|
Qarabağ danışıqlarında ən uzun pauza və artan savaş riskləri
İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan eləməsinə vasitəçi dövlətlərin reaksiyası təəssüf ki, adekvat olmadı, yalnız ümumi sözlərlə kifayətlənildi. Bu da əslində hər üç ölkənin təcavüzkara münasibətində illərdir sərgilədiyi gizli təəssübkeşliyi, konfliktə ikili standart yanaşmanı ortaya qoymuş oldu.
Cənubi Qafqazın ən üzücü və “uzunömürlü” münaqişəsi kimi Dağlıq Qarabağ məsələsinin həllinin on illərdir dalana dirənməsinin səbəblərindən biri də sözsüz ki, budur. Bu harasıdır, Sərkisyanın ardınca Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Azərbaycana hədə biçərək bəyan elədi ki, müharibə başlayarsa, İrəvan separatçı rejimin “müstəqilliyini” tanıya bilər.
 
Hələlik bu avantüraya yalnız ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik reaksiya verib. Uorlik erməni tərəfini xəbərdar edərək bildirib ki, separatçı rejimin “Dağlıq Qarabağ” respublikasının “müstəqilliyini” tanıması danışıqların dərhal dayanması və Azərbaycanın təhlükəli hərbi cavabına, müharibəyə gətirə bilər. Diplomat daha sonra həm Ermənistanın, həm Azərbaycanın münaqişənin sülh yolu ilə tənzimlənməsi barədə götürdüyü öhdəlikləri xatırladıb. “Biz danışıqlar yolu ilə tərəflər arasında işi davam etdirməyə hazırıq” - əlavə edib Uorlik.
 
***
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və tapacaq. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil”. Bu sözləri isə 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr ölünmüş müşavirədə Azərbaycan prezidenti İlham Əliyev söyləyib. 
 
Sərkisyanın Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunan ölkə başçısı bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır:“Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi, müstəqil qurum kimi qəbul etmir, qəbul etməyəcək. Ona görə bu, çox qəribə, yumşaq desək, qeyri-adekvat və görünür ki, çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də onun rəhbərliyini biabır edir. Çünki hər bir insan danışdığının məsuliyyətini daşımalıdır, xüsusilə böyük vəzifə sahibləri. Ancaq xunta rejimindən bundan artığını gözləmək də çətindir. Çünki Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Azərbaycan torpaqlarının işğalında dinc əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətində fəal iştirak edənlərdir. Onlardan bundan artığını gözləmək mümkün deyil”. 
 
“Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz” - deyən İlham Əliyev daha sonra bildirib ki, iqtisadi və hərbi potensialı Azərbaycanın gücünü daha da artırıb.
Prezident bu xüsusda vurğulayıb: “Daim diqqət mərkəzimizdə olan sahə ordu quruculuğudur. Biz bu sahəyə böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər”. 
 
Onun sözlərinə görə, ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq: “Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir... Təmas xəttinə yaxın bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttində biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.
 
Burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Yəni Ermənistan torpaqlarımızda işğalçılıq siyasəti aparır. Əfsus ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmir və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə biz onların cəzasını verəcəyik. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik".
 
*** 
Münaqişə tərəfləri arasında güclənən belə kəskin qarşıdurma və ritorika fonunda isə həmsədrlər bu ayın axırında təzədən bölgəyə səfər edərək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil eləməyə çalışacaqlar. Təbii ki, bununla onlar heç olmasa, bir qədər Qarabağ konflikti zonasında müharibə risklərini azaltmağa ümid edirlər. Ancaq işğalçıya davam edən loyal münasibət fonunda hədəfə çatmaq mümkün olacaqmı, rəsmi Bakı Dağlıq Qarabağı həyasızcasına öz tərkib hissəsi" sayan Ermənistanın prezidenti ilə daha bir görüşə razılıq verəcəkmi? Söyləmək çətindir.
Yada salaq ki, İlham Əliyevlə Serj Sərkisyan arasında sonuncu dəfə birbaşa görüş Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə ötən il oktyabrın 27-də Parisdə, Yelisey sarayında baş tutub. Yəni təxminən 1 il öncə. Bu, 22 illik danışıqlar prosesində faktiki, ən uzun çəkən pauzadır. 
 
*** 
Bu arada yeni Qarabağ savaşından qorxuya düşən İrəvanın savaş başlayacağı halda öz əsas müttəfiqi Rusiyanın onun tərəfində olacağına dair Kremldən etibarlı zəmanət almağa çalışdığı müşahidə edilməkdədir. Belə bir istək Rusiyanın “mini-NATO”su sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda təzəcə başa çatan hərbi təlimləri zamanı Sərkisyanla qurumun baş katibi Nikolay Bordyuja arasında keçirilən təmaslar zamanı da  diqqət çəkid. 
 
Lakin “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, atəşkəsin pozulması və itkilərin artması Ermənistana nümayiş etdirib ki, müharibənin başlayacağı halda KTMT prosesə qarışmayacaq. Onun sözlərinə görə, rəsmi Bakının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməkdir. 
 
“Görünür, cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsi məhz BMT sessiyası ilə bağlı idi. Məhz BMT-nin 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Prezidenti İlham Əliyevin BMT sessiyasında iştirak etməməsi məhz bu stukturun gözləmə mövqeyində dayanmasına, Ermənistana təzyiq etməməsinə bir etiraz forması idi” - qeyd edib ekspert. 
 
 
 
O hesab edir ki, müharibənin başlama ehtimalı İrəvanı ciddi narahat edir: “Çünki Ermənistanın müharibə aparması üçün resursları azdır. Müharibə Ermənistan hakimiyyəti üçün həm insan itkisi, həm də iqtisadi və sosial gərginliyin artması deməkdir. Ermənistan hakimiyyəti, sadəcə, Dağlıq Qarabağın status-kvosunu qorumağa çalışır. Bu isə uzun müddət davam edə bilməz. Çünki danışıqlardan ümidini itirən Bakı status-kvonu hərbi yolla dəyişmək haqqında düşünür. Belə vəziyyətdə Ermənistan hakimiyyəti Kremldən dəstək gözləyir. Rəsmi İrəvan istəyir ki, atəşkəsi pozduğuna görə Rusiya hakimiyyəti Bakıya ciddi xəbərdarlıq etsin. Ancaq cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsinə baxmayaraq, bu vaxta qədər Kreml Azərbaycan hakimiyyətinə narazılığını çatdırmayıb, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi açıqlama verməyib. Bu cür mövqe isə Ermənistan hakimiyyətini qane etmir”.
Kremlin Bakı ilə münasibətləri korlamaqdan çəkindiyini deyən Şahinoğlu Rusiyanın ölkəmizə qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) istifadə etdiyini bildirib: “Aydındır ki, Kreml Ermənistanı nəzarət altında saxlamaq üçün bu ölkəni müharibədən qorumalıdır. Ancaq Kreml Ermənistana görə Azərbaycanla münasibətləri də korlamaq istəmir.
 
Ermənistanda həm də ondan qorxurlar ki, Kreml rəsmi Bakı ilə sövdələşməyə gedib, işğal altındakı torpaqların boşaldılması məsələsində Ermənistana təzyiq edə bilər”. 
 
Əlavə edək ki, bir sıra yerli və xarici analitiklər Bakı ilə Moskva arasında son zamanlar bu yöndə danışıqlar getdiyini istisna etmirlər.
Cia.az