi ekspertlər mesajları neft pullarının azalmasının səbəbi kimi qiymətləndirir, bəziləri isə problemlərin həllində siyasi iradənin yaranması ilə... 

Oktyabrın 12-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Manatın devalvasiyasından sonra xarici borcun artdığını vurğulayan dövlət başçısı, iş yerlərindən də danışıb: “Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir... Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb”. Dövlət başçısı çıxışında vurğulayıb ki, maliyyə nizam-intizamı gücləndirilməlidir, israfçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik". 
 
Onun sözlərinə görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır. Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır: “Yəni başqa sözlə, onlardan rüşvət heç bir haqq tələb edilməməlidir”. 
 
İlham Əliyev çıxışı zamanı bir neçə dəfə korrupsiyadan danışıb: “Ancaq mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və rüşvətxorluqla bağlıdır. Ona görə korrupsiya, rüşvətxorluq, sadəcə olaraq, ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir”. 
 
O, sahibkarlara qarşı aparılan yoxlamalardan da danışıb: “Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir.  Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq. Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə- nə yerli icra orqanlarının, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”. İlham Əliyev vurğulayıb ki, iqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır.
Ekspertlər dövlət başçısının çıxışından çıxan nəticələrdən danışıblar. Ekspert Qubad İbadoğlunun fikrincə, son müşavirənin iqtisadi sahədə əsas tezisləri sirasında büdcə vəsaitinin qənaətlə işlədilməsi və sahibkarlardan əsassız ödəmələrin tələb olunmaması diqqəti daha çox cəlb edib: “Hər iki məsələnin indiki situasiyada əhəmiyyətini dəyərləndirməklə yanaşı, hesab edirəm ki, hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri də daxildə əlavə maliyyə qaynaqlarının tapılması və xaricdən birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Nəzərə alsaq ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb və ölkəmiz dünyanın 40 ən rəqabətli ölkəsi ilə bir qrupdadır. Bu halda xarici investisiyaların təşviqi vasitəsilə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti dayanıqlı iqtisadi artımın təmin edilməsini şərtləndirə bilər. Odur ki, investorlar Azərbaycanda qanunvericiliyin, xüsusilə də vergi və gömrük rejiminin dəyişdirilməsindən qaynaqlanan təsirlərdən sığortalanmalı və onlara  bəzi təminatlar verilməlidir. Çünki son zamanlar vergi qanunvericiliyinin qeyri-əlverişli şərtlərlə dəyişdirilərək sərtləşdirilməsi nəticəsində əlaqədar orqanların əsassız yoxlamaları və haqsız cərimələri fonunda bir qrup tərəfindən başqa bir qrupun mülkiyyətinin icbari, zorakılıq yolu ilə qəsb edilməsi, kiçik və orta sahibkarların bir sinif kimi sıradan çıxarılması təhlükəsi yaradıb”. 
 
Ekspertin sözlərinə görə, Azərbaycanda postneft dövtünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnistiyası olmalıdır: “Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması, xaricə aparılan kapitalın geri qaytarılması, getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnistiyasının elan olunması zəruriyyətə çevrilib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektləri, biznes qurumlarının fəaliyyətinin təşfiqinə xidmət edə və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə töhfə ola bilər. Hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq hökumətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə ”təmiz səhifə"dən başlanılmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir". 
Ekspert Vüqar Bayramov isə bildirib ki, İlham Əliyevin çıxışında vurğulanan məqamlar artıq problemlərin həllində siyasi iradənin olmasının göstəricisidir. Bu da həmin sadalanan problemlərin həllinə ümidi artırır:“Dövlət başçısının sahibkarlıq fəaliyyəti, idxaldakı problemlər, inhisarçılıq və sair məsələlər barədə fikirləri artıq sübut edir ki, o, məlumatlıdır. Dövlət başçısı sahibkarın üzləşdiyi çətinlikdən məlumatlıdır. Həmçinin dövlət başçısı birmənalı olaraq sahibkarların yanındadır. Bir neçə aydır ki, sahibkarların problemlərinin həlli istiqamətində addımlar atılır. Məsələn, ASAN Xidmətin səlahiyyətləri genişləndirildi. Bir sıra lisenziyalar ASAN Xidmətə transfer edildi. İdxalda monopoliyanın aradan qaldırılması üçün istifadə edilə biləcək metodlardan biri ASAN Xidmətə ödəmələrin edilməsidir. Sahibkarla məmur arasında ünsiyyətin minimum enməsi problemləri azaldır. Yəni problemlərin həllində siyasi iradə var”.
Cia.az